Modern.az

Neyləməli, göz görür, əqlim kəsir...

Neyləməli, göz görür, əqlim kəsir...

11 Avqust 2016, 09:42

QABİL

 

 

(Mirzə Ələkbər Sabirə açıq məktub)

 

Salam olsun, Sizlərə, ey misli, bərabəri olmayan, arizi-qəmlər əlindən ürəyi şişən Sabirimiz! “Siz” kəlməsində ehtiramla bərabər rəsmiyyət də var. Dönə-dönə icazə istəyirəm, icazə verin, Sizə böyük hərflə “Sən” deyə müraciət edim. Bu “sən” o “sən”dən deyil...

Ey Vətəndaş vacibliyinə görə, içimizi də, çölümüzü də yandıran dərdi-sərimizdən barmaqlarını saya-saya danışdığına görə lap Nizami kimi, lap Füzuli kimi böyük olan Sabir!

 

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,

Yatmışları razı deyiləm kimsə oyatsın.

Tək-tək ayılan varsa da, haqq dadına çatsın...

Mən salim olum, cümlə-cahan batsa da batsın.

Millət necə tarac olur olsun, nə işim var,

Düşmənlərə möhtac olur olsun, nə işim var.

 

Düzdür ki, dahiləri müqayisə etməzlər, düzdür ki, hərəsinin öz yeri, öz zirvəsi, öz dövrü, öz tarixi şəraiti, mühiti var. Heç mən də Səni heç kimlə müqayisə etmək fikrində deyiləm. Fəqət, ona görə yox ki, Sənin də öz yerin var. Ona görə ki, sən məzmununa görə heç kimlə müqayisəyə gəlmirsən. Təkcə az-çox həmyerlin İmaməddin Nəsimi ilə. O da ki, onun cismani müsibətinə görə. Həm də həlak olanda ikiniz də təxminən bir yaşdaydınız. İkiniz də qaragürühla, ehkam və kor-koranəliklə döyüşdə tək idiniz. İkiniz də xalis Məhəmməd Hümməti, xalis müsəlman idiniz. İkiniz də Qur`anı əzbər bilir, müqəddəs sayır, mənəvi etalon, meyar hesab edirdiniz – şəkk-şübhəsiz...

Nəsimi demirdi ki, Allah yoxdur, peyğəmbər yoxdur, Qur`an yoxdur. Deyirdi ki: Həq mənəm, həq məndədir...

Sən demirdin ki, Müsaviyəm, İsaviyəm, xacpərəstəm, bütpərəstəm. Deyirdin ki, Köhnə müsəlmanam, a şirvanlılar1

Nəsimini Misir məmlüklərinin, yəni hərbi feodal zümrənin fitvasıyla Hələb cəlladları qətlə yetirdi. Səni də evinin-eşiyinin içində, his çəkmiş sabun tiyanının altındakı ocağın şöləsində (əlbəttə, hərfən yox) həmən şirvanlılar...

 

Mənə bəd keçdi şəhri–Şirvanda,

Mərəzim şiddət etdi hər yanda.

Bir tərəfdən təvərrümi ciyərim,

Bir tərəfdən ürəkdəki kədərim.

 

Və ya:

 

Yaşadıqca xərabə Şirvanda,

Bir səfa görmədim o viranda.

Yaşadıqca əzaba düşdü tənim,

Mənə zindan kəsildi öz Vətənim.

 

Ustad, yazırsan ki, “Nə yazım?”. Baş mövzun, sonrakı mövzun, vacib söhbətin, ötəri mətləbin yoxdur. Şe`rlərin dərəcələrə, səviyyələrə bölünmür.

 

Şe`rə məşğul edərək xatiri qəmmailimi,

Qoyuram qənşərimə kağizimi, çernilimi.

 

Axı, daha nə yazmadın ki, necə yazmadın ki, kimdən, nədən yazmadın ki?!

Bir balaca dişli danışan kimi, cəsarətvari söz deyən kimi gözümüz qalır əllərdə, ağızlarda.

 

Millət necə tarac olur olsun, nə işim var?!

 

Sənin vulkanının krateri budur! Əziz Mirəhmədov bu sözləri yaxşı deyib: “Sabir adı dillərdə, eşqi ürəklərdə yaşayan böyük xalq şairi, dünənin, bugünün, sabahın şairidir”. “Sabah” deyəndə bir nöqtə də görünür. Sən sabahların şairisən. Ey müasirliyin də sərhədlərini aşıb keçən Sabir! Səni kimlə müqayisə etməli, nə üçün etməli? Deyirlər Sabir olmasaydı Mirzə Əli Möcüz Şəbüstəri aləm olardı. O, Sabirli də, Sabirsiz də qüdrətlidir, aləmdir. Amma, Sabir deyil...

Mən Sənin min bir çalarlı yeddi cilvəli sənətkarlıq xüsusiyyətlərindən danışıb özünü özünə tanıtdırmaq fikrində deyiləm və buna gücüm də, səbrim də çatmaz. Bircə onu deyə bilərəm ki, yetmişinci illərdə “Ədəbiyyat və incəsənət” qəzetində şe`r şö`bəsinin müdiri işləyirdim. Professor Abbas Zamanovun məqalələrindən birində Sənin şe`r haqqında fikirlərinə rast gəldim. Onları nömrələdim, on iki maddəyə böldüm, iri, qırmızı şriftlərlə rəssama yazdırdım. Başımın üstünə – divara işıq çəkdirib ikiyüzlük lampa yandırdım. Lampanın altından asdım Sənin şəklini, şəklinin də altından gülmıxla divara vurdum Sənin şe`r haqqında fikirlərini, hansı maddəsə dəqiq yadımdadır: “Şe`r yadda qalmalıdır, şe`r əzbərlənməlidir”.

Bu üsulla mən redaksiyaya gələn lüzumsuz axının qabağını alır, Sənin şe`r haqqındakı fikirlərini “müştərilərə” məcburi oxutdurur, beləliklə, şe`r xəstələrinin, qrafamanların əlindən canımı qurtarırdım. Heç kim dinə bilmirdi. Sənə görə!

Ustad, sənin kəlamında dünənimizlə bügünümüzün arasında sərhəd, riz, mərz yoxdur. 1911-ci ildən bu saata kimi əfsuslar olsun ki, əxlaqımızda, şüurumuzda, məcazımızda, zövqümüzdə, zehnimizdə, milli qeyrət və səviyyəmizdə, sə`y və davranışımızda, bir-birimizlə rəftarımızda, nəfsimizdə zahirən olsa da, cövhərən ya heç, ya da ki, əsaslı dönüş, dəyişiklik yoxdur.

Məgər dirilib gəlsəydin, sevinərdin ki, həmən həmənik?! Yox, təzədən vərəmlərdin. “Üzü qara ciyərin” tazədən başlardı şişməyə. Necə qoyub getmişdin eləyik. Elə olduqca da beləyik.

 

– Şəhri mə`lumunuzun vəz`ü qərarı necədir?

– Həmdülillah, necə görmüşdüsə Nuh, oyləcədir!

 

Lap qısası: Əvvəl nə idiksə, yenə biz şimdi hamanız.Bu misra da başqa bir püskürtünün məşhur, ironiyalı “Fəxriyyə”nin leymotivi, məğzidir:

 

Zülmətsevər insanlarıq üç-beş yaşımızdan,

Fitnə göyərir torpağımızdan, daşımızdan,

Tarac edərik, bac alırız qardaşımızdan,

Çıxmaz, çıxa bilməz də bu adət başımızdan.

 

Yalandır? Bu günümüzə, bu saatımıza, bu dəqiqəmizə, bu saniyəmizə böhtandır?! Çox şeyimiz dəyişməyinə dəyişib, tazələnib. Məişətimiz, geyimimiz, miniyimiz, təhsil formamız. Qadağanlar götürülüb, yollar açılıb, ziyarətə – ibadət və e`tiqadgahlara uğurlu yol verilib, menecer peşəsinə rəvac verilib, Azərbaycan biznesmenləri yetişdirilir. Bizi hər cümə axşamı paklığa çağırırlar. Çox şükür ki, saflıq ocaqlarımız, Allah evlərimiz – məscidlərimiz səliqə-sahmana salınıb, abadlaşıb, xəli-xəlçələrlə bəzənib, qəndillərlə, müasir büllur şamdanlarla şəfəqlənib, az qala hər kənddə təzə məscidlər inşa edilir, camaatın hesabına minarələr ucaldılır. İfadələrimdə zərrə qədər istehza yoxdur. Bunlar dövrün-zamanın hökmüylə olan şeylərdir. Lakin, ay ustad, sən ki, yana-yana:

 

İş bilməyən ancaq, yemək-içməkdən əlavə,

Bu canlı dəyirmanlarına şükür, Xüdaya! –

 

Deyirsən ha... bax, söhbət bundadır. Bax, bu canlı dəyirmanlar indi də əvvəldəkindən daha arxayın, daha asudə, daha tükürpərdən xırçıltıyla hərlənir. Məsciddə, məktəbdə, mətbuatda, radioda, televiziyada, partiya, dövlət aparatının, hüquq mühafizə orqanlarının, ticarət şəbəkələrinin hamısında yuxarıdan aşağı, aşağıdan yuxarı hərlənir, milləti millət edən hər şeyi – ən müqəddəsdən ən adiyə kimi hər şeyi üyüdub məhv edir. O ki, qaldı “canlı dəyirmanlar” ifadəsinə – bunun bircə adı var. Dahiyanə kəşf. Vətəndaş şair – Sabir kəşfi. Əliül ə`la!

“Canlı dəyirmanlar” obrazından ürəyimə bir xal düşür, böyük Sabir! Biz səni küllən, qlobal şəkildə – “A başı bəlalı fə`lə”dən tutmuş “Bəhri təvillərədək”, “Çatlayır Xanbacı”dan tutmuş, “Gəl, gəl a yaz günləri”, “Ağacların bəhsi”nədək tanıyırıq, ancaq incəliklərinə qədər – sənətkarlıq xüsusiyyətləri deyilən bir nazik mənada tanımırıq. “Hophopnamə”ni hər mənada, hər məqsəddə misra-misra, kəlmə-kəlmə təzədən oxumaq lazımdır. Canlı dəyirmanlar deyir:

 

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Qoy mən tox olum, özgələr ilə nədi karım,

Dünyavü cahan ac olur olsun, nə işim var?!

 

Sonra deyirsən:

 

Yatmışları razı deyiləm kimsə oyatsın,

Tək-tək oyanan varsa da haqq dadıma çatsın.

 

Doğrudan da, səsini ucaldanların başına nələr gətirilməyib, gətirilmir.

Nəfs, rəyasət, tamah, lovğalıq, ətalət, hazıryeyənlik, – xalqı şəhvətə, şöhrətə qurban vermək  – bəli bunlar – ey ustad, yenə də varlığımıza, şüurumuza hakim kəsilməkdədir. Misal gətirəcəyəm, deyəcəksən ki, özümü özümə tanıtdırırsan? Yox! Təkrar edirəm, ay Azərbaycan xalqı! Sabiri təzədən oxu!

Şe`r güzgünü yaşı qurumuş kipriklərimlə silib, bugünümüzün əyri-üyrülərini onların özünə göstərmək istəyirəm, ustad!

 

Niyə bəs böylə bərəldirsən, a qare, gözünü,

Yoxsa bu ayinədə əyri görürsən özünü?

 

Nə bu xitab, nə bu müraciət təzə üsuldur. Nə də “Hophopnamə”dən gətirdiyim beytlər, bəndlər ətrafındakı fikirlərim, düşüncələrim təzədir. Təzə – bizim Azərbaycan mühitindən ibarət olan cəmiyyətimizin heç vaxt göz bağlayıb sağalmayan, həmişə qan verən yaralarıdır.

 

Öylə zəhləm gedir Allah da bilir millətdən,

Oluram süst, adı gəlcək dönürəm daşə-ətə.

 

Millətdən zəhləsi gedən bu adamlar xalqın heç bir ərizəsini oxumur, heç bir xahişini, tələbini yerinə yetirmir, heç bir şikayətinə qulaq asmır. Bu adamlar həm də millətdən bərk qorxurlar. Hərbi rejim, silahlı keşikçi dəstələri gücünə hökmranlıq edirlər. Ya rəbbim, görəsən analar Mirzə Ələkbər Sabirdən bir də doğacaqmı?

 

Mən fəqət öz əmrimi samanlaram,

Xeyrim üçün aləmi viranlaram.

Mən nə cəmaət, nə vətən anlaram,

Yansa Vətən, batsa cəmaət belə.

 

Ustad, elə bil sən bu saat bazar-dükanı gəzirsən: od tutub yanan ətin, yağın, pal-paltarın – hər şeyin qiymətləri üz-gözünü qarsıyır.

Nə eşq, nə aşiq, nə gül, nə bülbül? Onlar da pulnandır – sərbəst bazar qiymətlərinə alınıb-satılır. İxtiyar sahibləri öz işindədir...

Təzə yaralarımızın üstündən hər gün təzə yaralar vururlar. Kimlər? Özümüzkülər! Bizim özgəyə ehtiyacımız yoxdur. Balta da özümüzündür, sapı da... Belə bir əfsanəni bəlkə sənə ilk dəfə ilk dəfə böyük müəllimin, ustadın Seyid Əzim danışıb..

Əşşi, necə yə`ni inqilabi satirik .air?! İlk kütləvi erməni-müsəlman qırğınını fəryadla qarşılayan, ermənilərlə Azərbaycanlıları biri-birinin qanına qəltan edən rus siyasətini – onun iç üzünü də, çöl üzünü də görən – bu saat bizim gördüyümüzdən də yaxşı görən bir şairin ilahi vergisinə, bəsirət gözünə eşq olsun!

 

Fitneyi iblisi məl`un oldu nagah aşikar,

Haqqı xalqa bildirib dəf`i-zəlalət etməli.

Sabira! Beynəlmiləl tədbiri ülfət etməli.

 



Sabira! Sən Azərbaycan xalqının, bütün müsəlman dünyasının əbədi Vətəndaş mərsiyəxanı, sinə vurub nohə deyənisən. Sən göz yaşları içində qəhqəhəsən. Sənin misraların qıpqırmızı köz üstündə, yaşıla çalan iti-iti şüşə qırıqları üstündə ayaqyalın gəzir. Taziyanələrin, çağırışların, qamçıların elə şaqqıldayıb ki, elə şaqqıldayır ki, elə şaqqıldayacaq ki... şimşəklər, ildırımlar susacaq, sönəcək.

 

Sevdayi məvəddətdən,

Xali görünür başlar,

Biganə bilir yeksər,

Qardaşları qardaşlar.

Gözlər dəxi qan saçsın,

Bitsin saçılan yaşlar,

Ağlar bizə torpaqlar,

Dağlar, dərələr, daşlar.

Zinhar, edəlim xidmət,

İnsanlığa, yoldaşlar!

Qeyrət, a vətəndaşlar,

Hümmət, a vətəndaşlar.

 

Bilirəm, sən ibarəni, sün`i, gurultulu, bərbəzəkli təşbehləri, şit bənzətmələri qələminin yaxınlığına da buraxmamısan. Sən sədəf dəstəli, ovuc içində yerləşən tapanca (o da silahdır) deyilsən, uzaq vuran, uzun, qara lüləli, qundağı bəzəksiz, çaxmağı ayaqda tüfəngsən!

 

Əvvəlcə verirlər sizə hürriyyəti əfkar,

Yə`ni danışıb fikrinizi eyləyin izhar.

Vəqta ki, danışdız, vüzəra oldu xəbərdar,

Mütləq görəcəklər ki, cibişdana zərər var.

Hər fənnilə olsa, qovacaqlar sizi naçar,

Çünki bu yığıncaqda olur haqqınız inkar.

 

Ali Sovetin sessiyalarında demokratik blokdan, həqiqət, haqq-ədalət cəbhəsindən olan, azlıq təşkil edən, həyasız, fitvalı, göstərişli hücumlara mə`ruz qalan xalq deputatlarını və onlara qarşı duran qoluzorlu çoxluq təşkil edən partokratiya təmsilçilərini gözümüzün qabağına gətirmirikmi?!

 

Bimərhəmət ə`yanlarına şükr, xudaya!

Bu sahibi milyonlarına şükr, xudaya!

Xassə Bakı şəhərində, o şöhrətli məkanda,

Dərya tək axan qanlarına şükr, xudaya!

Sakit oturan böylə cinayətlərə qarşı,

Bu sahibi vicdanlarına şükür, xudaya!

 

        Pah atonnan, daha sözüm yoxdur, Sabir! Sən ki, daş heykəlindən silkələnib Şəhidlər xiyabanına gəlmisən ki... İlahi!

       Ey xalqımın, millətimin, bağrıyanıq torpağımın, varlı, bərəkətli, duz-çörəkli torpağımın əmrsiz, qərarsız, fərmansız, möhürsüz Xalq şairi! Kim səni tanımır, oxumur, əzbər demir? Hamı, hamı! Sənin fərqinə varan da, vara bilməyən də Səni sevir. Sən özünə qədərki klassik ənənəvi şerimizin cazibə qatlarını qırdın. Yeni ifadənin, yeni məzmunun, təzə boyaların açıq kosmosuna çıxdın.

 

Çırmanırıq keçməyə çay gəlməmiş,

Başlayırıq qızmağa yay gəlməmiş.

 

       Kəmhövsələlik, ölçüb-biçməmək, vaxtsız banlamaq, özündən çıxmaq Bizlərə xas deyilsə də bəs kimə xasdır? Kim bunları zərbi-məsələ dönmüş belə bir dahiyanə, əyani xəlqiliklə ifadə edə bilərdi. Heç kim. Səndən başqa heç kim.

 

Tacirlərimiz Sonyalara bənd olacaqmış,

Bədbəxt Tükəzbanları neynərdin, ilahi?!

 

Böyük şair! Yadıma Səməndər quşu əfsanəsi düşdü. Deyəcəksən ki, bu beytin Səməndər quşuna nə dəxli var? Var! Bəs sən özün Səməndər quşu deyilsən? Səməndər quşu ölmür. Sən də ölməmisən. Sənə “ölməz” demirəm. “Ölməz” ölüyə (əlbəttə, hər ölüyə yox) deyərlər. Səməndər quşu oddan doğulur, odda yanıb kül olur. Yenə oddan doğulur. Sən də xalqın sinəsində qalanan odlardan doğulur, odlarda kül olur, odlardan qanadlanırsan. Bədbəxt Tükəzbanların halına yana-yana, onların səadətini oğurlayan Sonyalara qəzəbdən od tuta-tuta yandın, yana-yana dirilib gördün ki, əşşi, nə Sonyabazlıqdır? Sonyalar yalandır, Tükəzbanlar həqiqətdir. Gördün ki, o gəlmə Sonyalar bügünkü milli Tükəzbanlarımızın əlinə heç su tökməyə də layiq deyil. Bu gün müasir tacirlərimizin işi xeyli asandır. Nə qədər istəyirsən özü də, üzü də, gözü də açıq Tükəzbanlarımız var. Bəs necə? Qadınla kişi bir hüquqa bərabərdir. Rayonlardan, kəndlərdən şəhərə axışan, azadlığı müstəqilliyi, sərbəstliyi  başlı-başınalıq, cilovsuzluq kimi başa düşən, qaş-göz arasında, məsləhətsiz, aqsaqqalsız, ağbirçəksiz, yağlı dil – aldanmış gözbağlıcasıyla nigah kəsdirən, nigah pozduran, dünyaya övlad gətirib ondan imtina edən, onu doğum evindəcə qoyub qaçan, divar dibinə, körpələr evinə, yetimxanalara atan Tükəzbanlarımızı görəndə yenə də yanırsan, yenə də kül olursan, yenə də dirilirsən.

Böyük Sabir, vallah mən “Dünyanın yeddi möcüzəsi” deyilən möcüzələrdən birini pozub yerinə Səni yazardım. Kaş ki, Sən balaca bir Avropa ölkəsinin, dövlətinin, millətinin, xalqının şairi olaydın – söykəndiyin divarı, ayaq basdığın yeri, əlin toxunan ağacı, xörək yediyin qab-qacağı qızıla tutardılar, abidəni lül qızıldan tökərdilər. Hələ şe`rin, sözün, ədəbi irsin qalsın bir qıraqda.

Ədəbi irs, ədəbi irs! Ən azı on ildən yuxarıdır ki, necə deyərlər başına and içdiyimiz “Hophopnamə” yoxdur, məmə deyəndən pəpə yeyənədək hamımız partapart kitab çap etdiririk. Hanı ayinəmiz, bəsirət gözümüz, anlamaq dərdimizin həm təbibi, həm dərmanı “Hophopnamə”? Hanı lap çoxdan böyük xalq rəssamı Əzim Əzimzadənin şəkilləriylə bəzədilmiş, Abbas Səhhətin dost yanğısı, səliqə-səhmanı, sənin irsinə sədaqəti, həkim-ziyalı həssaslığı ilə tərtib edilmiş “Hophopnamə”? Hanı səhifələrindən Sənin öz hənirtin gələn, hanı səhifələrində “Molla Nəsirəddin” mühitinin mənzərəsi görünən, nəbzi vuran “Hophopnamə”? Hanı təhrifsiz, ixtirasız, senzor-qlavlit qadağanına m`ruz qalmamış “Hophopnamə”? Bir də ay ustad

 

– Görmə” Baş üstə, yumaram gözlərim,

– Dinmə! Mütləq kəsərəm sözlərim.

– Bir söz eşitmə! Qulağım bağlaram,

– Gülmə! Pəkey, şamü-səhər ağlaram.

– Qanma! – Bacarmam. Məni mə`zur tut,

Böyləcə təklifi məhalı unut!

Qabili-imkanmı olur qanmamaq,

Məcməri-nar içrə olub yanmamaq.

Eylə xəmuş atəşi-suzanını,

Qıl məni asudə, həm öz canını.

 

kimi bir şe`rin təmsil etdiyi kitabı, müqəddəs “Hophopnamə”ni təzədən, Allah qoysa çap edəndə onu: “Partiyamızın XIX qurultayında sovet ədəbiyyatı və incəsənətində satiranı qüvvətləndirmək vəzifəsinin qarşıya qoyulması ilə əlaqədar olaraq, bütün klassik satira irsi kimi Sabirin inqilabi satirası da aktual əhəmiyyətə malikdir. Sabir zəhmətkeş xalqların qanını soran feodal-kapitalist ağaların qənimi idi” – kimi bədnam, uydurma, qeyri-insani müqəddimələrdən xilas etmək lazımdır. Axı, ayıbdır! Necə bilirsən ustad?! Fikrə gedirsən. Elə mən də fikrə gedirəm.

Belə snayper, belə söz nişancısı olar ki, bir gülləsi də, bir oxu da hədəfin, hədəflərin tən ortasından dəyməsin? Boşboğaz, qışqırıcı qəzetçilərdən tutmuş əsil mollaya, həqiqi din xadiminə dəxli olmayan acgöz, savadsız mollaçılaracan qırmızısaqqal uşaqbaz baqqallaracan, boynuna xaç salıb Omeylanov olanlaracan, Zilli Sultandan “Məmləkəti-Rey” satan Məmmədəlidən tutmuş, ətalət kəsafət yorğanına bürünmüş Fərhad kişilərəcən, Xan bacısına şikayətdən tutmuş, bayquş kimi vaqqıldayan dilənçiyəcən. Bakı qoçularından tutmuş Şamaxı müftəsinəcən, yuxusunda darı görən "Ac toyuq"dan tutmuş Qurban bayramında barmağının kirini soran qonşuyacan, küçədə qoca sailə (dilənçiyə) qan qusduran yeniyetmə feyzilərəcən, yeni məktəbi – təzə təlim üsulunu – üsuli-cədidi ələ salan nadandan tutmuş, başı bəlalı fəhləyədək, eh kimdən tutmuş kiməcən, nədən tutmuş nəyəcən –sənin qələmindən, "Hophopnamə"nin səhifələrindən gəlib keçməyib?

Ustad, buna görə də "Hophopnamə"nin hər səhifəsi ayrıca buklet – bukletlər şəklində, yenə də deyirəm Əzim Əzimzadənin və həmən stilli təzə, cavan rəssamlarımızın illustrasiyaları ilə çox böyük nüsxələrlə çap edilməlidir. Nəinki filoloji, hətta bütün orta ixtisas, ali məktəb və universitetlərdə proqram üzrə Sabir kursu, Sabir mühazirələri, Sabir dərsi keçilməlidir. Hələ orta ümumtəhsil məktəblərini demirəm.

Ustad! Deyirlər Səni "Molla Nəsrəddin" jurnalı, Molla Nəsrəddin, yə`ni Cəlil Məmmədquluzadə ədəbi mühiti yetişdirib. Nə olar etiraz etmirəm. Ancaq, bu da bəsdir! Bəsdir ona görə ki. qulağımız dəng olub. Səni gətirən gətirib, yetirən yetirib. Səni, əyninə zorla geyindirilmiş feodal-burjua, kapitalist-istismarçı, mürtəce və sairə soxalardan – ölü paltarlarından xilas etmək lazımdır. Məsələn, dünya ədəbiyyatında, dünya ədəbiyyatşünaslığında heç yazıblar ki, Danteni, Şekspiri, Firdovsini, Huqonu, Füzulini, Puşkini, Lermontovu filankəs, filan mətbuat, filan mühit, şərait yetişdirib?!

       Respublikada Nizami Gəncəvinin 840 illik yubileyinə qızğın hazırlıq ərəfəsində Heydər Əliyevin qəbulunda olan hansısa bir Moskva müxbiri xəbər alır: – Heydər Əliyeviç, axı 840 il bütöv, yuvarlaq tarix deyil. Bu nə yubiley vaxtıdır, axı?

Cavab: – Nizami Gəncəvi elə bir dahidir ki, hər gün onun yubileyini keçirmək olar.

 

        Böyük Sabir, bu qısa söz eynilə məhz sənə aiddir. Sən mövsümsüz, mərasimsiz, təqvimsiz, münasibətsiz-filansız hər gün anılmalısan və anılırsan da. Ey cəmi-cümlətanı beşcə ilin əbədi dahisi (1906-1911). Min-min cildlərə bərabər bircə "Hophopnamə" müəllifi Sabirimiz! Sənin obrazların, ifşa hədəflərin bu gün də cabəca sağ-salamatdır. Beləliklə, yubileyin, mövsümün, təqvimin, şe`r bayramının sənə dəxli yoxdur və olmayacaq. Sənin surətlərinin bir dişi də laxlamayıb, hamısı da hərəkətdədir. Tirdə donuq fiqur da var, hərəkət edən fiqur da. Hərəkət edən fiqurları hər adam düzgün nişan ala bilmir. Çünki, bundan ötrü yalnız görmək azdır. Əlbəttə, görmək birinci şərtdir. Yəni ustad, Sənin fitri, qeyri-adi istedadın birinci şərtdir. Bəs daha nə lazımdır? Hesablamaq, ölçüb-biçmək, fiziki, riyazi təxmin, hədəfin hərəkət sür`əti, güllənin sür`əti, qövsü, trayektoriyası, havanın müqaviməti. Gör ki... Sən səksən beş illik bir zaman məsafəsindən bu gün, bu saat hərəkətdə olan fiqurları – tipləri nə cür sərrast nişan alıbsan, nə cür gözündən vurubsan:

 

Vəkil:

Haqsıza haqlı deyib bir çox günaha batmışam.

Həkim:

Dərdi təşxis etməyib, qövm-əqraba ağlatmışam.

Tacir:

Mən halal ilə həramı bir-birinə qatmışam.

Rövzəxan:

Ümmətin pulun alıb, mən gözlərin islatmışam.

Dərviş:

Nerdə bulsam soq açıb, min-min yalan söz satmışam.

Molla:

Gündə bir fitva verib, məxluqu çox aldatmışam.

Elm:

Qət`i-ümmid etmişəm, yeksər bu qövmü atmışam.

                          Cəhl:

Ortada keyf eyləyib, mən hər mərama çatmışam.

Şair:

Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam.

                          Əvam:

Anlamam, hərgiz cəhalət bəstərində yatmışam.

Qəzetçi:

Mən çəridəm dolmaq üçün mətləbi uzatmışam.

        

Xaqanini, Nizamini, Nəsimini, Füzulini, Xətaini, Məsihini, Saib Təbrizini, Nəvaini və bu qismdən olan böyük sənətkarları, klassikləri – Sənin öz müəllimin Seyid Əzim Şirvanini, Sənin öz müasirin Məhəmməd Hadini yaxşı-yaxşı başa düşmək üçün adi, sıravi oxucu olmaq az idi və azdır da. Onların oxucusu Tövratı, İncili, Qur`anı, əsatir və hədisləri, şəriət risalələrini müxtəlif mə`xəz və mənbələri əbcəd hesabını, me`marlığı, nücum (astronomiya) elmini, ərəb-fars tərkiblərini, əruz bəhrlərini, onun imalə və izafətlə (saitləri ahəngə görə uzadıb yığmaq) oxumaq qaydalarını bilməli idi və bilməlidir.

Məsələn: Füzulişünas və füzulişünaslıq deyəndə – gözümüzün qarşısında ömrünü Füzulinin sənətinə, kəlamına həsr etmiş konkret ixtisas sahibi – mütəxəssis alim canlanır. Füzulişünaslıq deyəndə isə sistemli bir təlim, filologiya elmi canlanır. Məni düz başa düş, ustad, demək istəyirəm ki, Sabirşünas və sabirşünaslıq deyəndə mənə bir təhər gəlir. Çünki bütün xalq sinədəftər Sabirşünasdır.

 

Bir bölük boşboğazıq – heyvərəlik adətimiz,

Doludur lə`nət ilə, qeybət ilə söhbətimiz.

 

Və ya

 

Yaşamaq istərisək dəhrdə əmniyyət ilə,

Elmə, fənnə, üdəbaya baxalım nifrət ilə.

Uyalım fitnələrə eldəki vəhşiyyət ilə,

Yatalım bəstəri qəflətdə uzun müddət ilə.

Püxtəlikdən nə yetər, biz hələ xam olmalıyıq.

Yaşamaq istərisək - sırf əvam olmalıyıq.

 

Ustad! Sənin bu tərsinə sillənə, adamın gözündə çaxmaq çaldıran naqolay sillənə, axı nə Sabirşünaslıq?! Sənin də vaxtında, dövründə ədəbi mühit vardı, şairlər vardı – Hadilər, Səhhətlər, Qəmküsarlar vardı. Ancaq başqaları da vardı, sillən onları da tutub ey... Deyəsən bu cür söz dəllalları səni lap çox yandırıb:

 

Pula sitayiş edən şairin bu qəhbəliyi,

Nəhayət, əqbəh olan bir əda deyil də nədir?

      

Abidənin başına dolana-dolana Sabir bağında gəzirəm. Bundan əvvəlki heykəlin mənə daha çox xoş gəlirdi. Çünki o heykəl zərif idi. Hüzünlü idi. Tə`nə, təhdid oxlarına tuş gələn, şam kimi əriyən, təvazə, dözüm, dəyanət mücəssəməsi idi. Ancaq nə dəxli heykəl daşdır. Yox, Sabir, Sənin heykəlin daş deyil. Sənin məzarın da milyon qəbirdən biri deyil. Onlar sənin şərti nişangahların, ünvanların, koordinatlarındır. "Koordinat" lap müasir səsləndi axı. "Səsləndi"yə bax ey... Ustad, bir var bir ifadəni, bir sözü hansı məqsədləsə yürütdüyün, təbliğ etdiyin bir fikrə uyğunlaşdırasan, bir də var ki, "Hophopnamə"nin başdan-ayağa bütün misraları bu günün sözü-söhbəti ola, bu saat qübar etmiş ürəyimizdən irinli-qanlı tikan çıxara...

 

Mənəm-mənəm deyənlərin inanma çox da qövlünə,

Gərəkli gündə onların qıçındakı fərarı gör.

 

Deputat mandatı alıb vəzifəsini, mövqeyini qorumaq üçün, qılıncını sıyırıb camaatın canına daha arxayın, amansızlıqla düşmək üçün dil töküb xalqa yalvaran, qapı-qapı gəzib adi dolanış, məişət ehtiyaclarından sui-istifadə edən, rüşvət təklif edən, yağ, ət, yumurta, kolbasa paylayan... məqsədinə çatandan sonra heç kəsi, heç kimi tanımaq belə istəməyən müəyyən parlament üzvləri göz önündə canlanır.

 

Sən demədinmi Dumada rəf olur ehtiyacımız,

Mən demədimmi çox yemə, tez pozular məcazımız.

Qara buludlar oynaşır, indi nədir əlacımız,

Çulğalayır bizi duman, mən deyən oldu-olmadı.

 

Buyur də! Bu fikir, qənaət Azərbaycan Respublikasının bügünkü ictimai-siyasi, iqtisadi-mənəvi vəziyyətiylə, elan edilməmiş müharibə içində, fövqəl`adə vəziyyətin tüfəng lülələri altında çalışmağımızla, yox, yaşaya bilməməyimizlə, piştaxtaları, boş taxtaları od tutub yanan bazar-dükanımızla lap mikromillimetrinəcən üst-üstə düşür ya düşmür?

 

Sanma bir məsləki-təqib ilə möhkəm qalaram,

Əlli arxın suyunu gündə bir arxa calaram.

Kefimin gəlməsinə bax, nə gərək yaxşı-yaman,

Mən gəhi mixi, gəhi nəli döyüb tapdalaram.

 

Bəli, ustad, Sənin bu sözlərin tərəddüd və qorxaqlıqdan xəyanətə, satqınlığa gedib çıxan üzdəniraq ziyalılara, mühüm nöqtələri yerləri tutanlara necə də aiddir! Sən həmişə "intiligentin" yaxasından bərk yapışmısan. Düz eləmisən. Çünki, ziyalı cəmiyyətin dirijorudur. Sən bu dirijorun əlindəki çubuğun bircə titrəyişini belə gözdən qoymamısan. Ona görə də Sən Azərbaycanın şe`r qalaktikasında əvəzsiz, müqayisəsiz, tək tənhasan, Sabir!

 

Hər gün genəldi daireyi hörmətin sənin,

El uğradıqca fəqrə, şişib sərvətin sənin.

Millət arıqladıqca kökəldi ətin sənin,

Rüşvət haramdır dedin: aldın, utanmadın.

 

Bu xalq, bu millət xüsusilə, təzə nəsil Səni təzədən, yaxşı-yaxşı, bugünün gözüylə oxumalıdır. Yoxsa ki: "Sabirin təsvirində kapitalist son dərəcə həyasızlaşmış yekəbaşdır" deməklə həm səni təhqir edir, həm təhrif edir, həm də Tağıyevlərin işıqlı ruhuna ədəbsizlik edirik.

 

Kim nə deyər bizdə olan qeyrətə,

Qeyrətimiz bəllidir hər millətə.

 

Belə olduğu üçün də belə düşünüb belə qələmə vermişik Səni, Sabir! Belə olduğu üçün də Füzulinin  – Yarəb, bəlayi eşq ilə qıl aşina məni – misrasındakı "Yarəb" sözünü "Yoldaş" sözüylə əvəz etmişik, bizi Allahsızlar cəmiyyətindən çıxardardılar axı. "Yeni yol" qəzetini bağlayardılar axı...

 

Yoldaş, bəlayi eşq ilə qıl aşina məni,

Bir dəm bəlayi eşqdən etmə cuda məni.

(Məcnunun dilindən)

 

“Azərbaycan ədəbiyyatı tarixi” kitabından: “Sabiri xarakterizə edən başlıca xüsusiyyət onun bir sıra məsələlərdə proletar məfkurəsinə yaxınlaşması idi. Realist satirasının ən yaxşı ideya xüsusiyyətlərilə Sabir, dövrünün M.Qorki, Yan Raynis, A.Sereteli kimi məşhur inqilabçıları, yazıçıları ilə bir cərgədə durmuşdur”.

        indiyə kimi rəsmi ədəbiyyatşünaslıq və tənqid belə qiymətləndirib. Xüsusən, dərsliklərdə zaman-zaman düzgün təhlil və tənqid edilməmisən.

Azərbaycan Sovet Ensiklopediyasından: “Sosializm idealları Sabir üçün böyük ilham mənbəyi idi”. 

Sənin barəndəki yazıların hamısının yönü, fikri, təmayülü belədir:...inqilabi satiranın banisi, fəhlə-kəndli şairi, beynəlxalq irticanı, boynuyoğunları, mollaları qamçılayan, dövrünü-zəmanəsini ifşa edən və sairə... Bunların hamısı süni, sosialoji, tendensiyalı, böyük şair, sənin heç yuxuna da girməyən təyinatlardır, söhbətlərdir, hər işdəki kor-koranəliyimizdən, saxtakarlığmızdan biridir. O ki, qaldı “öz  dövrünün ifşası” məsələsinə ki, bunu Sənin məziyyətin kimi qeyd ediblər – əslində Sənin bu ifşana, bu atəşlərinə bizim bu günümüz, bu saatımız – Azərbaycanımızın hal-hazırı daha düzgün seçilmiş hədəfdir! Bax mən buna deyərdim ki, bütün şablonlardan, zoran təfəkkür tərzindən, Sabirdən yapışıb dünənimizə tüpürmək şakərindən tamamilə uzaq, kənar, təzə açıqgözlü Sabirşünaslığın vaxtı, zərurəti gəlib çatıb.

 

Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun,

Millət düyünün açmağa himmət gərək olsun.

Min elm deməkdənsə, həmiyyət gərək olsun,

Sözdən nə bitər, işdə həqiqət gərək olsun.

 

Böyük ustad! Təzə Sabirşünaslığın işi çox və çətin olacaq. O, Sənin təhlilinə, təbliğinə tamamilə SIFIRDAN başlamalıdır. Sənin yaradıcılığının əsas qayəsini, cövhərini, mayəsini dinin, boynuyoğunun, feodalın, kapitalistin ifşası anlayışından xilas etmək lazımdır. Xüsusən gənc nəslə başa salmaq lazımdır ki, Sən nə burjuaziya bilmisən, nə sinfilik-qeyri sinfilik bilmisən, nə siyasət adamı olmusan, nə inqilabçı, nə də demokrat olmusan. Sən ilahidən gələn bir vergi, bir fəhmlə, sehrli bir bəsirət gözüylə, bir ülvi, bir əlçatmaz istedadla milli bəlalarımızı bu gün daha çox tuyğan edən fitri nanəcibliyimizi açıb tökmüsən. Sənin realizminin heç təşbehə də, bənzətməyə də, istiarəyə də ehtiyacı olmayıb.

 

Əqrəb kimi neştər gücü var dırnağımızda,

Hər küncdə min tülkü yatıb çardağımızda,

Min hiylə qurub rüşvəti ikram alırız biz.

 

Bu lap iri planlı, panoram ifşadı. İnan ki, bu misralardan ÇOXUMUZUN xəbəri yoxdur. Dərs kitablarından hansı şe`rini oxumuşuqsa elə yadımızda da o qalıb. “A başı bəlalı fə`lə” şe`ri sənin tacındır! Ancaq yaqutsuz-lə`lsiz, gövhərsiz tac olmur axı, Sabira! Təfriqə - ayrı-seçkilik, nifaq, həmrəy olmamaq bir-birini eşidə bilməmək, hətta Qur`anın, peyğəmbərin çağırışına məhəl qoymamaq, içəridən parçalanmaq, sökülüb dağılmaq nəinki Azərbaycan xalqının, bütün müsəlman dünyasının əbədi-əzəli faciəsidir! Sünni-şiə məzhəbləri də, yerliçilik də, məhəli lovğalıq da pirimitiv əyalət ədabazlığı da, Fələstin müsibəti də, İran körfəzindəki məğlubiyyət də buaradan doğur, bi faciənin acı bəhrələridir.

 

Da`i bə üxüvvət olurikən bizə qur`an,

Əmr eylər ikən birliyə peyğəmbəri zişan.

Tapmazsan iki müttəfiqürrəy müsəlman,

Qafqazda olan bir neçə milyon arasında.

 

“Qur`an” dedim, bir neçə mətləbə toxunmaq, bir cəhəti aydınlaşdırmaq istədim. Axı, ay ustad, Sən dindarsan, oruc tutan, namaz qılan, ağzı dualı müsəlmansan. İslam tarixinə, ilahiyyata (elm kimi) şəriətə bələd ziyalısan. Qur`ani-şərifi ayələrinəcən, sürələrinəcən əzbər bilən – mə`naları ilə birgə, yozumuyla bahəm əzbər bilən e`tiqad sahibisən. Bizə gəlib çatmasa da, itib-batsa da nohələrin, mərsiyələrin, müqəddəslərin şə`ninə qəsidələrin olub. 

Bəs elə isə nə üçün hələ Sənin kimi molla, zahid, axund, müfiti, mərsiyəxan düşməni tanımır bu Azərbaycan ədəbiyyatı?! Sən cəmiyyətin bütün bəlalarını – avamlığın, geriliyin, əxlaqsızlığın, riyakarlığın, məsləksizliyin, qəddarlığın, əsrlə ayaqlaşa bilməməyin səbəbini din xadimlərində görürsən? Onda belə çıxır ki, bizim dinə Bügünkü münasibətimizlə Sənin dinə Ogünkü münasibətin düz gəlmir. Səsini eşidirəm:

– Yox, elə deyil! Heç bir ağıllı şəxsin və mənim heç bir sələfimin dində, e`tiqadda işi olmayıb. “İşi olmayıb” azdır. O, hansı böyük şairdir ki, sözünün, kəlamının, beytinin, dastanının əvvəli də, axırı da Allah, Məhəmməd, Qur`an olmasın. Hələ mən qeyri dinlərə, qeyri müqəddəslərə ehtiramı, hətta vaqif (bələd) olmağı bir yana qoyuram.

Mən dini-imanı quldurçuluq-qarətçilik tüfənginə, yasin sürəsini pul tələsinə çevirən, təsbehi, papağı, qurşağı, hənalı saqqalı, namazı cammatın gözünə soxan lotuların, din pərdəsinə bürünmüş lotuların, ürəyində “şəriət avamlar üçündür” deyib milləti ələ salanların düşməniyəm:

 

Aldanmaram ki, doğrudur ayinin, ey əmu!

Kəssin məni həqiqi isə dinin, ey əmu!

İmanına qəsəmlə çapırsan cəmaəti,

Quldurçuluq tüfəngimidir dinin, ey əmu?!

 

Mən bozbaş kasasından, plov sinisindən tutmuş gözə, beyinə, ürəyə soxulan ədabaz nadanların, özünü məclislərdə dartıb hamıdan ağıllı sayan çərənçilərin, batini bir cür, zahiri başqa cür olanların qənimiyəm. 

 

Ey xacə, çalış surəti zahirdə qəşəng ol,

İstərsən özün surəti mə`nidə çəfəng ol.

 

Və ya:

 

Deyilik naşı bu işdə, ağarıbdır yalımız,

Bilirik dini müsəlmanı bu gün öz yolumuz.

 

Və ya:

 

Allahu peyğəmbər imam,

Həm də ziyarətgah tamam.

Mollaya mal olmuş, balam,

Yox gözləyən irzü ədəb,

Mollalar olmuş pul tələb.

 

Mən paklığın, amalın, dərin e`tiqadın, öz dinimin səcdəsindəyəm. Mən ulu babam Nəsiminin səsinə səs verib deyirəm. Mən haqqam, haqqın da tərəfdarıyam. Nə o cür sünniyəm, nə bu cür şiəyəm:

 

Əşhədü billahi əlüyyül əzim,

Sahibi imanam, a Şirvanlılar!

Yox yeni bir dinə yəqinim mənim,

Köhnə müsəlmanam, a Şirvanlılar!

Şiəyəm, əmma nə bu əşkalidən,

Sünniyəm, amma nə bu əmsalidən.

Sufiyəm, əmma nə bu əbdalidən,

Haqsevən insanam, a Şirvanlılar!

Küfrümə hökm eyləməyin zur ilə,

Qaili Qur`anam, a Şirvanlılar!

 

Heç kəs məni zorla kafər, dinsiz `lan etməsin. O ki, qaldı Vətənimdə dinin, dindarın, mollanın, şeyxin, müftinin, axundun bügünkü mərtəbəsinə – yenə həmən həməndir. Var əsl din xadimi, var ikiüzlü, siyasət oyunbazı, rəsmi dairələrin əlində alət, ağzında zurna təbliğat vasitəsi ki, onlar indi də mənim ifşa və nifrət hədəfimdir.

 

Əlhəzər qoyma baxa əksimə zahid ki, onun,

Nuri haq dideyi xudbininə zülmət görünür.

Qoy bu ayinəyə ol pak nəzər baxsın ki,

Bütün əşyadə ona nuri həqiqət görünür.

 

Aydındır, ustad! Bilirəm, az qala deyəcəksən ki, əşşi, bəsdir özümü özümə tanıdırsan. Bəsdir yazdıqlarımı üzümə oxudun.

Sabira! Əvvəla, Səni üç-dörd şe`rini, iki bəhri təhvilini məhdud müntəxabat çərçivəsindən xilas etmək, “Hophopnamə”nin dərin qatlarına, ümman genişliyinə baş vurmaq lazımdır. “Fəhlə”ni də, “Xanbacı”nı da yeni gözlə təhlil etmək lazımdır. “Oxutmuram, əl çəkin” şe`rini axı nə qədər Sənin dilinlə, əlinlə camaatın, xalqın başına vurmaq olar? Axı nə qədər yanıqlı olsan da, öz xalqını heç də ümumən savad, təhsil əleyhdarı kimi damğalamaq istəməmisən. Sən üsuli-cədidi – yeni təhsili, yeni məktəbi çaşğınlıqla qarşılayan, ürəyi təmiz, sadə, sıravi həmvətənlərinin heyrətini, qaragüruhdan qorxmağını təsvir etmisən:

 

Gərci bu bədbəxt özü elmə həvəskar idi,

Kəsbi kamal etməyə sə`yi dəxi var idi.

 

Fikir verin. “Sə`yi dəxi var idi”. Bir var oxumaqdan qaçmaq, bir də var qorxudan oxumağa baş qoşmamaq. Bu nüansları açmağın səni saxta, standart yozumların əlindən, daha doğrusu, yozanların əlindən xilas etməyin vaxtıdır, ustad!

Ustad! Cəsarət eləyib məktubumda bir nazik telə də toxunmaq istəyirəm. Ağlımız kəsəndən bəri oxumuşuq ki, bizə öyrədiblər ki, Sabir bütün mənfi tiplərini onların öz dili ilə danışdırır. Yəni fəhləni ələ salan,(əslində ona sözün düzünü deyən) əkinçini hədələyən, dilənçini qapıdan qovan tiplər deyir həmən sözləri. Heç Sabir də fəhləyə deyər ki:

 

Fə`lə özünü sən də bir insanmı sanırsan?

Pulsuz kişi, insanlığı asanmı sanırsan?

İnsan olanın cahü-cəlalı gərək olsun,

İnsan olanın dövləti-malı gərək olsun.

  Alçaq, ufacıq daxmanı samanmı sanırsan?

 Axmaq kişi, insanlığı asanmı sanırsan?

 

Niyə axı? İnsanın rifahı, xoş güzəranı, ruzusu, pulu-parası, ev-eşiyi olar də, nə mənfi tipbazlıqdır?

 

Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Vaqqıldama bayquş kimi, idbar dilənçi.

 

Hər məqamda, hər mühitdə, hər şəraitdə dilənçilik ləyaqətsizlikdir. Kim qapıya gələn dilənçini qucaqlayıb bağrına basıb, o üzündən, bu üzündən öpüb? Heç kim. Nə mənfi axı?

 

Adəmi adəm eyləyən paradır,

Parasız adəmin üzü qaradır.

 

Bu sözü sırf – yaşayış, dolanmaq, maddi həyat kredosu, meyarı kimi hamımız, hər yerdə, həmişə demirikmi? Bunu nə üçün, ancaq mənfi tip deməlidir?

Rus imperiyasının əsarəti, məişətimizə, adət-ənənələrimizə müdaxiləsi, rus çinovlikliyi, rus dəftərxana idarə üsulu, rus senzoru, rus xəfiyyəsi, rus danosu, əyalətlərdə çarizmin ruslaşdırma siyasəti Sənin nəzərindən necə yayına bilərdi, böyük sənətkar?! Elə isə bu şe`r nə üçün mənfi tipin, avamın dilindən deyilməliydi?

 

Neynəyim, ey vay, bu urus başdılar,

Bilməyirəm hardan aşıb daşdılar?

Ölkədə gündən-günə çoxlaşdılar,

Hər əmələ, hər işə çulğaşdılar.

Qoymayın, ay köhnələr, ay yaşdılar,

Heyvərələr hər yerə dırmaşdılar.

 

Vallah, billah, ay ustad, Sənin o “Bu boyda-bu boyda” çox geniş yayılmış şe`rin var ha:

 

Əyinlərində buluz, başlarında baftalı şapka,

Alınlarında urus tək nişan bu boyda-bu boyda.

Məgər bular deyil övladi-paki dindaran,

Tuturlar uşqulalarda məkan bu boyda-bu boyda.

 

Heç o da mənfi tipin dilindən deyil. Bu əsərdə heyrətindən ağzı açıla qalmış bir adamın, na olar lap olsun yeniliyi, tərəqqini birdən-birə dərk eləyə bilməyən bir sadəlövhün, lap bir avamın səmimi, təəccüb dolu sualları var. Sözümün canı budur ki, sənin əlvan, dadlı-duzlu, canlı-canlı obrazlarını, xalq həyatının tam əksi olan surətlərini (tip sözünü də bir qırağa tullamaq lazımdır) eyni damğa ilə damğalamaq və ümumiyyətlə damğalamaq, illər boyu sənin yaradıcılığını dayaz, bəsit sün`i sosioloji təhlilin – bədnam, uydurma proletar baxımından təhlilin predmetinə çevirmək heç cür bağışlana bilməz bir iş, bir cinayətdir. Sənə özcə canlı gözümüzlə yox, marksizm-leninizm təlimi, sinifli cəmiyyət, sinifli ədəbiyyat gözüylə, ölçüsüylə baxmışıq. Bəsdir, daha belə baxmayaq sənə, Sabira!

 

Şiddəti seylan ilə baran tökür,

Bir koma yox, daldalana bilmirəm.

 

deyə-deyə yenə də sənin o ağlar, o nurlu, o dərin gözlərin, o iti baxışların zülmətlər içində, zalimlər içində, harınlar içində, yekəqarınlar içində, həpəndlər içində, saqqallılar, qurşaqlılar, zahidlər, heyvərələr içində papağını kəc qoyan bəylər içində Səttar xanları da, Bağır xanları da, Həsən bəy Zərdabiləri də, Firudin bəyləri də, Ağəli bəy Nasehləri də, Abdulla bəy Cövdətləri də görürdü. Soltan Məcid, Hacı Məcid, Qafur Rəşad əfəndiləri də, Cövdət, Üzeyir və Nəcəf bəyləri də, Səhhətləri də, Hadiləri də, Əliqulu Qəmküsarları da görürdü. Mirzə Cəlil, Ömər Faiq Nemanzadələri, Həmidə xanımları, Orucov qardaşlarını da, cavan Süleyman Saniləri, Cəmo bəyləri, Bədəl bəyləri, Abdulla Şaiqləri də, Əzim Əzimzadələri də görürdü.

 

Viranə Şamaxıda mənə gənc tapılmaz –

 

deyə-deyə yəni viranə olan yerdə mütləq dəfinə, xəzinə olmalı ikən; bu xəzinəsiz viranədə yenə də Sən özünü mənən, ruhən ülvi hesab edirdin:

 

Ruhum, ey şahibazi-ülviyyət,

Üç, üç, övci səmada pərvaz et.

Mən gedərsəm var olsun amalım,

Yaşasın şəhriyari hüriyyət!

Mən gedərsəm var olsun amalım.

 

Özün də yaşayırsan, sözün də yaşayır. Yox, bu şüar deyil, həqiqətdir. Böyük Sabir! Heç bir okeanşünas, heç bir qəvvas, heç bir akvalanq, hətta nəsilbənəsil okeanı – bəhri mühiti, onun sirlərini, dürlərini, canlı aləmini öyrənib qurtara bilməz. Bu sözlər Sənə də şamildir, Sənə də yaraşır, ey bircə “Hophopnamə”nin sahilsiz okean şairi!

1967-ci ildən bəri Sabir poeziya günləri keçirməyə başlamışıq. İyirmi dörd ildir ki, qədim Şirvan yollarıyla Bakıdan Şamaxıya bir maşın karvanı, şe`r, şair, əhli-qələm karvanı gedir. Bu karvanın ilk saribanı sənin – sənə layiq oğullarından biri, bizim dövrün xalq şairi Rəsul Rza idi. Allah ona rəhmət eləsin! Bu karvan sənin yanar ürəyinin, əcəldən də naz çəkən taleyinin Vətəndaş şe`rinin işığına, məş`əlinə həmişə gələcək.

Lakin indi bu karvan sənin beşiyin qədim Şamaxıya, müqəddəs məzarının başına lap asta-asta gəlir. Çünki, bu karvanın yükü çox ağırdır. Bu – qeyrət, namus, təəssüb, kişilik yüküdür. Biz çoxuq – yenə də təngiyirik, töyşüyürük. Sən isə Bu yükü o cüssəsiz vücudunla təkbaşına, tək tənha, çöllərdə payi-piyada, qulibiyabanlar arasında daşımısan.

 

Sabir köhnəliyin vəlvələsiydi,
Milli idrakımın zəlzələsiydi.
Vətən fəxr etsə də şairləri ilə,
Sabir tək başına xalqın bəsiydi.

 

Salamat qal, böyük Sabir! Ruhun şad olsun!

 

24 may 1991

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!