Modern.az

"Azərbaycan dünya maliyyə böhranından minimum itkilərlə çıxa bilib"

"Azərbaycan dünya maliyyə böhranından minimum itkilərlə çıxa bilib"

18 Yanvar 2010, 22:02

Yanvarın 18-də 2009-cu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.

İclasda Prezident İlham Əliyev çıxış edərək bildirib ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi dünya maliyyə böhranından minimum itkilərlə çıxa bilib: “Qeyd etdiyim kimi, biz dünya iqtisadi proseslərinə getdikcə daha da sürətlə qoşuluruq. Azərbaycanda aparılan ciddi sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik”.
İlham Əliyevin sözlərinə görə, 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır: “Bunu əyani şəkildə göstərmək üçün, sadəcə iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır”.

Prezident deyib ki, 2009-cu ildə Azərbaycana investisiya qoyuluşu davam edib. İl ərzində 9,2 milyard dollar investisiya qoyulub ki, bunların da 7,3 milyardı daxili sərmayələrdir.
”2009-cu ildə Azərbaycanda bir neçə nəhəng layihənin təməli qoyuldu, yaxud da ki, o layihələrin müəyyən hissəsi icra edildi.
Xarici investorlar tərəfindən maliyyələşdirilən yeni böyük sement zavodunun təməl daşı qoyuldu. Ora qoyulacaq investisiyaların məbləği təxminən 400 milyon dollar səviyyəsindədir. Azərbaycan dövləti tərəfindən ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük dərəcədə xidmət edəcək yeni məişət tullantıları emalı zavodunun təməli qoyuldu. Ora qoyulacaq investisiyalar təxminən 400 milyon dollar səviyyəsindədir. “Sumqayıt texnopark”ın müəyyən hissəsi artıq istifadəyə verildi və orada nəhəng tikinti-quraşdırma işləri aparılır. Sumqayıtın həqiqətən müasir sənaye şəhərinə çevrilməsi üçün bu texnoparkın çox böyük əhəmiyyəti vardır. Oraya, ümumiyyətlə, qoyulacaq investisiyaların həcmini indi hesablamaq çətindir. Amma nəzərə alsaq ki, orada ən azı 10 nəhəng zavod qurulacaq, yəqin investisiyaların həcmi 100 milyon dollarla ölçüləcəkdir”.

Ölkə başçısı 2009-cu ildə valyuta ehtiyatlarının da artdığını qeyd edib: “Bizim indi valyuta ehtiyatlarımız 20,4 milyard dollar təşkil edir. Bu, böyük məbləğdir. Bu bizə imkan verir ki, gələcəkdə də özümüzü çox rahat hiss edək. Bizim heç kimin yardımına ehtiyacımız yoxdur, öz hesabımıza yaşayırıq. Nəzərə alsaq ki, görülən tədbirlər nəticəsində 2010-cu ildə daha da böyük işlər aparılacaq, əminəm, 2010-cu ilin yekunlarına görə valyuta ehtiyatlarımız daha da artacaqdır”.
Prezident deyib ki, keçən il 74 min yeni iş yeri açılıb.

“Altı il bundan əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdı, bu gün bu göstərici 11 faizdir”.

Dövlət başçısı sosial proqramların həllinin həmişə olduğu kimi, böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Mən qeyd edə bilərəm ki, burada da bütün sosial proqramlar vaxtında icra edildi, ünvanlı sosial yardım proqramı davam etdi. 2009-cu ildə Azərbaycanda 64 məktəb tikilmişdir. 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük olimpiya kompleksi istifadəyə verilmişdir. Bu onu göstərir ki, hətta maliyyə imkanlarımız bir az azalanda da biz sosial infrastrukturun inkişafı üçün lazımi tədbirləri görürük, maliyyə vəsaiti ayırırıq və beləliklə, Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır. Böyük infrastruktur layihələrinin icrası davam edir. Bütün istiqamətlərdə həm magistral, həm də şəhərlərarası yollar çəkilir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?