Modern.az
Qəzənfər Həmidoğlu Məğlub, amma “xilaskar”

Qəzənfər Həmidoğlu

Məğlub, amma “xilaskar”

4 İyun 2021, 08:36

Qəzənfər Həmidoğlu

Fransa, regionda maraqları olan digər oyunçular, eləcə də Rusiya Nikol Paşinyanın yenidən baş nazir seçilməsinə qarşı deyil. Hər halda, ortalıqda supergüclərin konsensusa gələ biləcəyi başqa bir fiqur yoxdur. Fransa Prezidenti Emmanuel Makronun canfəşanlığı hətta o dərəcədə oldu ki, siyasi və diplomatik etiket baxımdan korrekt sayılmayacaq addım atdı – seçki ərəfəsində Paşinyanı Parisə dəvət etdi. Parisin Paşinyana seçkiönü “bonus” verdiyi bir vaxtda Moskva guya “balans” yaratdı və Paşinyanın əsas rəqibi, Putinin dostu Robert Köçəryanın nüfuzlu RBK-ya müsahibəsini təşkil etdi. Ermənistan rusiyapərəstləri və indiki liderləri Köçəryan Kreml üçün hələlik yalnız Paşinyana “təzyiq kartı”dır.

İkinci Qarabağ savaşından sonra Paşinyanın reytinqi nə qədər aşağı düşsə də, Moskva bunu müşahidə edir ki, erməni cəmiyyətində Qərbə meyl yüksəkdir və bu fonda Köçəryanın şansı yüksək deyil. Digər tərəfədən, qlobal və regional konyuktura, müharibədən sonra Cənubi Qafqazda yaranmış geosiyasi reallıq, Üçtərəfli Bəyanatda imzasının olması və sənədin icrası baxımından Rusiya Paşinyana alternativ axtarmağa meyl etmir. Paşinyan və Azərbaycan-Ermənistan sülh danışıqları Rusiya üçün Qərblə anlaşa biləcəyi fiqur və yeganə platformadır. Qərb də anlayır ki, Rusiyanı saymadan regionda bir sonuca varmaq müşkül işdir. Məsələn, iyunun 16-da Cenevrədə keçirilməsi gözlənilən Putin-Bayden görüşündə tərəflərin Paşinyan fiqurunda konsensusa gələ biləcəyi ehtimalı yüksəkdir.

Noyabrın 10-da kapitulyasiyaya imza atan Paşinyanın seçkidə qalib gələcəyi təqdirdə Ermənistanı düşdüyü durumdan xilas edə biləcəyi erməni cəmiyyəti üçün qaranlıqlar içərisindədir. Hər halda, Ermənistanın gələcəyi üçün ssenari İrəvanda yazılmır və ermənilərin özləri də talelərini dünya paytaxtlarında çıxarılacaq hökmlərə bağlayıblar. İronik olsa da, Paşinyan 10 noyabr sənədinə məğlub kimi imza atsa da, xalqını perspektivsiz “Qarabağ yükü”ndən xilas edib. İnersiya ilə davam edən revanşist bəyanatlara və seçkiönü ehtirasların coşmasına rəğmən savaşdakı məğlubiyyət erməni dövlətinin hikkə-ambisiyalarını yetərincə səngidib.

Bu trendin inkişafı, Ermənistanın xilası seçkidən sonra Paşinyanın nə dərəcədə “göyərçin”ə çevriləcəyindən - Ermənistan-Azərbaycan sülh danışıqlarına hansısa töhfələri verə biləcəyindən nə qədər asılı olsa da, xarici təsirlər (ilk növbədə Rusiyanın maraqları, Qərbin “offsayt”dan çıxış cəhdi) daha həlledici faktor olaraq qalır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var