Modern.az

"Başkəndi ermənilərə verək" deyən deputata həmkarından REAKSİYA: Bir nəfərin fikri...

Ölkə

30 Aprel 2024, 10:10

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun İTV-nin efirində Başkəndlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O, anklavların dəyişdirilməsi təklifi ilə çıxış edib.

 

“İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkənd Azərbaycan ərazisindən yol almalıdır, Azərbaycan eksklavlara isə Ermənistan ərazisindən... Bu yenə də təkrar deyirəm qarşılıqlı, hansısa bir mübadilə, ya da güzəşt tələb edən məsələdir. Yol verildiyi halda həmin o yolun qazı, suyu, işığı çəkilməli, mühafizəsi təmin edilməlidir. Bu da asan məsələ deyil. Mübadilə mənə daha əlverişli görünür”, - o bildirib.

 

Qeyd edək ki, deputatın çıxışına Azərbaycanla yanaşı erməni mətbuatında da geniş yer verilib. Sosial şəbəkələrdə və mətbuatda deputatın sözləri sərt tənqidlərə məruz qalıb.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, ermənilərin Başkəndə iddiası əsassızdır:

 

"Sovet dövründə Ermənistan Azərbaycanın xeyli ərazisini qeyri-qanuni yollarla ələ keçirmişdi. Azərbaycanla Ermənistan SSRİ-yə bərabər hüquqla daxil olan respublikalar idi. Ona görə də bu ölkələrin bir-birinə ərazi verməsi ancaq respublika parlamentlərinin qərarı ilə ola bilərdi. Lakin Azərbaycandan heç bir razılıq alınmadan ümumittifaq orqanlarının qərarları ilə bu və ya digər Azərbaycan kəndi, yaxud onun bir hissəsi Ermənistana verilirdi. 1991-ci ilə qədər Ermənistan qeyri-qanuni şəkildə mərkəzi hökumətdə olan əlaqələrindən istifadə edərək Azərbaycanın əlindən torpaqları alıb. Başkənd də həmin dövrdə Azərbaycandan qeyri-qanuni şəkildə alınaraq Ermənistana verilib. Bu gün Ermənistanın Başkəndə iddia etməsi düzgün deyil. Bu gün Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı gedən müzakirələrdə faktorlar ciddi şəkildə araşdırılır. Yoxsa Ermənistan 1991-ci ildə mənim ərazim belə olub, sərhədlər buradan keçib fikirləri həqiqəti əks etdirmir. Necə olub ki, müəyyən dövrlərdə Azərbaycanın torpaqları Ermənistanın ixtiyarına verilib. Bu məsələlərə aydınlıq gətirilməlidir. Hazırkı məqamda hər iki ölkə qərara gəlib ki, mübahisə doğrumayan kəndlər geri qaytarılmalıdır. Azərbaycanın Ermənistanda olan 8 kəndinin qaytarılması heç bir mübahisə doğurmur. Ermənistan Qazaxın Azərbaycana bitişik olan 4 kəndin qaytarılmasına razılıq verib. Digər kəndlərin məsələsi də müzakitə olunacaq. 8 kənddən əlavə ərazi və torpaqlar məsələsində isə ancaq tarixi faktlara əsaslanmalıyıq.Ortada olan tarixi fakt ondan ibarətdir ki, Başkənd 1929-cu ildə Azərbaycandan qeyri-qanuni şəkildə alınaraq Ermənistana verilib".

A.Mirzəzadə Milli Məclisin bir deputatının fikrinin əsas olmadığını deyib:

 

"Parlament 125 nəfərdən ibarətdir. Bir nəfərin fikri Milli Məclisin mövqeyi demək deyil. Şəxsən mən Başkəndi əzəli Azərbaycan torpağı hesab edirəm. Digər tərəfdən bu gün sərhəd məsələləri ilə bağlı komissiyalar tərəfindən işlər müzakirə olunur. Həmin komissiyada məsələlər çox ciddi şəkildə Azərbaycan ərazi bütövlüyü və tarixi sərhədlər nəzərə alınmaqla həll edilir. Bu baxımdan Azərbaycan Parlamentinin bir deputatının nəsə fikir bildiriməsi nə Azərbaycan dövlətinin, nə də ki delimitasiyaməsələlərlə məşğul olan komissiyanın fikri demək deyil".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qəzadan sonra bir saat sağ qalan kim olub?