Modern.az

Hafiz Hacıyevin Müasir Müsavatı: “Mənim kimi oğul bunu belə qoya bilməzdi” - RUBRİKA

Hafiz Hacıyevin Müasir Müsavatı: “Mənim kimi oğul bunu belə qoya bilməzdi” - RUBRİKA

Ölkə

4 Noyabr 2016, 14:17

Siyasi partiyalar məqsədi, məramı, ideyası olanların toplaşdığı bir məkandır. İllərdir ki, cəmiyyətdə siyasi çəkiyə malik olanların siyasi iradə formalaşdırmağa çalışdıqları ortadadır. Bir partiyanı ərsəyə gətirmək, onu cəmiyyətə təqdim etmək asan deyil. İşin mənəvi tərəfi kimi, maddi tərəfi də var.

Partiyalar, həm də vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biridir. 

 

Bəs Azərbaycanda siyasi partiyalar necə yaranıb və onlara adı kim qoyub?
 

Modern.az-ın  “...partiyamızdır” rubrikası davam edir. Bu yazıda Müasir Müsavat Partiyasından bəhs edəcəyik.

 

Qısa arayış: Müasir Müsavat Partiyası 2001-ci ildə yaradılıb. Partiyanın sədri Hafiz Hacıyevdir.

 

Sədri 3 dəfə prezidentliyə namizəd olan, amma uğur qazanmayan partiya    

 

Hafiz Hacıyev deyir ki, heç bir partiya sədri ömründə 3 dəfə prezidentliyə namizəd olmayıb.

Müasir Müsavat Partiyası ən çətin şəraitdə Xalq Hərəkatının bazasında yaradılıb. Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Partiyamızın qurultayı o vaxtkı “İnturist” otelində keçirilib. Rəhmətlik Heydər Əliyev həmin vaxt prezident idi. Demokratik institutlara geniş yer verilirdi. Partiyamızda böyük ziyalı dəstəsi təmsil olunur. Ölkənin  adlı-sanlı insanları Müasir Müsavat partiyasının üzvüdürlər. Çox sevinirəm ki, partiyamız qısa müddətdə çox böyük uğur qazanıb. Partiyanın sədri olaraq 3 dəfə prezident seçkilərində iştirak etmişəm. Heç bir partiyanın tarixində belə bir fövqəladə hadisə yoxdur ki, partiyanın sədri 3 dəfə prezidentliyə namizəd ola”.

 

Hafiz Hacıyev kimi oğul

 

Partiyanın adından danışan Hafiz Hacıyev bildirib ki, Məhəmməd Əmin Rəsulzadə ideyalarına xəyanət, onu bu adı qoymağa vadar edib.

“Partiyaya  ad vermək öz ideyamdır. Bilirsiz ki, bizim partiyanın adına uyğun bir partiya da var. Hamı elə bilir ki, mən bəhsə girib partiyama bu adı qoymuşam. Heç də belə deyil. Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadə ideyalarına xəyanət edir, partiyanın adından istifadə edərək onu hərraca çıxarırlar. Sözün düzü, buna ürəyim dözmədi. Mən də onlarla eyni dövrdə fəaliyyət göstərən siyasətçiyəm. Gördüm ki, Müsavat Partiyası Azərbaycanda milli hakimiyyəti devirdi. Ona görə də ətrafımda olan adamlar məndən xahiş etdilər ki, sizin kimi oğul bunu belə qoya bilməz. Mən də Rəsulzadə ideyalarına sadiqliyimi nümayiş etdirərək partiyanın adını Müasir Müsavat qoydum. Bu adı qoymaqda doğru hərəkət etmişəm. Heç vaxt imkan verməzdim ki, Rəsulzadənin adından olan partiyanın adından bir qrup dəstə istifadə etsin. Dünyəviliyi, müasirliyi xalqa təqdim etdik. Rəsulzadə adına layiq partiya qurmuşuq”.

 

Maliyyə bazam həmişə olub

 

Hafiz Hacıyev partiya yaranan vaxtlarda heç də maliyyə çətinliyi ilə üz-üzə qalmadığını deyir.

“Ölkədə kifayət qədər imkanlı şəxslərdən biri olmuşam. Sovet dövründə rayon komsomol komitəsinin birinci katibindən tutmuş müxtəlif nazirliklərdə ən böyük vəzifələrdə çalışmışam. Nazir işləmiş bir insan olaraq bazamda maliyyəm olub. Həm də partiya yarananda yanımda imkanlı adamlar var idi. Keçmiş baş nazir əvəzi Siruz Mustafayev bizim partiyada siyasi şuranın üzvü olub. Keçmiş rayon katibləri bu gün partiyamda müavinlərimdir. Bizim imkanlarımız yaxşı olub. Xaricdən pul almamışıq”.

 

Nəvələrini də partiyaya üzv edəcək

 

Hafiz Hacıyev, partiyadakı qadınlardan da söz açıb.

 

“Partiyamızın 30%-i ziyalı qadınlardır. Məktəblərdə, xəstəxanalarda işləyirlər. Bu da partiyamızın sağlam düşüncə əsasında yaradıldığını və xalq hökumətini təmsil etdiyini göstərir. Sıralarımızda cəsarətli xanımlarımız var. Ailə üzvlərimiz də partiyamızın üzvləridir. Burada qəbahətli heç nə yoxdur. Atası gedən yolu balaları da getməlidir. Övladlarım da fəxr edirlər ki, ataları belə bir partiyaya rəhbərlik edir. Dövlətin möhkəmlənməsində fəal iştirak edirəm. Nəvələrim hələ körpədirlər. Allah ömür versə, onları da partiyama üzv edəcəm”.

Partiya sədri, ən böyük arzusundan da söz açıb.

 

“Hələ ki, partiyanın sədrliyindən imtina etmək fikrim yoxdur. Hələ prezident olmaq arzum var. Yaşımda o yaş deyil ki, partiya sədrliyindən imtina edim. Partiya sədri olmağım dövlətimizin qorunmasında xüsusi xidmət kəsb edir. Yeganə  partiyadır ki, zaman-zaman pisliklərə qarşı mübarizə aparıb. Düzgün yolda olduğum təsdiqini tapıb”.

 

Namidə BİNGÖL  

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək