Modern.az

Milli Məclis daha 7 qanunu dəyişdirdi

Milli Məclis daha 7 qanunu dəyişdirdi

Aktual

28 Oktyabr 2016, 14:05

Milli Məclisinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında”, “Su təchizatı haqqında”, Telekommunikasiya haqqında”, “Yol hərəkəti haqqında” qanunlarına dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

Modern.az-ın xəbərinə görə, “Dini etiqad azadlığı haqqında” qanununda dəyişiklik layihəsinə əsasən, dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir. Bundan başqa, dini ekstremist fəaliyyətlə məşğul olma dini qurumun ləğv edilməsinə səbəb olacaq.


“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik layihəsində isə dini ekstremizm əleyhinə aparılan əməliyyat barədə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilməsi nəzərdə tutulur.

“Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında”, “Su təchizatı haqqında”, “Telekommunikasiya haqqında” qanunlardakı dəyişikliyə görə, dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.

Bundan əlavə, “Yol hərəkəti haqqında” qanunun 12-ci maddəsinə əlavələr edilməsi təklifi də müzakirəyə çıxarılıb. Bu qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. Dəyişiklik layihəsinə əsasən, ölkədə hansı ərazidə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılırsa, orada əməliyyatı aparanlara yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti verilir.


Dəyişiklik layihələri səsverməyə qoyularaq qəbul edilib.


Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!