Modern.az

“Novruz bayramı şirniyyatlarının dərin fəlsəfi və gizli mənaları var” - MÜSAHİBƏ

“Novruz bayramı şirniyyatlarının dərin fəlsəfi və gizli mənaları var” - MÜSAHİBƏ

21 Mart 2015, 15:36


Bu gün yazın ilk günüdür. Bahar öz gəlişini əsrlərdən bəri Novruzla, yəni dirilişlə xəbər verir. Müqəddəs bayram kimi qeyd etdiyimiz Novruz yaradılış fəlsəfəsini özündə çox dolğun şəkildə əks etdirdiyindən poetik düşüncələrin də qəhrəmanı olub.

Modern.az saytı bu müsahibədə Novruzun fəlsəfəsi və Güney Azərbaycanın, burada yazıb-yaradan möhtəşəm qələm adamlarının poetik düşüncələrində öz əksini tapan məqamlar barəsində söhbət açacaq. Müsahibimiz Güney Azərbaycan ədəbiyyatı üzrə araşdırmaçı, filoloq-alim Esmira Fuad Şükürovadır.

- Esmira xanım, əvvəlcə Novruzun tarixindən danışaq. Onu bizim və tarix üçün bu qədər dəyərli edən nədir?

- Bəzi mənbələrdə milli bayramımızın tarixi müxtəlif rəqəmlərlə göstərilir. Əcdadlarımızın Qobustan qaya rəsmlərində nəqş etdiyi “Günəşi qarşılama” mərasiminin arxaik ritual təsvirlərinə görə nəticə çıxarsaq, Azərbaycanda Novruz bayramı düz 12 min ildir ki, öz təmtərağı ilə keçirilir...

Şumer abidələrindəki mövsümlə bağlı məlumatlara və əski türk yazılı abidələrindən olan “Bilqamıs” dastanındakı mərasim ünsürlərinə əsaslansaq, əsrarəngiz gözəlliyi ilə fəsillərə naz satan baharın gəlməsilə bağlı keçirilən Novruz bayramının yaranma tarixi 5 min öncəyə aiddir. Lakin bu bayram barədə ilk yazılı məlumat eramızdan əvvəl 505-ci ildən məlumdur…
Atəşpərəstlik təliminin və “Avesta”nın yaradıcısı peyğəmbər Zərdüştün katibi Camaspın yazdığına görə, Novruz Zərdüştilik dininin yeddi bayramının ən təntənəlisi olub.

- Amma bizim başqa bir müsahibimiz Novruzun nə Zərdüştiliyə, nə də İslama aid olduğunu deyirdi. Həqiqətənmi, Novruz bütün dinlərin fövqündədir?

- Novruz bayramının İslamdan əvvəl mövcud olması barədə Xaqani Şirvani, Nizami Gəncəvi, Füzuli, Yusif Çəmənzəminli, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyli, Təhmasib, Nəriman Nərimanov, Bəhlul Abdulla və b. güclü qələm sahibləri də öz əsərlərində məlumat veriblər. Söz dühalarının gəldikləri nəticə isə belə idi: İslama məxsus dini bayramlar ay təqviminə əsasən hərəkətdədir, yəni ilin müxtəlif günlərinə düşür, Novruz bayramı isə Günəş təqviminə əsasən hər il eyni günə düşür, yəni martın 21-22-si qeyd olunur. Folklor tədqiqatçısı Ağaverdi Xəlil də mənbələrə əsaslanaraq Novruzun 2600 il öncə yaradıldığını və Günəş təqvimi ilə qeyd edildiyini yazır. Təbii ki, yalnız Günəşi, Göyü Tanrı sanan, türk qadını, oda sitayiş edən atəşpərəst qadın bişirdiyi bayram şirniyyatlarında Günəşi, Ayı, Ulduzu nəqş edə bilərdi. Qoğalın üzərində Günəşin təsviri, şəkərburanın Hilal – Ay formasında bükülməsi, paxlavanın isə Ulduz şəklində kəsilməsi və yaxud bölgələrimizdə, əsasən Qəbələ və Göyçayda bişirilən “üçqulaq” deyilən və eynilə ulduzabənzər, şəkər və qozdan hazırlanan şirniyyat növü - paxlava heyrətamizdir!..

- Bəs, qədim və orta əsrlər Şərq ədəbiyyatında Novruz fəlsəfəsi barədə hansı məlumatlar var?

- Dərin fəlsəfi məzmunlu rübailəri ilə tanınan filosof - şair Ömər Xəyyam da “Novruznamə” adlı əsərində bu qədim xalq bayramından bəhs edir, ona qədər Novruz haqqında yazan müəlliflərə və astronomik araşdırmalara istinadən, Azərbaycan türklərinin, eləcə də bir sıra müsəlman xalqların – özbək, tacik, qırğız, qazax, tatar, fars və başqalarının əziz günləri olan yeni il-yeni gün bayramının yaranmasını günəş təqvimi ilə əlaqələndirir. Yəni, Novruz bayramı Günəşin iki dövrü ilə bağlıdır. “Birinci dövr belədir: 365 gün və sutkadan bir qədər keçdikdə Günəş Qoç bürcünün ilk dəqiqələrinə qayıdır. Bu dövr ildən-ilə qısalır”. Təsadüfi deyil ki, görkəmli siyasətçi Nizamülmülk XI əsrin məşhur tarixi - ədəbi abidəsi olan “Siyasətnamə” adlı əsərində yazırdı ki, “Əcəm hökmdarlarının adəti imiş ki, Mehrqan və Novruz günlərində şah xalq üçün qəbul düzəldər və o gün heç kəsi həbs etdirməzmiş. Bir neçə gün əvvəl münadi (carçı) car çəkib deyərdi: “Filan günə hazırlaşın!” Hər kəs də o günə öz hazırlığını görərdi.

- Keçək tədqiqatçısı olduğunuz Güney Azərbaycan ədəbiyyatına. Güney də Novruzu bu günə qədər qoruyub saxlamağı bacardı. Elə təkcə Şəhriyarın əsərlərində Novruza aid nə qədər dəyərli faktlar var...

- İnsanların sevinc və fərəhini təbiətin öz təbii oyanışı ilə daha da cilvələndirməsini ustad Şəhriyar sənətkar qüdrəti ilə necə də ecazkarlıqla təsəvvürlərdə canlandırır: bayram yeli, bahar nəsimi çardaxları dalğalandırır, həyalı gəlinə bənzər Novruzgülü, bəxtəvər aşiqi xatırladan ağ libaslı Qarçiçəyi yazın ilıq günəşilə əriməkdə olan qarın altından baş qaldırır. Ağ buludlar köynəklərini sıxır, yaz yağışı aşiqləri isladır, çöl-çəməndə durnagözlü bulaqlar qaynayır, bulaqotu nazlana-nazlana suyun üzündə üzür, dəstə-dəstə quşlar da xəlvəti bir an seçərək oğrun-oğrun bulaqların gözündən su içir, insanı riqqətə gətirən həyati gözəlliklər yaranır:

Bayram yeli çardaxları yıxanda,
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun...

Novruz bayramının orijinal təsviri ürəkləri həyəcanlandırır, insanı duyğulandırır. Şair oxucunu yaxın keçmişdə, uşaqlıq çağlarında Novruzun gəlişini, xalqın 12 ay gözlədiyi, sevə-sevə, şövqlə qarşıladığı milli bayramı bütün məziyyətləri ilə vəsf edir, onun bəşəri mahiyyətini açır.

Şəhriyar Güney Azərbaycanda çərşənbə törənlərinin, xüsusilə də son çərşənbənin nisbətən fərqli tərəfini “Heydərbabaya salam” mənzuməsində belə şərh edir: “Azərbaycanda bir ənənə olaraq ilin axır çərşənbə gecəsi su üzərindən atılıb bu sözləri oxuyurlar:

Baxtım mənim, səid baxtım, bərəkallah,
Ağ əllərə qırmızı həna yaxdım, bərəkallah
Atıl-matıl çərşənbə,
Baxtım açıl çərşənbə!

Daha çox qızların dilə gətirdiyi bu müqəddəs arzunu, çərşənbənin min bir ləziz nemətli süfrəsini şair belə tərənnüm edir:

Bakıçının sözü, sovu, kağızı,
İnəklərin bulaması, ağızı,
Çərşənbənin kürdəkanı, mövizi,
Qızlar deyər: Atıl-matıl çərşənbə,
Ayna təkin baxtım açıl çərşənbə»…

Ustad şair uşaqların ən çox sevdiyi yumurta döyüşdürmək prosesinin də bədii təcəssümünü ustalıqla yaradıb və özünün də yaddaşına yazılan uşaqlıq çağı hadisələrini xatırlayır:

Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq,
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.

-Yuxarıda işlətdiyiniz “Bakıçı” kəlməsi nəyi ifadə edirdi? Bu əslində şimalla cənub arasındakı əlaqəyə gizli işarə idi?

- Əsl milliliyi, xəlqiliyi, xalqı düşündürən ictimai-siyasi və əxlaqi məsələləri, onun mənəvi-psixoloji dünyasını poeziyada təcəssüm etdirməkdə görən Şəhriyar bununla Azərbaycan xalqının əsrimizin 30-cu illərinədək Quzey parçası ilə Güney parçası arasında gediş-gəlişin, sərbəst ticarətin, iqtisadi-siyasi və mənəvi əlaqənin mövcudluğuna, xalqın vəhdətdə olduğuna diqqəti çəkir. Bakıya, Şimali Azərbaycana gedərək oradan müxtəlif mallar, alqı-satqı şeyləri gətirən tacirləri xalq “bakıçı” adlandırırdı.

Şair bununla kifayətlənməyərək Şüca xalaoğlusunun da Bakıya gedib oradan pay-püşk, sovqat, nişanlısına hədiyyələr gətirdiyini, kənd cavanlarını qonaq etdiyini də xatırlayır:

Şüca xaloğlunun Bakı sovqəti,
Damda quran samavarı, söhbəti
Yadımdadı şəstli qəddi qaməti...

Yeni il bayramı – Novruz əhvali-ruhiyyəsi, onun kənd mühitində, məişətdə oyanışa, şadlığa səbəb olması, hamıya sevinc bəxş etməsi “Heydərbabaya salam” poemasında heyrətamiz bir ustalıqla təsvir olunur.

-Ümumiyyətlə, poemada Novruzun təsviri uşaqlıq xatirələri idi, yoxsa o tayla bu tay arasındakı yaxınlıq rəmzi idi?

- Poemada Novruza aid adətlərin demək olar ki, hamısı əks olunub: Novruz bayramı ərəfəsində həyət-bacalar səliqəyə salınar, nişanlı qızlar, gəlinlər qızılı palçıq düzəldib otaqlara naxış vurar, divarları al-əlvan şəkillərlə bəzəyər, taxçalara düzmələr – alma, heyva, nar düzər, sinilərə şəbcərə – qoz, fındıq, iydə, püstə, kişmiş, badam doldurar, yumurtaları güllü, göyçək rənglərlə boyayar, nişanlı qızlar adaxlılarına güllü yun corablar toxuyar, araqçınlarına cərgə-cərgə pul tikər, həna, vəsmə yaxar, hər kəs təzə paltar geyərdi. Uşaqlar yerə-göyə sığmayan sevinclə, fərəhlə qol-qanad açaraq damlardakı bacalardan şal sallayar, bayramlıq alar, yumurta döyüşdürər, saqqa-saqqa oynayardılar. İxtiyar insanların görüşünə gedər, nişanlı qızlara bayram xonçası aparılar, küsülülər barışardılar. Çərçilər kəndlərə çıxar, hər nə istəsən satardılar: zəncir, araqçın, düymə, sap, qaytan, şəvə, muncuq, üskük, kəhrəba, mərcan, ağ nabat, saqqız və s. Hər kəs özünə zəruri olan şeyləri alardı. Hamı yeyib-içməyi də unudaraq deyib-gülər, şənlənər, qaraçı gözəllərinin xalqla birgə çal-çağır səsi ətrafa yayılardı. Bu sevincə aləm qoşulardı. Gecə quşlarının nəğməsi, bülbüllərin cəh-cəhi, göyərçinlərin göy üzündə “qızıl qanad açmaları” isə hamını heyran edər, şairin könlünü pərvazlandı-rardı :

Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabı toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq

Şair xalq adətinin nə qədər incəliyinə varır: gərək qaynana, gəlin ayıq olsunlar, fəhmlə bəyin şalını tanıyıb ona özünə layiq, nisbətən bahalı bayram payı-naxışlı corab, ipək dəsmal, tirmə şal və s. bağlasınlar. Bayram süfrəsində ən azı yeddi növ şirniyyat, naz-nemət-plov, ət, yarma yeməyi, qovurma, rəngbərəng boyanmış yumurta, qovurğa, səməni, ləbləbi, müxtəlif çərəzlər və başqa şeylər», həmçinin Novruzun müqəddəs yeməyi olan səməni halvası düzülməli idi.

Göründüyü kimi, bətnindən qopduğu xalqının ruhunu dərindən-dərinə duyub anlayan Şəhriyar bütövlükdə farsdilli və türkdilli poeziyası ilə dünya oxucusunun gözləri qarşısında qüdrətli, əməksevər, nisgilli Azərbaycan xalqını, onun həyatını, məişətini, adət-ənənəsini, milli mətbəxini, geyimini, mifoloji görüşlərini bütün cazibədarlığı, anlamı ilə canlandırdı. Misilsiz poetik ustalıqla dosta da, düşmənə də anlatdı ki, bu xalq dünyanın bir sıra mədəni xalqları kimi zəngin tarixə, doğma dilə, tükənməz xəzinəni andıran folklora, şifahi xalq ədəbiyyatı incilərinə, təkrarsız maddi və mənəvi mədəniyyətə, milli-bəşəri dəyərlərə sahibdir...



- Güney ədəbiyyatının başqa hansı şairlərində həm Novruz, həm də Güneyin Novruz adətləri əks olunub?

- XX əsrin əvvəllərində İran və bütün Şərq ədəbiyyatında dövrünün qüdrətli üsyan-kar şairi kimi dəyərləndirilən, və bu yolda canından keçən Mirzadə Eşqinin “Nov-ruznamə” əsərində lirik qəhrəmanın eşq aləmindən bir səhnəni və Novruz bayramı-nın qeyd olunması mərasimini canlandırır. Şairin yurdundən və sevdiyindən ayrılı-ğın acısı, möhnəti qəlbini göynədən lirik qəhrəmanı əsərin “Novruznamə” adlandırdığı II hissəsində səhərə yaxın yuxuya gedir və röyada görür ki, dünya nə qədər gözəlləşib, yaşamaq, həyatın nemətlərindən dadmaq, günəşi, ayı, ulduzları seyr etmək, insanların əhatəsində olmaq həqiqətən möhtəşəm bir duyğu, böyük xoşbəxtlik imiş... Müda adası da bir gülüstana, ecazkar məkana, sanki cənnətə dönüb. Havası səfalı, suyu şəfalı, təbiəti ruhoxşayandır. Hər tərəfdə gül gülü çağırır, bülbül bülbülü....
I hissədə şairin təsvir etdiyi buz kimi soyuq münasibətdən əsər-əlamət yoxdur. Sevgilisi onu hədsiz mehribanlıqla, hörmət və məhəbbətlə qarşılayır.

Xalq isə böyük coşğunluqla, fərəh və iftixarla qədim el bayramını - Novruzu, əslində Baharın gəlişini, dünyanın yeniləşməsini qeyd edir. Göstərir ki, bu bayram günlərində hər kəs fərəh və şənlik içərisindədir. Novruz bayramının keçirilməsi, bayramla bağlı adət-ənənə və gələnəkləri də dövrün hakim rejimi tərəfindən edilən basqılar üzündən Mirzadə Eşqi lirik qəhrəmanının dili ilə elə yuxuda canlandırır. Əsərdə ana təbiətin, xalqın milli adət-ənənələrinin, yaşayış tərzinin poetik təsviri son dərəcə təbii, orijinal və gözəldir.

- Esmira xanım, Güney şairlərinin Novruzla bağlı qələmə aldığı əsərlərdə ictimai-sosial məsələlər, xalqın problemi nə dərəcədə qabardılıb?

- Güney Azərbaycanda 1946-cı ildə qurulan Milli Hökumətin Dövlət himninin müəllifi, təcrübəli pedaqoq, qüdrətli şair Mir Mehdi Etimad da “Çərşənbə bazarı” poemasında Novruz bayramını, yazın gəlişini qarşılamağa hazırlaşan xalqın bütün təbəqələrinin bayram əhvali-ruhiyyəsini, sevincini, narahatlığını xarakterik cizgi-lərlə təsvir edir. Qeyd edək ki, Etimadın təkcə “Çərşənbə bazarı” poemasında deyil, bir çox əsərində məişət mövzusu geniş yer tutur, xalq adət-ənənələri parlaq şəkildə öz ifadəsini tapır, lakin bütün bunlar zahiri xarakter daşıyır. Əslində şeir və poemalarında bəşəri duyğular, mühüm milli-mənəvi, ictimai-sosial problemlərlə ilgili düşüncələri, dünyagörüşü, əxlaqi məsələlərə, etik normalara şairin fərdi münasibəti əks olunur. Ədib bir çox hallarda konkret hadisələrin təsviri ilə kifayətlənmir, baş verənlərə, ədəbi müstəviyə gətirdiyi hadisə və olaylara öz prizmasından da yanaşır, fərdi münasibətini sərgiləyir. Əlbəttə, şair ümid edirdi ki, oxucusu “əhli ədəb” olacaq, onu anlayacaqdır. Bəlkə də bu səbəbdən “Çərşənbə bazarı” əsərində tez-tez mövzudan kənara çıxır, məsələ ilə bağlı sərrast və müdrik düşüncələrinə meydan verir. “Çərşənbə bazarı” xalqımızın qədim milli bayramına-Novruzun gəlişinə həsr olunur. Poemada Novruzla bağlı Azərbaycan xalqının əsrlərdən bəri yaddaşında yaşadaraq bu günümüzədək qoruyub saxladığı milli adət-ənənələr, şirniyyat və yemək növləri böyük ustalıqla təsvir edilir. Maraqlıdır ki, bu əsərdə Etimadın xalq həyatının tərcümanı olduğu özünü göstərir. O, bəzi Novruz adətlərini elə incəliklə nəzmə çəkir ki, oxucu özünü həmin bayram şənliklərinin içində, bayram əhvali-ruhiyyəsində hiss edir və “Çərşənbə yemişi” yeyir.

- Maraqlıdır, Mir Mehdi Etimad Novruz “sovqat”ları içində tənqidə necə yer verir?

- Şair bu poemada ictimai həyat hadisələri ilə bağlı bir sıra tənqidi haşiyələr də verir. Bu haşiyələr poemada ya ayrıca bir bölmə təşkil edir, bəzən də bir-iki beytdə öz əksini tapır. Belə bölmələrdən biri “Qoyma haqqın batsın” başlığı altında verililir.

Əslində şair bu misralarda xalqını mətin, iradəli olmağa, öz haqq və hüquqlarına qovuşmaq üçün mübarizə aparmağa səsləyir. Lakin dövrün tələblə-rinə, ab-havasına uyğun olmayan açıq mübarizəyə çağıran üsyankar fikirlərini pərdələmək üçün daha sonra yazır:

Pozdu əfkarımı başda yazılan vaqeələr,
Yapışıb söz-sözə gördüm uzanan günləridr.
Nəzərim axır çərşənbə günün yazmaq idi,
Ki, bu gün xəlq arasında həyəcan günləridir.
Bari mətləbdən uzaq saldı bizi bir para söz,
Çünki çərşənbə günündən yazılan günləridir...

Novruz şənliklərinə, qayğılarına əhalinin müxtəlif təbəqələrinin-tacirlərin, bazar əhlinin, satıcı, usta kimi sadə adamların, eləcə də sənətkar və din xadimlərinin prizmasından baxır, bu insanların əhval-ruhiyysinə, keçirdiyi hisslərə şərik olur, sevinc və narahatlıqlarını aydın şəkildə təsvir edir. ”Gəlinlər bəzəyi" kimi, «Çərşənbə bazarı» poemasının da ən gözəl məziyyətlərindən biri şairin haşiyələrə çıxması, cəmiyyətdə hökm sürən bəzi eybəcərlikləri açması, çatışmayan cəhətləri ifşa hədəfinə çevirməsi, əsəri çətinliklə dolanan, bayram süfrəsinə qoymağa bir şey tapmayan işsizlərin, bayram süfrəsi aça bilmədiyindən uşaqlarının üzünə baxmağa xəcalət çəkən və özünə ölüm arzulayan fəqirlərin, yoxsul təbəqənin, bütövlükdə xalqın real həyatının aynası səviyyəsinə çatdırmasıdır:

Barilaha, bizə rəhm eylə, aman günləridir,
Bazar əhlinin övzai yaman günləridir.
Kəsilib alverimiz, mal dayanıb, nisyə batıb,
İtiribdir özünü, lap dayanan günləridir.
Hər kimi dindirisən, “ox, necə olsun”da qalıb,
Dalısınca yekə bir dastan açan günləridir.
Yolu getdikcə görürsən danışır öz-özünə,
Əli sağ, solda gəzir, əqli çaşan günləridir.
Ağacan, baxma bu xalqın pozuna, surətinə,
Batinin görsən əgər, odda yanan günləridir...

Etimad millətinin, xalqının eyiblərindən yazır, nadanlıq və cəhalətə sürüklən-məməsi üçün çatışmazlıqlarını tənqid edirdi. Bu yolla gördüyü, eyib bildiyi cəhətləri islah etmək istəyirdi. Ədibin həyatda da, əsərlərində də məqsədi, idealı mədəniyyətin, elmin və təhsilin inkişafı, Vətən balalarını qəflət yuxusunda deyil, gözüaçıq, savadlı, intellektual səviyyəli, “can deyib, can eşidən, heç bir halda xalqına xəyanət eyləməyən” vətəndaş kimi görmək idi. Düşünürdü ki, xalqının xoşbəxt gələcəyi üçün texnika, fabrik, zavod, silah, qoşun, güc struktur-ları qədər mədəniyyət də, elm və təhsil də gərəkdir. Bu müqəddəs arzusunu ”Gəlinlər bəzəyi" və "Çərşənbə bazarı" poemalarında, eləcə də şeir və qəzəllərində göyərdirdi:

Vətənə Mədrəsə, fabrik, maşın, konka, qoşun,
Əsləhə, ayroplan lazım olan günləridir.
Aç gözün, yatma dəxi, xabi-cəhalətdən oyan,
Elm oxu, elm bu gün yer üzünü abad edib,
Yatmağın vaxtı deyil, elm oxunan günləridir.
Bir qövmdə gər olsa həqiqi mədəniyyət,
Lazımdır edə kütləsinə bir belə xidmət.

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir