Modern.az

Oğuzda müqəddəs Türk Şəhidliyi... - FOTO

Oğuzda müqəddəs Türk Şəhidliyi... - FOTO

Mədəni̇yyət

11 Yanvar 2024, 10:35

1918-ci ilin iyun  ayının əvvəllərində Nuxa-Ərəş qəzasının Oğuz nahiyəsinin Türk-Müsəlman kəndləri (Qarabulaq, Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazdışlaq...) hay-daşnak, quldur silahlı dəstələrinin hücumlarına məruz qaldıqda dinc sakinlər Məmməd Kərim meşəsinə və Sincan çayı yatağı boyunca quzeyə doğru yol gedərək (həm də 10-15 km aralıdakı  Xaçmaz meşələrinə) harda olsa sığınmışlar. Həmin faciəvi hadisələrin şahidləri (Soltan Mikayıl oğlu Mikayılov, 1907-1997, Nəbi Qasay oğlu, 1910-2002, Alməmməd Məhəmməd oğlu Dursunov, 1892-1982...) olmuş, eləcə də tarixi bilgiləri yaddaşalrında qoruyub saxlayanların (Hinayət Şərkəz qızı Hüseynova, 1930-2009, Kamal Mayıl oğlu Bəşirov, 1972...) sözlərinə  görə, yerli hay kilsələrinin təlimatına əsasən, quldurlara qonşu kəndlərdə (Söyüdlü, Calud, Yaqublu...) yaşayan haylar da  kömək etmişlər.

Nuxa-Ərəş qəzasını işğaldan və əhalisini (150 min nəfərdən çox) amansız quldur qətliamlarından, soyqırımı müsibətindən qorumaq üçün  bölgənin imdadına yetişən  Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun (general Nuru paşa başda olmaqla) alayının bir bölüyü (Əli Osman əfəndi  və Tahir əfəndinin əsgər-zabit heyəti) Oğuz nahiyəsinin Sincan və Xaçmaz kəndlərində yerləşmişlər. Onların qərargahları məscid həyətlərində, düşərgələri kəndin ətrafında  (Sincan kəndinin Orta məhəlləsindəki XIX əsrdə inşa edilmiş Cümə məscidi və Xaçmaz kəndində Səməd bəy məscidi)   yerləşib.

Həmin dövrdə bu kəndlər, eləcə, bölgə hüdudları əlverişli coğrafi mövqeyə (Cənubi Qafqazın ticarət-karvan yolunun düyün nöqtələrindən biri bu kəndlər idi) malik olmaqla yanaşı, həm də tarixi-maddi abidələrin (Qafqaz Albaniyasına aid milli-mədəni və mənəvi-irfani irs mənşəli) zənginliyi ilə də fərqlənmiş, Türk-Müsəlman dünyasının təkamül-inkişaf məkanlarından biri olduğundan XVIII-XIX əsrlərdən başlayaraq XX əsrin əvvəllərindək dinsiz hay kilsəsinin təcavüz obyektinə çevrilmişdir.

Sincan-Xaçmaz cəbhə xəttində gedən döyüşlərdə (hay quldur dəstələrinin əsas cəmləşdiyi yer Calut və Nic kəndləri olub) yaralanan Tahir əfəndi vəsiyyətinə görə, Sincan kəndinin Orta məhəlləsindən keçən yolun üstündəki əski qəbirsanlıqda torpağa tapşırılıb. Dəfn günü türk şəhidini camaat Xaçmaz kəndindən (10-12 km məsafədə) çiynində gətirərək bu yerdə, yaşı 500 ildən artıq olan uca palıd ağacının altında, Sincan çayının sol sahilində, yoldan 10 m kənarda dəfn etmişlər.

El ziyarətgahına çevrilmiş bu müqəddəs məqamın torpağı tutiyadır, üstündəki palıd ağacı qorunub saxlanılir. Qəbrinin üzərində 1992-1994-cü illərdə kənd sakinləri tərəfindən gümbəz (8 guşəli, hündürlüyü 4 m, dəmir örtüklü) tikilib, içərisində palıd ağacından  nişanə kimi “sinə daşı” (2 m boyda, eni 60 sm, qalınlığı 30 sm)  qoyulub və “Əsgər Tahir Əfəndi, 1918” tanıtımı həkk edilib. 

Müqəddəs “Tahir Əfəndi ziyarətgahı” kimi anılan məzarın ətrafında bir neçə “ocaq yeri” var, nəzir daşı qoyulub, niyyət tutub gələnlər südlü aş bişirib yoldan keçənlərə paylayırlar... 

(Yazının hazırlanmasında həm də Oğuz rayonu, Sincan kənd sakinləri Emin Seyfəddin oğlu Əzimlinin (1952), Molla Kamal Mayıl oğlu Bəşirovun (1972) və Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinin tarix müəllimi Elçin Qərib oğlu Xasıyevin (1971) məlumatlarından istifadə edilmişdir.)           


Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi