Aida Eyvazlı
Ergeneekon – yol ver mənə...
Qədim türk mifologiyasına görə , Göy türklər hər il Ötükənddə əcdadlarını yad edərək müqəddəs mərasim keçirərdilər. Həmin qaynaqlara əsasən xalq 5-ci ayın ikinci yarısı Göy Tanrıya və Yer ruhlarına qurbanlar kəsər, tonqal başına yığılar böyük bayram edərdilər. Göy türklər həmin bayram gününü hətta daşlara da yazılbar. Orhon Yenisey abidələrindəki yazılardan birindəki bayram günü belə yadda qalıb: “… Yüce Göktanrı’nın ilk defa gürlediği, yağız yer, altmış türlü çiçeklerle ilk defa bezendiği, altmış türlü hayvan sürülerinin ilk defa kişnediği ve melediği zaman sen (Türk’ün Atası) yaratıldın!”
Qədim türk dövrlərindən danışarkən, Novruz əyyamını qələmə alarkən Ergənəkonu xatırlamaq lazımdır. Əbülqazi Bahadur xan hələ XVII əsrdə yazdığı “Şəcəreyi tərakimə” (“Türklərin şəcərəsi”) əsərində qeyd edirdi ki, qədim türklərin əcdadları düşmənlərindən qorunmaq üçün Ergenekon adlı çox gözəl bir məkanda məskən salıblarmış. Onlar bu yüksək zirvəyə qalxmış,və həmin yerdə 400 il yaşayaraq, artıb çoxalmışdılar. O qədər ədalətli bir bölgü aparmışdılar ki, təkcə nəsil-nəcabətləri deyil, burada onların qoyun, at və dəvə sürüləri artıb çoxalmışdı. Və 400 il yaşadıqları yer artıq onlara darlıq etmişdi. Ergenekon dağlarının dəmirdən olan keçilməz əraziləri çox çətin olduğundan, hətta yurdun ən bacarıqlı döyüşçüsüləri, bahadurları nə qədər axtarsalar da Ergənəkon olara yol vermirmiş. Bir gün dağın ətəyində qoyun sürüsünü otaran çobanlardan birinın heyvanlarına qurd hücum edərək birini aparır, qurd dağın oyuğuna girib qeyb olur. Maraq çobanı bürüyür,qurdun qeyb olduğu oyuğun yanına yaxınlaşanda, dağın o biri üzndən də bir işıq selinin axdığıını görür. Elin böyüklərini və igidlərini başına yığaraq əhvalatı onlara söyləyir. Belə qərara gəlirlər ki, dəmirçilər oyuğun çevrəsindəki dəmirləri əridərək, dağın o biri üzünə yol açsınlar. Dəmir biləkli dəmirçilər bir müddət sonra dağın o biri üzünə yol açırlar. Elə həmin gün göy türklər Ergenekondan qurtulur. El-oba tonqal qalayır, Yeni yolun, Yeni yurdun , Yeni dönəmin gəldiyi üçün Ergenekondan yeni dünyaya çıxışlarını bayram edirlər. Boz qurdu isə tayfanı sıxıntıdan qurtardığı üçün özlərinə totem seçirlər. Qədim türk təqvimindəki bu dövr martın 21-nə düşən gün kimi hesablanır.
İllər qərinələri, qərinələr əsrləri arxada qoyduqca dövlət quruluşları, dövlət və insanlar arasında münasibətlər, dinlər dəyişdikcə, bəzi tayfalar, xalqlar bayramlarını, adətlərini untdular.Bəziləri bir xalq kimi Yer üzündən silinib getdilər. Lakin Novruz bayramını, Yeni Günün gəlişini Türk milli təfəkküründən, yaddaşından nə müharibələr, nə də əli qılınclı padşahlar silə bilmədilər.Çünki Novruz xalqın həyatı və təbiətlə harmoniya təşkil edir. Bu Təmizlik, Od-Ocaq, Bərəkət, Su, Birlik, Oyanış bayramını bu günə qədər yaşatdılar.
Alman diplomatı Adam Olearinin Novruz xatirlələri
XVII əsrdə Holşteyn-Qottorp hersoqu III Fridrix səyyah və diplomat Adam Olearini Səfəvilər dövlətinə səfir təyin edir. Səyyah və diplomat Adam Oleari 1635-1639-cu illərdə Azərbaycana etdiyi səyahətləri qələmə alarkən, Şamaxıda Novruz bayramının keçirilməsini belə təsvir edir: “Münəсcim tez-tez stolun arxasına keçir, öz üstürlabı ilə Günəşi müşahidə edir,saata baxır, beləliklə, Günəşin gecə ilə gündüzün bərabərlik nöqtəsinə çatacağı anı gözləyirdi. Elə ki, arzuolunan dəqiqə gəlib çatdı, o bərkdən elan etdi: Yeni il gəldi, təzə il başlandı. Dərhal toplardan yaylım atəşi açıldı, şəhərin qala divarları ətrafında və bürclərin hər yerində qərney( qərney uzun nəfəs alətidir- red.) səsləndi, təbillər çalındı və beləliklə böyük el şənliyinə başlandı...”
Məhərrəm Qasımlının elmi redaktoru olduğu “Novruz ensklopediyası” kitabında Bahar və Novruz bayramını səciyyələndirən tarixçi və ədəbiyyatşünasların fikirlərinə də rast gəlmək olur. Tacikstan Elmlər Akademiyasının müxbir üzvü , əslən bakılı olan İosif Şamiloviç Braginskinin 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində Novruz bayramı haqqında maraqlı fikirləri də bu ensklopediyada yer alıb: “Doğurdan da müsəlman ruhanilər nə qədər çalışsalar da, Novruz bayramını nə qadağan etməyə, nə də ona dini don geyindirməyə müvəffəq ola bilmədilər. Xalq kütlələri Novruz bayramının qeyri- dini, azad xarakterini qoruyub saxlaya bildilər”.
Məmməd Səid Ordubadi isə Novruz bayramı ilə bağlı fikirlərini hələ Stalin rejiminin tüğyan etdiyi ağır illərdə belə təzahür edirdi: “.. İlk Bahar bayramının nə islam dini, nə də islamiyyətdən əvvəl mövcud dinlərlə əlaqədar olmadığı, bu bayramın ayrı-ayrı xalqlar arasında çox qədim zamandan mövcud olduğu sübut olunur. İndi artıq demək olar ki, bu bayram Azərbaycan xalqının milli və mənəvi bayramıdır”.
Bəli, Stalin rejimi Sovet ərazilərində yaşayan türklərin milli yaddaşını, kimliyini silmək, onlara həm folklorunu, həm mədəni abidələrini unutdurmağa çalışmışdı. Novruz bayramına “dini bayram” damğası vurararq onu qadağan etmişdi. Sabiq Sovet ölkələri içərisində öz milli kimliyini hətta sürgünlərdə belə qoruyub saxlamağa çalışan azərbaycanlılar, Baharın gəlişini gizli şəkildə ailə içərisində qeyd edirdilər. Baharın gəlişini təbiətə qadağan etmək mümkün olmadığı kimi, Novruzu da xalqın yaddaşından silmək mümkün olmadı. Yalnız 1967-ci ildə dövrün bütün təhlükələrinə baxmayaraq, Azərbaycan KP MK-nin rəhbər vəzifəsində çalışan Şıxəli Qurbanov ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə nail oldu.
“Novruz bayramınız mübarək olsun!”
O gündən sonra gizlin bayramımız aşkar oldu. Novruz bayramı hazırlıqları Azərbaycanda fevral ayının əvvəllərindən başlayır. Əvvəlcə dörd çərşənbəni bayram edirik. Evlərimizi təmizləyib, qışdan yığdığımız azuqələrimizi çərşənbə axşamlarında və martın 21-də süfrəmizə düzürük. Türk milli təfəkküründə belə inam var ki, süfrədə bolluq olarsa, il uzunu evə ruzi-bərəkət gələr. Hər bir azərbaycanlının süfrəsinin gəlini Səməni, şahı isə plov olur. Süfrəyə düzdüyümüz bütün bişmişlər və təamlar təbiətlə bir harmoniya təşkil edir. Şəkərbura ay formasında, qoğal günəş formasında, paxlava insan formasında və dünya kimi dörd qütblü olur. Süfrəmizdə olan nəyimiz varsa qonşumuzla tən bölürük, qapımıza atılan hər papağa pay qoyduqca sevinirik.
“Navruz ayəmi muborak bülsin” - özbəklər belə deyir !!!
Sovet rejiminin qatı qadağası üzündən özbəklər də bu bayramdan uzun müddət uzaq düşmüşdülər. 1991-ci ildə 21 mart Bayram günü elan olundu. Əslində özbəklər fevral ayının son həftəsindən başlayaraq aprel ayının sonuna kimi ölkədə Novruz bayramı şənlikləri keçirirlər. Martın ilk günlərindən hər bir özbək ailəsi əvvəlcə həyət bacasını ot-ələfdən, toz-torpaqdan təmizləyib, torpağı belləyir. Küçələrdən, məhəllələrdən keçərkən səliqə-saman, təzmilik göz oxşayır. Elə bu günlərdə ərik və şaftalı ağaclarının ağ çiçəklərinə bələnir bütün məhəllələr. Süfrəyə “S” hərfi ilə başlayan 7 cür yemək qoyurlar. Hər bir evin-ocağın əsas təamı isə “Sümələk” olur. “Süəmələk” halvası böyük tiyanlarda ocaq üzərində hazırlanır. Qonşu qadınlar gecədən səhərə kimi ocaq başında içərisində azca göyərmiş buğda, qoz , su, müxtəlif ədviyyatlar əlavə edilən sümələyi dayanmadan bulayırlar. Səhər saat 8-də bayram Sümələyi hazır olanda onu qablara töküb, əvvəlcə imkansız ailələrə və qocalara pay göndərirlər.Özbəkistanda 1 həftə boyunca bütün böyük şəhərlərin yaşıl parklarında rəngarəng , göz oxşayan milli paltarlarda olan kişi və qadınlar xalq gəzintisində ecazkar musiqi proqramlarına və meydan oyunlarına tamaşa edirlər.
“Ulıstın ulı Küni” – deyir qazaxlar!!!
Qazaxlar qədimdən Novruz bayramına “Ulıstın ulı küni” - “Elimin qədim bayramı, günü” deyərdilər. Qazaxlar da bu bayramı elliklə qeyd edirlər. Bu günə kimi qazaxlarda “Kökpar” –at üstündə çaparaq qoyunu və keçini alıb qaçmaq yarışı saxlanmaqdadır. (bizdə keçirilən Cövkan oyunu). Qazaxıstanda təmtəraqlı Novruz bayramlarında əsasən at yarışları keçirilir. El aşığı əlində saz məhəllə və evləri gəzərək baharın gəlişini vəsf edən mahnılar oxuyur. Şəhərlərdə isə bayramı keçirmək üçün çadırlar qurulur. Bu çadırlarda açılan dəstərxanlara şirniyyat, baharı vəsf edən bişmişlər, undan hazırlanan bir neçə cür yemək və müxtəlif çörəklər düzülür. Qazax dəstərxanının əsas baş yeməyi isə “Navruz köje” deyilən təamdır. Bizim bişirdiyimiz həlimli hədiyyə bənzəyən bu yeməyin hazırlanması üçün 7 nemətdən istifadə olunur: su,ət, buğda, duz, yağ, un, ayran və ya qurut. Qədim inanclara görə bu nemətlər xoşbəxtlik, müvəffəqiyyət, müdriklik, sağlamlıq, var-dövlət, və səmanın himayədarlığının rəmzidir. Təam hazır olandan sonra,əyninə təzə paltar geyinmiş uşaqlar onu qonşulara və qohumlara paylayırlar.
“Nooruz kuttı bolsın” – deyir qırğızlar!!!
Qazaxıstanla həmsərhəd yerləşən Qırğızıstan da qonşusundan geri qalmır. Bir qayda olaraq, baharın ilk günlərində “Nooruz ” süfrələrini bəzəmək üçün hazırlıqlara başlayırlar. 21 mart Novruz bayramı günü yeddi qazanda yeddi cürə yemək asılır “nooruz kedje” və “auz kedje” deyilən yeməklər də hazırlanır. Özbəklər kimi qırğızlar da “Sümölök halvası” bişirirlər. Bişirdikləri nemətləri qonum-qonşuya, ahıl və xəstə adamlara paylayırlar. Sonra bütün ailələr şam ağacının budağını yandırıb tüstüsünü evə yayayarq ovsun oxuyurlar. Təbii ki, bayram şənliklərində cavanlar arasınada güc-qüvvəti sərgiləyən yarışlar da unudulmur.
“Novruz bayram kutlu bolsun” – türkmənlər deyir!
Türkmənistanda da Novruz bayramı martın 21-də böyük təntənə və coşqu ilə qeyd oulnur. Bu xalq bayramında əhali Baş kənd Aşqabadda əsasən Ahal mahalına yığışır. Bu mahal həm də Ahaltəkə atları ilə məşhurdur. Geniş meydanlarda at çapma yarışları izlənilir. Milli rəngarəng platar geyinən qız və gəlinlər, kişilər gün batana qədər davam edən müxtəlif yarışları və meydan tamaşalarını . folklor ansamblarının konsertini izləyirlər. Türkmənlər də azərbaycanlılar kimi Novruzda mütləq Səməni göyərdirlər. Bir neçə ailə bir yerə yığılaraq məhəllələrdə “Səməni” halvası bişirirlər. Türkmənlərdə bu günə kimi qorunub saxlanan “Muncuqatdı” oyununda isə qızlar-gəlinlər fal açırlar, bəxt sınayırlar.
“ Nevruz Bayramınız kutlu olsun...”
Türkiyədə isə “ Bereketin, beklentilerin, mutluluğun ve huzurun başlangıcı olan Nevruz Bayramınız kutlu olsun...” –deyə bayram günlərində hər kəs bir-birinə göz aydınlığı verir, bayramlaşırlar. Ölkənin vilayət və bölgələrindən asılı olaraq bayram martın 21və 22-də başlanır. Yuxarıda qeyd etdiyim kimi, bu günü türklər əsasən Ərgənəkondan çıxıb, yeni dünyaya, yeni günə başlanma , qələbə günü kimi qeyd edirlər. Bir çox regionlarda bayramı “Novruzu-Sultan”, “Sultan Nevruz” da adlandırırlar. Novruzun səhərisi günü bütün ailələr doğmalarının məzarı üstünə gedərək, dünyadan köçənlərini yad edirlər. Süfrələrində olan, ocaqlarında bişən təamlardan xəstələrə, qocalara, imkansızlara pay paylayırlar.
Ocaqlarınız sönməsin!!!
Monqolustandan Sibirə, Altaya qədər yayılan türk tayfalarının sayı bu gün 40-ı aşır. Türk soylu tayfaların, millətlərin əksəriyyəti Novruzu Yeni gün, Bahar, Torpağın oyanışı, mərhəmət, qardaşlıq və dostluq bayramı kimi qeyd edirlər. Baharı qarşılayarkən tonqal qalayıb, ocaq çataraq insnaları bir araya gətirirlər. Uyqurlar, tatarlar, başqırlar, tuvalılar, balkarlar, çərkəzlər, kabardinlər, iraq türkmənləri, əfqan türkləri ,Sibirdəki xantılar, şor türkləri, duha türkləri... süfrələrini naz-nemətlə bəzəyirlər . Ocaq başında toy- bayram edirlər. Qədim inanclara görə türklər dərdlərini, sevinclərini, yuxularını suya danışar.
Dədə Qorqud da belə edərdi. Elin-obanın bayram şənliklərində 7 tonqal qalayıb, dünyanın hər yerində yaşayan türk övladlarına , obalara-ellərə bayram təbriki göndərərdi. Hətta çıxılmaz bir yolun sorğusunu da sudan alardı. Məsələn, Salur Qazanın evinin yağmalanması boyunda belə bir məqam var: “Su Haq didarın görmüşdür, mən bu suya xəbərləşim”-deyir. Və çadırın qarşısından axan çayın yanında dayanıb sudan soruşur: “Ordumun xəbərin bilirmisən degil mana! Qara başım qurban olsun, suyum sana!” . Və suya belə inamın, ehtiramın olmasındandır ki, türük xalqları bir birinə alqış edəndə : “Sucan ömrün olsun”, “Su murdarlıq götürməz”, “Ocağınız isti, suyunuz sərin olsun”, “Sularınız axarlı-baxarlı olsun” – deyirlər.
Bütün Türk Dünyasının bu biricik milli bayram münasibətilə təbrik edirik. Bayramınız mübarək olsun!