Modern.az

İcmanın geniş tərkibdə iclası keçirildi

İcmanın geniş tərkibdə iclası keçirildi

17 İyun 2023, 15:27

İyunun 17-də Qərbi Azərbaycan İcması Müşahidə Şurasının geniş tərkibdə iclası keçirilib.

 

İcmanın mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qonaqları salamlayaraq, Müşahidə Şurasının geniş tərkibdə iclasının Qərbi Azərbaycan İcmasının Nizamnaməsinə uyğun olaraq, fəaliyyət planlarının icrası, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif tarixi dövrlərdə öz doğma yurdlarından deportasiya olunmuş, soyqırımına məruz qalmış insanların hüquqlarının, xüsusən qayıdış hüquqlarının təmin edilməsi istiqamətində görülən işlərin müzakirəsi məqsədilə keçirildiyini deyib.

 

Sonra çıxış edən Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov İcmanın 2023-cü ilin cari dövrü ərzində fəaliyyətinə nəzər salıb. Bildirilib ki, ötən il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qərbi Azərbaycan İcmasının binası ilə tanış olub, Qərbi Azərbaycandan olan ziyalıların bir qrupu ilə görüşüb. Görüşdə çıxış edən dövlətimizin başçısı Qərbi Azərbaycan məsələsi ilə bağlı öz dəyərli fikirlərini həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Həmin tarixi görüş zamanı Prezidentin söylədiyi fikirlər təkcə Qərbi Azərbaycan İcmasının deyil, eyni zamanda, dünyadakı bütün azərbaycanlıların qarşısında qoyulmuş mühüm strateji tapşırıqlardır.

 

Görüşdən sonra qısa müddət ərzində dövlətimizin başçısının tapşırıqlarının icrası məqsədilə İcmanın “Qayıdış Konsepsiyası”nın hazırlandığını və sənədin bu il yanvarın 26-da təsdiqləndiyini vurğulayan M.Mərdanov Konsepsiyada yer alan müddəaların icrası istiqamətində görülmüş işlərdən danışıb, beynəlxalq təşkilatlar qarşısında indi Ermənistan adlanan ərazilərdən deportasiya olunmuş azərbaycanlıların qayıdış hüquqlarının təmin edilməsi, Qərbi Azərbaycan ərazisində qalmış, xalqımıza məxsus mədəni irs nümunələrinin, tarixi-memarlıq abidələrinin, müqəddəs yerlərin və ziyarətgahların dağıdılması faktlarının araşdırılması məqsədilə xüsusi missiyanın göndərilməsi üçün edilən müraciətləri, eləcə də yayılan bəyanatları xatırladıb. Bildirilib ki, bu günə qədər İcma tərəfindən sözügedən məsələlərlə bağlı 10 məktub və 18 bəyanat hazırlanıb, BMT İcmanın 4 sənədini özünün rəsmi sənədi kimi yayımlanıb, məktublara beynəlxalq təşkilatlar tərəfindən cavablar daxil olub ki, bu da İcmanın beynəlxalq müstəvidə tanınması, etibarlı tərəfdaş kimi qəbul edilməsi mənasına gəlir.

 

İcmanın iştirakı ilə Milli Məclisin müvafiq komitələrində iki dinləmənin keçirildiyini vurğulayan M.Mərdanov məsələnin ölkə ictimaiyyətində də müsbət mənada geniş rezonans yaratmasından məmnunluğunu ifadə edib.

 

Müşahidə Şurasının geniş tərkibdə iclasının iştirakçıları görülən işlər, gələcəkdə həyata keçirilməsi vacib olan məsələlər ətrafında fikir mübadiləsi apardılar, təkliflər səsləndirilib. Müzakirələrdən sonra səsləndirilən təkliflər İcmanın gələcək fəaliyyətinin təşkili üçün qeydə alınıb.

 

İclasda çıxış edənlər Qərbi Azərbaycan İcmasına göstərilən diqqət və qayğıya görə ölkənin ali rəhbərliyinə xüsusi minnətdarlıqlarını bildiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…