Modern.az

Arif Rəhimzadə HARALARDADI…

Arif Rəhimzadə HARALARDADI…

4 Noyabr 2023, 11:36

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat, din xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Milli Məclisin sabiq deputatı, sədrin keçmiş 1-ci müavini Arif Rəhimzadə çoxdandır mətbuatın diqqətindən kənarda qalıb. Bu günlərdə qocaman YAP-çının səhhətinin pisləşdiyi barədə xəbərlər yayıldığından Modern.az saytının əməkdaşı Arif Rəhimzadə ilə əlaqə saxlamağa çalışıb.

“Mən xeyli vaxtdır rayonda dincəlirəm, Gələn həftə Bakıya qayıdacağam” deyən A.Rəhimzadə səhhətinin qaydasında olduğunu vurğulayıb.

Arif Rəhimzadə hazırda Yeni Azərbaycan Partiyası Veteranlar Şurasına sədrlik edir.

O, Milli Məclisin beş çağırışında deputat olub – 1995-ci ildən ta 2020-ci ilə kimi.

25 illik deputatlığı dövründə A.Rəhimzadə 10 il Milli Məclis sədrinin 1-ci müavini vəzifəsini tutub.

Sonrakı üç çağırışda – 15 ildə isə Milli Məclisin Regional məsələlər komitəsinin sədri işləyib.

Arif Rəhimzadə iki çağırışda - 1995 və 2000-ci illərdə 79 saylı Neftçala-Salyan seçki dairəsindən deputat seçilib.
Sonrakı üç çağırışda – 2005, 2010 və 2015-ci illərdə isə 61 saylı Neftçala seçki dairəsindən deputat manadatına yiyələnib.
 

Arif Rəhimzadə 1941-ci il fevralın 3-də Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib. Kənd təsərrüfatı elmləri namizədidir.

O, hələ Azərbaycan müstəqillik əldə etməzdən əvvəl - 1987-ci ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib.

Arif Rəhimzadə mərhum dövlət başçısı Heydər Əliyevin ən sadiq tərəfdarlarından biri olub. AXC hakimiyyəti dövründə Heydər Əliyevin hakimiyyətə gəlişi üçün daim mübarizə aparıb.

Əmək fəaliyyətinə 1963-cü ildə institutu bitirdikdən sonra başlayıb. 1963-cü ildən Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi olub.

1971-ci ildən Azərbaycan Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləyib. 1987–1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında dövlət müşaviri vəzifələrində çalışıb.

On birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub.

Uzun illər hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü olub.

O, Milli Məclisin deputatı olduğu çağırışlarda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri də olub.

Bir sıra dövlət təltifləri var, o cümlədən “Şərəf və “Şöhrət” ordeni və MDB-nin Parlamentlərarası Assambleyasının “Дружба” ordeni ilə təltif edilib.

Evlidir, 2 övladı var.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır