Modern.az

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı niyə AZALIB...

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı niyə AZALIB...

İqtisadiyyat

1 May 2024, 11:22

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayına əsasən, 2024-cü ilin I rübü ərzində Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 673,7 milyon ABŞ dolları təşkil edib. 

 

2024-cü ilin yanvar-mart ayları ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (56,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (45 milyon ABŞ dolları) ikinci, elektrik enerjisi (40,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 

 

Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracında ciddi azalma qeydə alınıb. Belə ki, ötən il qeyri-neft sektoru üzrə ixrac 1 milyard dollara yaxın, 913 milyon dollar olub. Beləliklə, qeyri-neft ixracında 239 milyon dollar azalma müşahidə edilib. Bəs bu azalmanın səbəbi nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycanda ilin əvvəlində qeyri-neft ixracının azalmasında rol oynayan bir çox faktor var:

 

"Bu faktorlardan biri kimi,bəli, elektrik enerjisi ixracının azalması göstərilir. Lakin bu məsələdə rol oynayan digər faktorlar da mövcuddur. Elektrik enerjisinin özü qeyri-neft sektoru olsa da, bilavasitə elektrik enerjisi qazın yandırılması nəticəsində, istehsal olunan bir əmtəədir. Bu baxımdan sözügedən sektorla qarşılıqlı əlaqədədir. Digər bir səbəb də ötən illə müqayisədə azalma olub. Ötən il isə bu istiqamətdə olan rəqəmlər kifayət qədər yuxarıda idi. Düşünürəm ki, istənilən qurum öz fəaliyyəti çərçivəsində bəzi incəlikləri nəzərə almalıdır. Buna misal olaraq, heç bir artım dinamikası sonsuz sürətli deyil. Məsələn hər hansı ildə rəqəmlərin yuxarı olması üçün maksimal gücümüzü ortaya qoyuruqsa, biz növbəti il həmin gücü tətbiq edə bilməyəcəyimizi anlamalıyıq. Yəni rəqəmlərdə enişlərin olması təbiidir".

"Buna görə istər qeyri-neft sektorunda, istər ticarət dövriyyəsinin özündə, istər gömrük və vergi daxilolmalarında həddindən artıq artım dinamikasına dair verilən statistika növbəti il üçün ciddi risklər yaradır",-iqtisadçı əlavə edib.

Digər  bir iqtisadçı ekspert Natiq Cəfərli qeyri-neft sektoru üzrə ixracın azalmasının səbəblərini belə izah edib:

 

"Azalmanın 80-85 faizini elektrik enerjisi təşkil edir. Ötən ilin ilk 3 ayında 230 milyondan yuxarı elektrik enerjisi satmışdıqsa, bu ilin müvafiq dövründə cəmi 40 milyon dollarlıq elektrik enerjisi satılıb. İstehsal azalıb deyə ixrac da azalıb. Bizdə elektrik enerjisini qazla işləyən modul tipli elektrik stansiyalarından alırdılar. Son zamanlar Avropa Birliyinin qaza olan tələbatını nəzərə alaraq, modul tipli elektrik stansiyalara yönələn qazın xaricə ixracına üstünlük verilir. Alternativ enerjinin inkişafı, işğaldan azad olunmuş ərazilərdə hidroelektrik enerjisinin alınması və başqa mənbələrin olması qazla işləyən modul tipli elektrik stansiyasına tələbi azaldır. Elektrik enerjisi azaldıqca onun ixracatında da təbii olaraq, azalmalar müşahidə olunur. Digər parametrlərdə o cümlədən aqrar sektorda ciddi fərqlər yoxdur. Normalar çərçivəsində dəyişkənlik var. Bəzilərində 2-3 faiz artım, bəzilərində isə azalma var. Amma əsasən elektrik enerjisi bu statistikaya təsir göstərir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...