Modern.az

“Uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ tezliklə işğaldan azad olunacaq” - Millət vəkili

“Uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ tezliklə işğaldan azad olunacaq” - Millət vəkili

31 Mart 2020, 09:36

"Son iki əsrdə emənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirib. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalaraq min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin düşmüş, kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb".

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov 31 mart azərbaycanlıların soyqırım siyasətinə məruz qalmasından danışarkən deyib.

 

Deputat bildirib ki, əsrin əvvəllərində ermənilərin Bakıda, Şamaxı Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda və digər bölgələrimizdə xalqımıza qarşı həyata keçirdiyi soyqırım aktları nəticəsində bu ərazilərdə on minlərlə dinc əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilmiş, yaşayış yerləri talan edilərək viran qoyulmuş, xalqımızın milli mədəniyyət abidələri, məscidlər dağıdılmış və yandırılıb.

 

"1918-ci ildə erməni quldur dəstələri Bakıda insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıtmış, məscidləri yandırmış, yerlə-yeksan ediblər. O dövrdə ermənilər Azərbaycanın qədim paytaxtı olan Şamaxıda da dəhşətli talan və vəhşiliklər törətmişlər. Şamaxının müsəlmanlar yaşayan hissəsinə od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılıb. Bu soyqırım eyni ssenari üzrə Qubada, eləcə də, digər bölgələrəmizdə də törədilib. 1988-ci ildə ermənilər yeni iddialarla çıxış etməyə başladılar. Ermənistanda yaşayan Azərbaycanlıları deportasiya etdilər. Sonrakı dövrlərdə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər. Bu gün də ermənilər Azərbaycanın digər bölgələrinin işğalı xülyası ilə yaşayırlar. Bunun üçün tarixi məqam və fürsət gözləyirlər".

 

Ceyhun Məmmədov mərhum əks prezident Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşa olunması istiqamətində ciddi addımlar atıldığını vurğulayıb:

 

"Onun xəritə qarşısında əlində çubuqla Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olmasını göstərməsi mənzərəsini çoxumuz yaxşı xatırlayırıq. Ümummilli Lider Heydər Əliyev 27 mart 1998-ci ildə «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərman imzalandı. Həmin dövrdən bu gün ölkəmizdə Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur, müxtəlif tədbirlər keçirilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağın işğaldan azad olunması istiqamətində ciddi cəhdlə çalışır. Münaqişənin öz həllinin tapması üçün bütün addımlar atılır. Bütün beynəlxalq tədbirlərdə və görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi prioritet məsələlərdən birini təşkil edir. Bu gün ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində qondarma prezident və parlament seçkiləri keçirərək beynəlxalq hüququn normalarını pozmaqda davam edirlər. Beynəlxalq aləmə meydan oxumaqda davam edirlər. Biz ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində Dağlıq Qarabağın tezliklə işğaldan azad olunacağına inanırıq. Burada hər birimizin üzərinə ciddi məsuliyyət düşür. Yeni soyqırımların baş verməməsi üçün insanlarımız arasında birlik və həmrəyliyin olması xüsusi önəm daşıyır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!