Modern.az

Qənirəsiz çox darıxdırıcı olacaq! - Jurnalistlər ondan YAZDILAR

Qənirəsiz çox darıxdırıcı olacaq! - Jurnalistlər ondan YAZDILAR

Media

29 Sentyabr 2023, 11:18

Millət vəkli Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişdi.. O deputat olmazdan əvvəl jurnalist idi… 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub…
Qənirə Paşayevanın həyatdan erkən köçməsi jurnalist həmkarlaını da kədərə qərq edib…

Modern.az saytı Qənirə Paşayevanın vəfatı ilə əlaqədar hüzn yaşayan bəzi jurnalistlərin onunla bağlı düşüncələrini diqqətə çatdırır:
 

Rauf Arifoğlu, “Yeni Müsavat Media Qrupu”n rəhbəri:

“Bu dünyadan bir Qənirə Paşayeva keçdi!
Dövlətinə, Millətinə, Vətəninə bağlı bir türk övladı!
Çox çalışdı, amma heç zaman özünə işləmədi. Savab qazandı. Dua aldı! Halalı olsun!
Düz 10 gün öncə idi... Övladımın toyuna gəldi, ailəmizlə eyni masada oturduq, oynadı, təbrik etdi... İştirak etdiyi son toy, son dəfə qol qaldırıb, oynaması... Və artıq aramızda yoxdu... Yeri heç zaman dolmayacaq bir itkimiz var... Allah rəhmət etsin.
Allah o dünyasını versin!”.

Ləman Ələşrəfqızı, Laf TV-nin rəhbəri:

“Söz tapa bilmirəm. Dünən xəstəxanada bacısı Kəmalə ilə xeyli dərdləşdik. Ümidsiz deyildi, qətiyyən. Hər kəs möcüzə gözləyirdi. Heç kim inanmırdı ki, Qənirə Paşayeva ölümə məğlub olar. O, mübariz idi, çalışqan idi, əməksevərdi. O, bu mərtəbəyə zəhmətsevərliyi ilə gəlmişdi. Bir dəqiqə dayanmırdı. Xəstə olsun, yorğun olsun - fərq etməz. Dünən Kəmaləyə söylədim ki, bəlkə həkimlərə deyək, qulağına "Xankəndi azaddır" pıçıldasınlar. Ağlına batdı. “Mütləq deyəcəm”, - söylədi. İnandıq ki, bəlkə onu bu xəbər ayağa qaldırar. Hayıf səndən, Qənirə. Azərbaycanımın qənirsiz gözəli. "Bajıııı" deyib məni köksünə sıxman üçün çox darıxacam”.

Aida Eyvazlı, Mədəniyyət kanalının əməkdaşı:

“Hamı üçün yaşadın, özündən savayı... Azərbaycan və Türk dünyasında fəth etmədiyin qəlb qalmadı... Olduğun hər yerə işıq yaydın. İşi çətinə düşənlərin güman yeri, ümid qapısı oldun. Qənirə Paşayeva şəxsiyyətini yaradan Türk qızı!
Tanrı dərgahında yerin mübarək! Orada səni Hoca Əhməd Yassəvi babamız, Seyid Yəhya Bakuvi, Umay ana, Bibixanım, Türk sultanları və xatınları, qapısını açıb sevindirdiyin, problemlərini həll etdiyin ailələrin şəhid oğulları gözləyir. Zəfər ayı olan sentyabrda həm də ayrılıq varmış... Atamı 2005-ci ildə 28 sentyabrda itirmişdim, indi də könül dostumudan ayrıldım. Tanrı dərgahında görüşünə gələ bilsək...”.


Əfqan Qafarlı, Modern.az-ın redaktoru:
 

“Qənirə Paşayeva unikal insan idi: fədakar, halal, vətənsevər, xeyirxah, insanpərvər, sadə… Uşaqla uşaq idi, böyüklə böyük…Onu tanıyanların hamısı onu sevirdi, o da hamını. Qənirə xanımın kitabında “yorulmaq” sözü yox idi, çox çalışqan idi...
Çoxları ona ümid, güman yeri kimi baxır, arxa-dayağı hesab edirdi. Ona ağız açmayan insanlara belə əlindən gələn köməyi əsirgəməzdi.
Türk dünyasında böyük nüfuzu vardı... Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdan yorulmurdu…
2020-ci ilin Vətən müharibəsi zamanı dogma Cəbrayıl rayonu işğaldan azad ediləndə mənə zəng vurub ilk təbrik edənlərdən oldu. Bir neçə gündən sonra parlamentdəki iş yerinə dəvət etdi, görüşdük, Cəbrayılla bağlı xatirələrimi soruşdu… Sonra üzərinə “Cəbrayıl Azərbaycandır!” sözü yazılmış qol saat bağışladı…
Onun məhz bu ərəfədə - Üçrəngli Bayrağımızın, Ordumuzun, polisimizn Xocalıya, Ağdərəyə, Xocavəndə, Xankəndiyə daxil olduğu günlərdə vəfat etməsi bizi çox üzür. Milli ruhlu, vətənpərvər Qənirə Paşayeva bu günləri görüb sevinməliydi…
Qənirə xanım həm də çox maraqlı insan idi... Onsuz çox darıxdırıcı olacaq...
Hər zaman xeyirxah adam kimi yad ediləcək adam, qəbrin nurla dolsun!”.

Vəfa Allahverdiyeva, müstəqil jurnalist:

“Qənirə Paşayeva ilk sevdasını qazana bilmədi, amma xalqını qazandı. Sevdiyi ona "sən mənim heç nəyimsən" demişdi, Vətəninin insanları isə ona "Sən bizim hər şeyimizsən" söylədi. 7 il öncə orqanlarını donor kimi vəsiyyət edən Qənirə Paşayevanın gözləri başqasında baxacaq, ürəyi başqasında döyünəcək. Yaşayacaq! Sözün bütün mənalarında!”.

İmdad Əlizadə, “Report” İnformasiya Agentliyinin redaktoru:

“Bəlkə Qənirəyə deyəsən?
Görən Qənirə mənə kömək edər?
İstəyirəm gedəm Qənirənin yanına, dərdimi danışam...
Ümid bircə Qənirəyədi...
Qənirəyə dedim, həll elədi...
Qənirəyə zəng edən kimi durub gəldi...
Qənirə olmasaydı, balam öləcəkdi...
Qənirə valideynimin həyatını xilas elədi...
Qənirə bilən kimi nə qədər adama zəng elədi, hamını ayağa qaldırdı...
Qənirə fılankəslə danışdı, dedi ki, bu adama mütləq kömək etmək lazımdır, ondan sonra yoluna qoydular...
Bir də gördüm Qənirə xəstəxanada özünü çatdırdı, bizi tək qoymadı...
Qənirə hər gün zəng edib halımı soruşurdu...
Qənirə hər bayramda gəlirdi, sovqat göndərirdi...
Pulum yox idi, dərmanları ala bilmirdim, Qənirə aldı...
Qənirəni toya çağırdım, gəldi...
Qənirə yasımızda hamıdan tez gəldi, axıra qədər oturdu...
Allah şahiddir.
Köməyə ehtiyacı olan minlərlə, bəlkə də onminlərlə azərbaycanlı da şahiddir.
Mən də şahidəm.
Hələ Vətən üçün etdiyi fədakarlıqlar, qalın-qalın kitablara sığmaz...”.

Eldəniz Vəliyev, “Azəriqaz”ın mətbuat katibi:

“Çox əziyyət çəkdin, çox mücadilə apardın. Yorulmadın, usanmadın. Qiymətin heç olmasa, Xanın kəndinə getmək olmalı idi. Rubenlərin qandallanmış əllərini görməli idin. Natavanın sevinən ruhuna salam verməli idin. Olmadı, heç olmadı... Unudulmayacaqsan, heç vaxt..!”.
 

Aynur Camal: “Teleqraf Holdinq”in rəhbəri:

“Bu qədər hüznlü sonluq olmamalıydı... Ağır, yeri heç vaxt dolmayacaq itkidir. Qənirə Paşayeva nadir şəxsiyyət, nadir insan idi... Allah rəhmət eləsin... Səni unutmayacağam, əzizim”.

Namiq Əliyev, Mərkəzi Bankın mətbuat katibi:

“Televiziyaya demək olar ki, eyni vaxtda gəlmişdik. Ara-sıra çəkilişlərdə rastlaşsaq da, ilk dəfə 2003-cü ildə Türkiyədə Azərbaycan jurnalistlırininin səfərinə yollandıq. Səhər saatlarında aeroprta çatdım, əvvəlcə təyyarə ilə Naxçıvana, daha sonra isə oradan avtobusla Türkiyənin bütün bölgələrinə gedəcəkdik. Qənirə məni və operatorum İlqar Abdullayevi görcək bizə yaxınlaşdı. ”Səfərdə jurnalistlərə mən rəhbərlik edəcəm dedi!”. Bizə broşülər, səfər proqramı olan bukletler payladı… sonra bir həftəlik jurnalist turu, avtobusla, Ərzurum, İğdır, Qars... bir sözlə, düz Ankarayadək. Mən, İlhamə Qasımlı, Mircavad Rəhimov, Aynur Talıbova, Jalə Sabirqızı, Vüqar Məmmədov və digər jurnalist və operatorlar səfərə çıxdıq… yol boyu dedik-güldük, polemika elədik, Vətənimizin, torpaqlarımızın işğal altında olmasına təəssüfləndik, dərdimizə acıdıq, amma ruhdan düşmədik, jurnalist haqq səsimizi, Vətənimizin harayını, Qarabağımızın fəryadını Türkiyə bələdiyyələrində, partiyalarında, valilərlə görüşlərimizdə çatdırdıq…

Sonra hər ikimiz təmsil etdiyimiz kanalda xüsusi müxbir kimi fəaliyyət göstərdik…. Mötəbər dövlət əhəmiyyətli tədbirlər, saysız-hesabsız müsahibələr…. Xarici ölkələrə səfərlər… Daha sonra bir vaxtlar birgə müsahibə götürdüyümüz həmkarımız bizim müsahibimizə çevrildi… eyni enerji, vətənpərvərlik ruhu ilə millət vəkili olaraq fəaliyyətə başladı… heç vaxt özünü dartmadı, heç vaxt mənəm-mənəm demədi… bizim nəsil jurnalistlərin - hamımızın qüruru idi, ona baxib fərəhlənirdik… bizim sıralarımızdan ilk olaraq o kürsüyə Qənirə yüksəlmişdi. Sadəliyi, alicənablığı hər zaman öz yerində oldu… dar günümüzdə də, şad günlərimizdə də yanımızda oldu bizlərin… bu gün çox üzgünük… bir jurnalist ailəsi olaraq üzgünük… ölüm artıq bizim yaşıdları haqlayır, dostlarımızın sırası səngiyir… ailəsinə, şəxsən tanıdığım qardaşı Hüseyn Paşayevə, valideyninə, bacısı Kəmalə Paşayevaya başsağlığı verirəm…. Nur içində yat əziz Qənirə!!! Allah rəhmət eləsin!”.


Rumiyyə Miraslan, “Baku TV”nin əməkdaşı:

“Bəlkə də çoxu Qənirə xanımı itirməklə ümidini, gümanını, arxa-dayağını itirdiyinə görə yanır. Amma məni onun özü - nakam həyatı, nakam sevgisi, yarım qalan arzuları, yarımçıq taleyi yandırır. Çölü özgəni yandırdı, içi özünü. Ana olmadan minlərlə insana analıq elədi. Gündüzlər insan əlindən başını qaşımağa vaxtı olmadı, gecələr isə təkliyin  səsizliyindən qulaqları uğuldadı. Yüzlərlə gəncin ailə qurmasına, gəlinlik geyinməsinə vəsilə oldu, amma özünə gəlin olmaq qismət olmadı, ağ libas əvəsinə ağ kəfənə büründü... Minlərlə evin divarlarının isinməsinə səbəb oldu, amma öz evinin divarlarını isidəcək nəfəs olmadı... Minlərlə evin çırağının yanmasına vəsilə oldu, amma öz çırağını yandıracaq bircə balası qalmadı. Hamını sevdi, çox sevdi, amma onu onun sevdiyi qədər sevən olmadı…”.


İlqar Əlfioğlu, tanınmış jurnalist:

"2015-ci ildə APA-dakı qızlar mənim 60-cı yaşımı təntənəli qeyd etdilər. İki gün sonra Qənirə zəng elədi, onu çağırmamağımıza görə gileyləndi. Dedim ki, ay qız, səhv etmişik, oldu, keçdi, səhvimi 70 illiyimdə düzəldərəm...
Bir il qabaq da, xorvat şairi Draqo Ştambukun mənim tərcümə etdiyim "Zefir" kitabının təqdimatına Qənirə də gəldi. Mən arxa cərgələrdə oturmusdum, çıxışında şeirlərdən bir-neçəsini oxudu, sonra da məni qaldırıb, alqış tələb elədi. Draqo kitabı mənim tərcümə etdiyimi onda bildi...
Çıxanda da, Qənirə qayıtdı ki, 70-ə bir sey qalmayıb ha, bu dəfə yaddan çıxsam, doğrudan inciyəcəm...
Yəqin olmayacaq, olsa da, itirdiklərimizin yeri möhkəm görünəcək.
Sən mənim yadımda səmimi, mərd bir qız kimi qalacaqsan, Qənirə.
Rahat yat, bala, bir yox, iki yox, üç ömürlük zəhmətin olub, vallah unudulan deyil!".

Arzu Qazıyeva, "Günaz TV"nin aparıcısı:


"Qənirə Paşayeva sonuncu mənzilinə yola salındı. Parlaq günəşin işığı öləzidi, amma izləri hələ çox parlayacaq. Təkcə elinin əli deyildi, obasının gur səsi, Türk dünyasının güclü siması idi.
Mübarizliyi, vətən sevgisi, zəhmətkeşliyi, sadəliyi, böyük hərflərlə yazılan İNSANLIĞI onu adının layiq olduğu ən yüksək ənginliklərində süzdürdü.
Elə bir adam olmadı ki, dərdinə əlacı, şikayətinin çıxış yolunu Qənirə Paşayeva ünvanında axtarmasın, görməsin. Kimsəni naümid qaytarmadı, hər kəsə əlindən gələn köməyi göstərdi. Dilavər hocam xəstəxanada yatanda bütün imkanlarını səfərbər etdi, daim yanımda oldu, ömrüm boyu unutmaram! Söz vermişdim, sağalıb xəstəxanadan çıxanda ilk görüşünə gedəcəyimiz sən olacaqdın... olmadı. Söz vermişdim, sən sağalıb xəstəxanadan çıxanda səni ziyarətə gedəcəyəm, onun da yerinə... olmadı. Hələ də telefonumda qalan, hələ də qulağımda eşidilən səsi "olmadılar" üzərində qaldı, artıq silinməz xatirə kimi!
Dünya boyda bir dünya olasan, gedəndə də dünyanı için-için pərişan edəsən... Yerin çox görünəcək, əziz Qənirəmiz!
Ruhun şad, əbədi məkanın cənnət olsun!".

Umud Mirzəyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü:

"Qənirə xanım mənim, xalqımızın dostu idi. Qənirə xanım bir orduya bərabər xanım idi. Düşmənlərimizə qarşı Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmaq üçün hər zaman döyüş meydanlarında vuruşub. Bir addım da geri atmayıb. Hər zaman ölkəmizin suverenliyi, demokratiyası üçün çalışıb. Hər zaman sözün düzünü deyən igid xanım olub. Böyük dövlət xadimi idi. Azərbaycan üçün çox böyük və ağır itki oldu. Təkcə ölkəmiz üçün deyil, Türk dünyası üçün də çox böyük itkidir. Çünki Qənirə Paşayeva həm siyasi, həm ictimai, həm də beynəlxalq arenada sözünü deyən, dürüst, vətənpərvər xanım idi. O daim qəlbimizdə yaşayacaq. Əziz millət vəkilimiz vətənpərvərlik simvolu idi. Ümid edirdim ki, Qənirə xanım ölümün öhdəsindən gələcək. Azərbaycan üçün etdikləri heç vaxt unudulmayacaq. Heyf, Qənirə xanımdan. Allah rəhmət eləsin, ruhunuz şad olsun, məkanınız Cənnət olsun. Xalqımızın başı sağolsun".


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları