Modern.az

YAP: “Azərbaycanda müxalifət ona görə zəifdir ki...” - AÇIQLAMA

YAP: “Azərbaycanda müxalifət ona görə zəifdir ki...” - AÇIQLAMA

Ölkə

19 Sentyabr 2016, 14:04

“Azərbaycanda müxalifətin zəif olmasında iqtidarı günahlandırmaq və bunu hakimiyyətin minusu kimi də qəbul etmək səhv fikirdir. Azərbaycanda bu gün müxalifət ona görə zəifdir ki, hakimiyyət çox yaxşı işləyir”.

Bu barədə Modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Partiya funksioneri bildirib ki, müxalifətin zəifliyini iqtidarla bağlamaq düzgün deyil.

Deputat hesab edir ki, ölkədə ciddi sosial problemlər mövcud olanda müxalifət daha  güclü olur:

“Bu gün müxalifətin zəifliyini hakimiyyətin basqısı ilə əlaqələndirmək səhv fikirdir. Ölkədə sosial problemlər həll olunmayanda, ölkə iqtisadi cəhətdən zəifləyəndə, dövlət başqa ölkələrin təsiri altına düşəndə müxalifət güclü olur.

Dünya tarixinə baxsaq, görərik ki, bu günə qədər Hindistanda, Pakistanda, keçmiş sovet məkanında, Şərqi və Qərbi Avropada belə, iqtidar ölkənin taleyüklü məsələlərini öz çiyinlərinə götürməyəndə müxalifət bunu tələb edir və çox güclü olur”.

Siyavuş Novruzov düşünür ki, 1990-cı illərdəki Azərbaycan hakimiyyəti müxalifətə uduzdu:

“Azərbaycanda müxalifət yalnız1990-cı illərdə, milli azadlıq hərəkatı zamanı meydanlarda güclü olub. O zaman Azərbaycandakı mövcud hakim siyasi rejim, hakimiyyət müxalifətin qarşısında dayana bilmədi, tab gətirmədi.

Bu gün Azərbaycanda ölkənin bütün taleyüklü məsələ və problemlərini mövcud iqtidar öz üzərinə götürüb və bunları çox uğurla həll edir. Ölkə prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir. Bu gün Azərbaycan iqtisadiyyatı dünyanın ən inkişaf etmiş ölkələri ilə rəqabət apara biləcək səviyyədədir.

Azərbaycanda ictimai-siyasi sabitik mövcuddur, sosial problemlər qaldırılır və öz həllini tapır. Təbii ki, bütün problemləri 1 gündə həll etmək mümkün deyil. Bu gün Azərbaycan xalqı iqtidara etibar edir, inanır və bütün problemlər də öz həllini tapacaq”.

Deputat bildirib ki, Azərbaycanda olan icbari tibbi müayinə dünyanın heç bir ölkəsində yoxdur:

“Bu gün Azərbaycanda məcburi tibbi müayinə sistemi var. Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Azərbaycanda dövlər ildə 2 dəfə insanları məcbur edir ki, get tibbi yoxlamadan keç və görək ki, sənin nə xəstəliyin, nə dərdin var.

Bu, dünyada heç yerində görünməyib. Hətta ABŞ və Norveçdə belə, əhalinin məcburi və icbari şəkildə tibbi yoxlanış yoxdur. Bu ölkələrdə heç kimi məcbur edə bilmərsən ki, get tibbi müayinədən keç. Çünki Avropanın inkişaf etmiş ölkələrində tibbi yoxlanışlar ödənişlidir, Azərbaycanda isə pulsuzdur. Azərbaycanda xalqın qədrini bilmək bununla ölçülür.

Əvvəllər insanlar rayonlara şikayətə Bakıya gəlirdilər. Amma artıq bu gün ölkə başçısı nazirləri rayonlara xalqın yanına göndərir.

Buna görə də Azərbaycanda müxalifət yoxdur. Əsas səbəb budur. Burada hakimiyyətdə günah axtarmaq və ya iqtidarı günahlandırmaq səhvdir. Azərbaycan hakimiyyəti və dövləti bu gün sosial və vacib əhəmiyyətli problemləri həll etdiyinə görə müxalifət yoxdur”-deyə YAP rəsmisi əlavə edib.

 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!