Modern.az

"Müəllimlərə xəndək qazdırırlar, partiya sədrlərinə də tualet təmizlədəcəklər" - CƏRİMƏLƏR ARTDI

"Müəllimlərə xəndək qazdırırlar, partiya sədrlərinə də tualet təmizlədəcəklər" - CƏRİMƏLƏR ARTDI

2 Noyabr 2012, 15:20


Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Sərbəst toplaşma haqqında” qanuna təklif edilən dəyişikliklərə millət vəkili Fazil Mustafa münasibət bildirərək, sözügedən sənədin mənasız olduğunu bildirib. Deputat qeyd edib ki, qanuna edilən dəyişikliklər mənasız və əhəmiyyətsizdir.

Onun sözlərinə görə, icazəsiz keçirilən aksiya və piketlərin iştirakçılarının yeni təklif olunan məbləğdə cərimələnməsi düzgün deyil.

“Bu qədər cərimələrin müəyyən edilməsinə nə ehtiyac var” deyən deputatın sözlərinə görə, cərimələrlə bağlı dəyişikliklərdə ciddi yalnışlıqlar var.
“Bu ölkənin beynəlxalq imicinə mənfi təsir göstərəcək. Xoşniyyətli mitinqlər, aksiyalar təxribatçıların səyi ilə başqa bir istiqamətə yönəlirsə, burada aksiyanı təşkil edən hüquqi şəxsin səlahiyyətlərinin yüksəltməyə ehtiyac qalmır”, - deyə F.Mustafa bildirib.

Deputatın fikrincə, qanunda nəzərdə tutulan dəyişikliklərdə qeyd olunan ictimai işlər məsələsi də doğru deyil və bu addım aşağılayıcı xarakter daşıyır.

“Azərbaycanda indi kimi harada işlətməyi icra hakimiyyətləri müəyyənləşdirirlər. Müəllimləri iməciliyə çıxarırlar, xəndək qazdırırlar. Sabah da aksiya keçirən partiya rəhbərini icra hakimiyyəti aparacaq tualet təmizləməyə. Niyə belə aşağılayıcı addımlar atırsınız? Mütləq aksiyanın keçirilməsi üçün müvafiq yerlər ayrılmalıdır. Buraxın 10 min adam yığışsın, sözlərini desinlər. Niyə beynəlxalq təşkilatlara bizi tənqid etmələri üçün rəvac veririk...”.

Məsələyə müdaxilə edən spiker Oqtay Əsədov bildirib ki, qərarı kimsə təkbaşına çıxarmır, kollegial qəbul olunur. 

***

“Sərbəst toplaşma azadlığı haqqında” Qanuna dəyişikliklər layihəsi Milli Məclisin gündəliyindən çıxarılmalıdır və mən bu qanunun əleyhinə səs verəcəm”. Modern.az-ın məlumatına görə, bu sözləri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, hazırda təklif olunan bu dəyişikliklər aksiyalara və mitinqlərə çıxanları qorxutmaq məqsədi daşıyır.

İ. Ağazadə qeyd edib ki, bütün bunlar Rusiya nümunəsidir, onlardan ibrət götürməyə dəyməz: “Rusiya demokratik ölkə deyil, heç vaxt da olmayacaq. Avropadan, onun qanunlarından ibrət götürmək lazımdır”.

Millət vəkilinin sözlərinə görə, əgər parlament bu dəyişikliyi qəbul etsə, Azərbaycan dövləti beynəlxalq arenada pis vəziyyətə düşə bilər.

Bəzi etirazlara baxmayaraq, Milli Məclis dəyişiklikləri 105 nəfər lehinə, 5 nəfər əleyhinə olmaqla qəbul etdi.

Beləliklə, yığıncaqların, mitinqlərin və piketlərin keçirilməsinin təşkilininin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə fiziki şəxslər 1500 manatdan 3000 manatadək məbləğində cərimə ediləcək, yaxud xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və 15 gün inzibati həbsi tələb olunacaq.
Vəzifəli şəxslər 3000 manatdan 6000 manatadək, hüquqi şəxslər 15 000 manat məbləğindən 30000 manat məbləğinədək cərimə olunacaq.
Qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməyən yürüş, mitinq, piketdə iştirak etməyə görə, fiziki şəxs 300 manatdan 600 manatadək, yaxud xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 200 saatadək ictimai işlə və ya  15 gün inzibati həbslə cəzalandırılacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək