Modern.az

Sosial şəbəkələr həyatımızda nələri DƏYİŞDİ...

Sosial şəbəkələr həyatımızda nələri DƏYİŞDİ...

Aktual

2 Fevral 2022, 11:58

Sosial şəbəkə termini elmi leksikona 1954-cü ildə ingilis sosioloqu Barn tərəfindən daxil edilib. O zamanlar sosial şəbəkə deyəndə sosial obyektlərdən ibarət olan qovşaqları birləşdirən struktur nəzərdə tutulurdu. Hazırda isə sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib.

 

Doğrudur, bu plaftormanın mənfi cəhətləri ilə yanaşı, bir sıra üstünlükləri də var.  Məsələn, ünsiyyət – bu, sosial şəbəkə üçün ən müsbət funksiyadır. Bu funksiya istifadəçiyə bəlkə də uzun müddət görmədiyi dostunu, tanışını tapıb, onunla əlaqə saxlamaq imkanı verir.  Digər üstün cəhət isə informasiya əldə edə bilməkdir. Təbii ki, söhbət operativ informasiyadan gedir. Lakin bütün bunlara baxmayaraq, şəbəkələrin xeyri ilə yanaşı ziyanı var. Ümumilikdə götürsək, bu ziyan təkcə bir şəxsə deyil, bütöv bir cəmiyyətə mənfi təsir göstərir.

 

Elə bir zamanda yaşayırıq ki, insanlar öz hiss və emosiyalarını yalnız sosial şəbəkə, internet üzərindən büruzə verə bilirlər. Bu da insanlarda duyğusal, emosional aslılıq yaradır. Sosial şəbəkələr insanlarda artıq orqanik bir prosesə çevrilib. Orqanik dedikdə, yəni vəziyyətin belə olması insan psixologiyasına oturuşub. Sevgi, iş, dostluq münasibətləri, valideyn-övlad münasibətləri sırf sosial şəbəkə, telefon üzərindən həyata keçirilir. İnsanlar asılı olduqları mexanizmin bir anlıq çökməsini gördükdə həyəcan keçirir və təşvişə düşürlər Virtual ünsiyyətdə yaranan hər hansı mənfi hal psixoloji aspektdən yanaşsaq, insanların həyatına birmənalı olaraq təsir edir. Bir sözlə, sosial şəbəkələr yaranışı ilə həyatımızda çox böyük dəyişikliklərə yol açdı...

 

Modern.az saytının əməkdaşı sosial şəbəkələrin həyatımıza təsiri ilə bağlı bir neçə tanınmış şəxs arasında sorğu keçirib.

 

Ər arvadına sözünü otağa keçib demir, şəbəkədə yazır...

 

 

Sosioloq - jurnalist Lalə Mehralı sosial şəbəkələrin ailələrə müxtəlif formada təsir göstərdiyini deyir:

 

“Bəziləri sosial şəbəkənin xeyrini görür, çünki informasiya tələbatını ödəyir, intellekti, dünyagörüşü gücləndirir, biliyi təkmilləşdirir, yeni tanışlıqlar yaradır. Bəziləri isə zərərini görür, virtual aləmin köləsinə çevrilir, sosial şəbəkələrdə “yaşayır”, psixologiyasına, səhhətinə zərərli vərdişlər qazanır. Amma ümumən sosial şəbəkələr bizə çox şey verir, münasibətlərimiz genişlənir, yoldaşlığımız sərhəd tanımır. Onun sayəsində fəaliyyətimiz genişlənir, fikirlərimizi daha geniş auditoriyaya çatdıra bilirik. Əsas olan odur ki, sən bu imkanı hansı yöndə istifadə etməyə meyllisən. Yəni, mütləq yaxşı, mütləq pis olan yoxdur, hər şeyin öz funksiyası, təyinatı var”.

 

Ailələrə təsir məsələsinə gəlincə, sosioloq hesab edir ki, bu, real ünsiyyət vərdişlərinin azalmasına səbəb olur:

 

“Biz əvvəl sosiallaşmaq üçün canlı ünsiyyətdə olurduq, qohumla, qonşuyla münasibət yaradırdıq, indi sosial şəbəkədən hal-əhval tuturuq. Ər arvadına sözünü bu otaqdan o birinə keçib demir, şəbəkədən yazır. Hər nə qədər gizli qalsa da, sosial şəbəkələr ucbatından bizim ölkəmizdə də ailələr dağılır. Düzdür, çoxları heç bilmir ki, bu ailə nə səbəbdən dağıldı, çünki məhkəmə onları “yola getməmək”, “davamlı mübahisə” kimi səbəblərlə boşayır. Əslində, ailələrin bəzilərində boşanma səbəbi belədir: “qadın və ya kişi davamlı olaraq sosial şəbəkədə, messencerdə olduğuna və bir-biri ilə ünsiyyət saxlamadığına görə ailədaxili söz-söhbət yaranıb və tərəflər boşanmağa qərar veriblər”.

 

Bu amillər intihara gətirib çıxarır...

 

 

Psixoloq Elmir Əkbərin fikrincə,  sosial şəbəkələr insanlarda artıq orqanik bir prosesə çevrilib:

 

“Sosial şəbəkələrin bu günümüzə təsiri danılmazdır. Amma qeyd etmək lazımdır ki, bu təsirlərin müsbət və mənfi tərəfləri var. Sosial şəbəkələr nəzarətdə saxlanılmayan sahədir. Kim istəyir, ağıllı, ağılsız, yaşlı, qoca, fərq etmir hər kəs istədiyini yaza bilir.

 

Müharibə dövründə biz gördük ki, şəxsiyyət pozuntusu olan insanlar yalan məlumatlar paylaşırdı. Bu hallar da bizim əhalidə paranoyanı (şüphəçiliyi) artırırdı. Bununla yanaşı, gənclərdə evdən qaçmağa, cinayətə, intihara meyili oyadır. Xüsusən də söhbət yeniyetmələrdən gedirsə, bu bariz nümunəsini daha çox göstərir. Ona görə də bununla bağlı ailə möhkəm bir sütun əsasında qurulmalıdır.

 

Sosial şəbəkələr insanlarda artıq orqanik bir prosesə çevrilib. Orqanik dedikdə, yəni vəziyyətin belə olması insan psixologiyasına oturuşub. Sevgi, iş, dostluq münasibətləri, valideyn-övlad münasibətləri sırf sosial şəbəkə, telefon üzərindən həyata keçirilir. Belə olduğu üçün də insanlar asılı olduğu mexanizmin çökməsini gördükdə həyəcan keçirir. Biri var narkotik, spirtli içkilərdən aslılıq, biri də var bu cür aslılıq. Virtual ünsiyyətdə yaranan hər hansı mənfi hal psixoloji aspektdən insanların həyatına birmənalı olaraq təsir edir”.

 

Sosial şəbəkə artıq gündəlik həyatımıza çevrilib...

 

 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün sözlərinə görə, sosial şəbəkələrin çökməsi təkcə insanlara yox, bütün cəmiyyətə mənfi təsir göstərər:

 

“İndi təkcə adi, fiziki şəxslər sosial şəbəkə istifadəçisi deyil. İnkişaf o səviyyədədir ki, dövlət, özəl, vətəndaş cəmiyyəti, biznes, xidmət, bir sözlə, hər şey bura inteqrasiya edib. İndi birdən sosial şəbəkələr yoxa çıxsa, onun üzərindən xidmət, biznes mümkün olmayacaq. Bu aspektdən yanaşmaq daha doğrudur. Sonda vətəndaşlar arasında hansısa bir informasiya münasibətlərində problem ola bilər. Lakin gündəlik birgə yaşayış qaydalarımız, həyati proseslər var. Burada tibb, təhsil, maliyyə və s. qeyd etmək olar. Düşünürəm ki, biz sosial şəbəkələrin qayğısına qalmalıyıq, dövlət onu inkişaf etdirməlidir. Sosial şəbəkənin faydalı tərəflərindən istifadə etməliyik. Çünki sosial şəbəkə artıq bizim virtual həyatımız yox, gündəlik həyatımıza çevrilib. Həyat dediyimiz yeri də səliqəyə salmalı, qədrini bilməliyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir