Modern.az

Yaddan çıxmış sənətkarlar - Hacı Qəmbərin erməni qonağı: Qıdı kirvə - VİDEO

Yaddan çıxmış sənətkarlar - Hacı Qəmbərin erməni qonağı: Qıdı kirvə - VİDEO

21 Oktyabr 2023, 14:00

Yaşlı və orta nəsildən olan tamaşaçılar yəqin ki, yaxşı xatırlayar: 70-80-ci illərdə AzTV-də "Komediyalar aləminə səyahət" adlı bir veriliş var idi. Hamı ailəlikcə oturub səbirsizliklə bu verilişin başlamasını gözləyirdi.

"Komediyalar aləminə səyahət" tez-tez klassik Azərbaycan dramaturgiyası əsasında hazırlanmış tamaşalar təqdim edirdi. Bu tamaşalar yumoristik səhnələrlə zəngin oluğundan tamaşaçılarda xoş ovqat yaradırdı. Verilişin aparıcısı Xalq artisti, mərhum aktyor Əliabbas Qədirov idi.

Bu gün yaşlı nəsildən olan aktyorlar deyirlər ki, “Komediyalar aləminə səyahət” bir çox sənət adamları üçün ilk məktəb olub.

Tamaşaçılar Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə və başqa ədiblərin əsərləri əsasınmda hazırlanmış səhnəcikləri böyük maraqla izləyirdilər. Bu kiçik səhnəciklər bir çox aktyorun parlamasına da səbəb olmuşdu.

“Komediyalar aləminə səyahət” verilişi Əliağa Ağayev, Fazil Salayev, Hüseynağa Sadıxov, Eldəniz Zeynalov, Yaşar Nuri, Səyavuş Aslan, Nəsibə Zeynalov kimi məşhur aktyorların da tamaşaçılarla daha tez-tez görüşməsinə şərait yaradırdı.

“Komediyalar aləminə səyahət”in dəfələrlə göstərdiyi bir tamaşa vardı: Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyası...

"Hacı Qəmbər" komediyasında Süleyman Ələsgərov, Hüseynağa Sadıxov, Osman Hacıbəyov, Rafiq Hüseynov, Süsən Məcidova, Yasin Qarayev kimi sənətkarlar yer almışdı.

Komediyada maraqlı obrazlardan biri də erməni kəndlisi – dəyirmançı Qıdı kirvədir.



Modern.az
 saytının “Yaddan çıxmış sənətkarlar” layihəsində budəfəki yazımız haqqında nadir hallarda bəhs olunan sənətkarlardan biri ilə bağlıdır. Qıdı kirvəni oynamış oktyordan bəhs edəcəyik.

Deyilənə görə, Qıdı kirvə obrazının əsərin müəllifinin nəslinə - Vəzirovlara  aid bəylərlə bağlılığı olub. Belə ki, o vaxtlar Qarabağın dağ yerlərində əkinə yararlı ərazilər az olduğuna görə ermənilər gəlib azərbaycanlı bəylərin düzəngahdakı torpağında əkin-biçin işləri ilə məşğul olarmışlar. Qışlıq azuqələrini əldə edəndən sonra evlərinə qayıdarmışlar. Qıdı kirvə obrazı da onlardan götürülüb.

Televiziya tamaşaçılarına təqdim olunan komediyada Qıdı kirvənin Hacı Qəmbərin ailəsinə qonaq gəlməsi səhnəsi ən maraqlı məqamdır. Bu səhnədə erməni kəndlinin azərbaycanlılara yaltaqlanması da tamaşanın incə epizodlarından biridir.

Bəzi məlumatlara görə görə, o vaxtlar bütün Bakı və Qarabağ erməniləri də bu səhnəciyə böyük həvəslə baxırmışlar.

Qıdı kirvəni oynayan aktyor isə bu səhnəcikdən sonra çox məşhurlaşmışdı.

Bəs o kim idi?

Çoxları Qıdı kirvə obrazını yaxşı xatırlasa da, onu canlandıran aktyorun kim olduğunu bilmir.

Bu, Əməkdar artist Osman Hacıbəyov idi.



Qeyd edək ki, Osman Hacıbəyov böyük bir nəslin – Hacıbəyovların nümayəndəsi idi. O, məhşur bəstəkar Soltan Hacıbəyovun qardaşıdır.

Osman İsmayıl oğlu Hacıbəyov 18 fevral 1924-cü ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdu. 10 yaşında olanda atasının əmisi oğlu Üzeyir Hacıbəyov onu Bakıya gətirmişdi.

Osman orta məktəbin 7-ci sinfini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbində oxuyub. Bu, 1939-1942-cı illəri əhatə edib. Osman Hacıbəyov Bakı Teatr Məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edirmiş. 1942-ci ildə təhsilini bitirəndə onu təyinatla elə Gənc Tamaşaçılar Teatrına aktyor göndəriblər.

Səhnədə müxtəlif obrazlar yaradan aktyor milli teatr sənətinin inkişafındakı xidmətinə görə, 25 dekabr 1969-cu ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.



Osman Hacıbəyov müxtəlif xarakterli, hətta psixoloji cəhətdən ziddiyyətli rollarda çıxış edib. Komik rolları isə məharətlə oynayıb.

Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov Osman Hacıbəyovla bağlı xatirələrindən danışarkən deyib ki, onunla gənclik illərində tanış olub. Mübariz Həmidov böyük sənətkarın digər aktyorlardan fərqli olaraq gözəl müşahidə qabiliyyəti olduğunu xüsusilə vurğulayıb. Onun sözlərinə görə, Osman Hacıbəyova bu və ya digər rol həvalə olunanda o, maraqlı xarakterlər, tipajlar axtarıb tapmağı bacarırdı. Bəzən də elə olurdu ki, küçədə bir maraqlı insan görəndə onu yaxşı mənada izləyir, hərəkətlərini, yerişini, dayanmağını kənardan müşahidə edir və həmin cizgiləri səhnədə yaratdığı obraza əlavə edərək maraqlı xarakter yaradırdı.

Təəssüf ki, Osman Hacıbəyov yaradıcılığının çiçəklənmə dövründə - 55 yaşında dünyasını dəyişib.
 


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır