Rusiya paytaxtında bu səhər baş vermiş terror aktından sonra müsəlmanlara qarşı hücumlar güclənib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün günorta saatlarında Moskva metrosunun “Bauman” stansiyasında 2 müsəlman qadına hücum olub. Müsəlmanlara qarşı mümkün hücumların başlanması ehtimalından narahat olan Rusiya Müftilər Şurası terror aktı ilə əlaqədar bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, terrorizmin Quranda heç bir dayağı yoxdur. “Ekstremizim və terrorizimin Müqəddəs Quranda heç bir dayağı yoxdur. Terrorçu müsəlman ola bilməz, müsəlman terrorçu ola bilməz”,-deyə Müftilər Şurasının bəyanatında bildirilir.
Rusiyanın müsəlman din xadimləri bəyan ediblər ki, Quranda günahsız insanın öldürülməsi günah dərəcəsinə görə bütün bəşəriyyətin məhv edilməsinə bərabər tutulur. Müftilər Şurası dövlətin və hüquq-mühafizə orqanlarının terrorizmə qarşı səylərini dəstəklədiyini bildirib. Terror aktını pisləyən müsəlman liderlər baş verənlərin bütün rusiyalı müsəlmanları dərindən sarsıtdığını bəyan ediblər.
Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin səlahiyyətli nümayəndəsi Şafiq Pşixaçev də terror aktlarını İslamla əlaqələndirməməyə çağırıb. “Biz yaxşı bilirik ki, baş verənlər əsil vəhşilikdir, biz hamıdan xahiş edirik, baş verənləri İslamla əlaqələndirməyin. Müsəlmanlar heç vaxt günahsız insanların qurban olmasına razı olmayacaq”,-deyə Pşixaçev bildirib. O partlayışı törədənləri bandit adlandırıb. Din xadimi baş verənlərin İslam ideologiyası ilə heç bir əlaqəsinin olmadığını deyib. “Günahsız insanların həlak olması bu terror aktlarını təşkil edənlərin vicdanına düşür”,-deyə Pşixaçev bildirib. O xatırladıb ki, bir neçə ay əvvəl Şimali Qafqazdakı yaraqlıların lideri Doku Umarov İslam saytlarının birinə verdiyi açıqlamada Qafqazdakı terror aktlarını Rusiyanın mərkəzinə keçirəcəyini vəd edib. Beləliklə də, onun sözlərinə görə, banditlər öz vədlərinə əməl ediblər.