Modern.az

Azərbaycanın keçmiş naziri dünyasını dəyişib

Azərbaycanın keçmiş naziri dünyasını dəyişib

2 Aprel 2017, 19:03

Azərbaycan metallurgiyasının veteranı, uzun illər Sumqayıt Alüminium zavodunun direktoru olmuş, sonralar respublikanın “Metallurgiya” Dövlət Şirkətinə rəhbərlik etmiş Tofiq Heydər oğlu Həsənov bu gün - aprelin 1-də vəfat etmişdir.

Modern.az-ın məlumatına görə, 1934-cü ildə Gəncə şəhərində dünyaya gəlmiş Tofiq Həsənov 1952-ci ildə Gəncə dəmiryol məktəbini gümüş medalla bitirərək, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutunun (Neft Akademiyasının) neft-mədən fakültəsinə daxil olmuşdur. 1958-ci ildə ali təhsilli gənc mühəndis kimi təyinatla o vaxtkı “Artyomneft”ə göndərilmiş və orada fəhlə-qazmaçı kimi əmək fəaliyyətinə başlamışdır. 1960-cı ildə Sumqayıta gələrək, Alüminium zavodunda işə düzəlmiş və ən çətin istehsalatda – elektroliz sexində usta köməkçisi kimi çalışmış, sonralar  usta, baş usta, 1969-cu ildən isə zavodun texniki şöbəsinin rəisi vəzifələrində işləmişdir. 

Mühəndis kimi istedadı və işgüzarlığı nəzərə alınaraq, 1972-ci ildə - 38 yaşında olarkən ona yüksək etimad göstərilərək, Sumqayıt şəhər Partiya Komitəsinin sənaye və nəqliyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. Sonrakı illərdə Tofiq müəllim Sumqayıt Alüminium zavodunun direktoru, “Əlvanmetallurgiya” İstehsalat İdarəsinin rəis müavini vəzifələrində səmərəli fəaliyyət göstərmiş, 1994-cü ildən isə respublikanın “Metallurgiya” Dövlət Şirkətinə rəhbərlik etmişdir. Məhz onun yüksək idarəçilik və təşkilatçılıq bacarığı, prinsipiallığı sayəsində Azərbaycan metallurgiya sənayesi ötən əsrin 90-cı illərində Moskvanın məruz qoymağa çalışdığı dərin maliyyə böhranından xilas ola bilmişdi. 

Tofiq Həsənovun səmərəli əmək fəaliyyəti 1980-ci ildə ölkənin o zamanki rəhbəri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş və o, “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. 
57 il qoynunda yaşayaraq, bütün mənalı həyatını həsr etdiyi Sumqayıtda o, həm təcrübəli mühəndis-metallurq, həm də əsl ziyalı, gözəl və səmimi, vətənpərvər bir insan kimi tanınırdı və respublikada dərin hörmət və nüfuza malik idi.

Bütün vəzifələrdə  təmənnasızlığı ilə seçilən, böyük və mənalı ömür yolu keçmiş  Tofiq müəllimin 3-7 mərasimləri aprelin 3-də Sumqayıtın 2-ci məhəlləsində (çörək  mağazasının yerləşdiyi binanın həyətində) keçiriləcək. 

 

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!