Modern.az

“Bir şəklin tarixçəsi”: Rəsulzadənin nəvəsi 1992-ci ildə Ağdama niyə getmişdi...

“Bir şəklin tarixçəsi”: Rəsulzadənin nəvəsi 1992-ci ildə Ağdama niyə getmişdi...

Reportaj

11 Noyabr 2023, 16:50

Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadənin fotosu paylaşılır. Foto 1992-ci ildə çəkilib.

 

Modern.az “Bir şəklin tarixçəsi” rubrikası çərçivəsində sözügedən fotonu araşdırıb.

 

Rais Rəsulzadənin Azərbaycan ordusunun hərbi qulluqçularının əhatəsində göründüyü foto Birinci Qarabağ müharibəsi zamanı Ağdamda lentə alınıb. Həmin vaxt rəssamın 46 yaşı var idi. Fotonun kim tərəfindən çəkildiyi məlum deyil.

 

Saytımızın əməkdaşı foto ilə bağlı məlumat əldə etmək üçün Rais Rəsulzadə ilə əlaqə saxlayıb. O, Modern.az-a fotonun tarixçəsi ilə bağlı ətraflı məlumat verib.

 

Rais Rəsulzadənin sözlərinə görə, 1992-ci ildə Ağdama bir sıra rəssam həmkarları birlikdə gedib. 

 

"Rəssamlar İttifaqına üzv olan bir qrup şəxslə birlikdə mən də Ağdama səfər etməyə qərar verdim. Bu qurumun təşəbbüsü deyildi. Özümüz Rəssamlar İttifaqının qarşısında toplaşdıq və bir avtobus tutaraq Ağdama yola düşdük, orada əsgərlərlə görüşdük", - o deyib.

 

Rəssam həmin dövrdə müharibənin davam etdiyini, Ağdama əsgərlərin ruh yüksəkliyini artırmaq üçün getdiyini vurğulayıb: "Onda müharibə təzə-təzə alışırdı. Sonra cəbhə xəttinə qalxdıq. Oraya getmək səbəbimiz əsgərlərimizi ruhlandırmaq idi. Bu şəkli çəkdirdiyim yerdə tanışlar vardı. Onların çoxu şəhid olub. Əkrəm Tağı və başqa rəssamlar da mənimlə birlikdə getmişdilər".

Rəssam həmin vaxt Ağdamda vətənpərvərlik ruhunun çox yüksək olduğunu qeyd edib.

 

"Ağdamdan yuxarı, cəbhə xəttinə irəlilədik. Avtomatla, pulemyotla atəş açırdılar. Ön cəbhədəydik. Uşaqlar da sağlam əhval-ruhiyyədə idi. Oraya çoxlu sayda adam könüllü gəlmişdi. Bir hadisə yadımdan heç çıxmır. Şelli kəndində bir məhlədə yaşayan qoca arvadın həyətinə mərmi düşmüşdü, lakin partlamamışdı. Qadın da onun ətrafında dolanıb, öz işi ilə məşğul olurdu", - Rais Rəsulzadə bildirib.

 

Onun sözlərinə görə, Ağdamda döyüşənlər arasında tələbləri də var idi. Rais Rəsulzadə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Rəsm, heykəltaraşlıq və boyakarlıq" kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim kimi işləyib.

 

Qeyd edək ki, noyabrın 1-də 77 yaşını qeyd edən Rais Rəsulzadə bu yaxınlarda insult keçirib. O, beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilib, lazımı müayinələrdən keçirilib, müalicələri aparılıb. Daha sonra rəssam evə buraxılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır