Modern.az

Prezidentin getdiyi Vəngli kəndində olanlar - Məşhur italiyalı niyə üzr istəmişdi... - MARAQLI

Prezidentin getdiyi Vəngli kəndində olanlar - Məşhur italiyalı niyə üzr istəmişdi... - MARAQLI

Reportaj

7 Noyabr 2023, 17:18

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.

Modern.az-ın məlumatına görə, Vəngli Qarabağın qədim tarixə malik unikal yaşayış məntəqələrindən biridir.

Xaçınçayın sol sahilində yerləşən Vəngli kəndi uzun illər erməni separatçılarının işğalı altında olduğundan, onlar burada istədiklərini ediblər.

Vəngli kəndi tarixən qədim Alban Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Xanabert (bəzi mənbələrdə Xoxanabert) qalası da məhz Vənglidə yerləşir.

Vəngli kəndi dağın üstündə ucaldılmış tarixi Gəncəsər məbədi ilə də məşhurdur.

Bu monastr Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarındakı daş kitabənin epiqrafik yazısına görə, abidə alban knyazı Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib.



Gəncəsər monastırı digər Alban abidələrindən öz layihəsinin mükəmməlliyi və mürəkkəbliyi ilə seçilir. Kompleks kilsə, dəhliz, ictimai xidmət və yaşayış otaqları qrupundan ibarətdir. Monastır cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. 

XIII əsrdə tikilmiş bu xristian alban monastırı XIX əsrə qədər Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub. Albaniya Katolikosluğunun iqamətgahı olan bu kilsə-abidə qədim Albaniyanın tarixində mühüm rol oynayıb.

1993-cü il aprelin 3-dən Ermənistan silahlı qüvvələrinin işğal altında olan abidənin memarlıq quruluşu və interyeri ermənilər tərəfindən qeyri-qanuni olaraq dəyişikliklərə uğradılıb. Divar yazıları korlanıb, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də Albaniya dövrünə aid xeyli sayda ornament və simvollar tamamilə silinib, onlardan bir çoxunun forması dəyişdirilərək tanınmaz hala salınıb.


Qeyd edək ki, Gəncəsər monastırı erməni işğalı dövründə qeyri-qanuni yollarla Qarabağa gələn turistlərin ən çox ziyarət etdiyi abidə olub.

Vəngli kəndi vaxtilə keçmiş Ağdərə rayonun inzibati ərazisinə daxil olan yaşayış məntəqəsi idi. Lakin Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixl qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vəngli kəndi 29 dekabr 1992-ci il tarixli qərarla Kəlbəcər rayonunun inzibati ərazisinə daxil edilib.



Azərbaycan ordusu 1992-ci ilin yayında təşkil etdiyi hücum zamanı həmin ilin avqustun 23-də kəndi erməni işğalçılarından təmizləmişdi. Lakin 1993-cü ilin əvvəlində Ermənistan ordusu yenidən hücuma keçərək Vənglini təkrar işğal etmişdi. 

Vənglidə məskunlaşan ermənilər vaxtilə bura İrandan bura köçürülmüş hayların törəmələri idi.

Birinci Qarabağ müharibəsindən sonra tamamilə separatçılarının nəzarətində olan Vənglidə məşhur rusiyalı erməni iş adamı Levon Ayrapetyan bir sıra qanunsuz fəaliyyətlər həyata keçirib.

Erməni iş adamı öz marağı naminə xarici turistləri cəlb etmək üçün Gəncəsər monastırına yeni yol çəkdirərək, burada qanunsuz bərpa işləri aparıb.

2010-cu ildə məşhur italyan estrada müğənnisi Albano Karrizi də Levon Ayrapetyanın dəvəti ilə Vəngli kəndinə icazəsiz səfər edib, burada konsert verib, daha sonra Gəncəsər monastır kompleksini gəzmişdi.

Yeri gəlmişkən, məhz erməni iş adamı Levon Ayrapetyanın “xeyir-duası” ilə hər il Vəngli kəndində “Qarabağ korridası” adlı uzunqulaq yürüşü keçirilirdi. Bu “eşşək yarışı” Vənglidə məskunlaşmış erməni sakinlər üçün əyləncəli ənənəyə çevrilmişdi. Ayrapetyan yarışın mükafat fondunu 2000 dollar müəyyənləşdirilmişdi.



Levon Ayrapetyan tədbirə tez-tez nüfuzlu şəxslərin də qatılmasına şərait yaradırdı. Elə italyan müğənni Albano da Vənglidə olarkən ermənilərin “eşşək şousu”na qatılmış, “uzunqulaq yarışı”nın iştirakçıları qarşısında mahnılar ifa edərək, onları şənləndirmişdi.

O zaman Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) müğənni Albano Korrizinin adını işğal altında olan Qarabağa qanunsuz səfər etdiyinə görə ölkəmiz üçün “arzuolunmaz şəxslər” siyahısına salmışdı.

Rəsmi Bakının bu addımından sonra məşhur müğənni Azərbaycanın İtaliyadakı səfirliyinə məktubla müraciət edərək peşman olduğunu bildirmiş və üzr istəmişdi.

Müğənni adının "qara siyahı”ya salınmasından təəssüfünü ifadə edərək, regiondakı mövcud problemdən, Ermənistan-Azərbaycan münaqişəsindən xəbərsiz olduğunu vurğulamış və Azərbaycan Respublikasına böyük hörmət və rəğbət bəslədiyini bildirmişdi. O, Qarabağa icazəsiz gedərkən bir musiqiçi kimi siyasi məqsəd güdmədiyini qeyd etmiş, Azərbaycana yenidən səfər etməyin onun üçün böyük şərəf olduğunu vurğulamışdı. Yalnız bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi Albanonun adını “arzuolunmaz şəxslər” siyahısından çıxarmışdı.



Qeyd etdiyimiz kimi, erməni iş adamı Levon Ayrapetyanın “kurasiyasında” olan Vəngli kəndində onun pulları hesabına bir sıra obyektlər tikilmişdi, məqsəd də bölgəyə turist axınını gücləndirmək idi.

Üzgüçülük hovuzu, futbol meydançası, internet sinfi olan müasir məktəb, üçmərtəbəli uşaq bağçası, mebel fabriki, incəsənət məktəbi, yeni xəstəxana binası Vənglidə son illər Ayrapetyanın pulları hesabına tikilən obyektlərdəndir. O, burada ippodrom da tikdirirdi.

Kənddə ağac emalı zavodu, iki mehmanxana, istirahət zonası da var. Vənglidə böyük su anbarı da tikilib.

Levon Ayrapetyanın qanunsuz fəaliyyəti Gəncəsər monastır kompleksindən də yan keçməyib. Belə ki, onun təşəbbüsü ilə 2000-ci ildən təmir adı altında abidənin memarlıq quruluşuna ciddi zərər vurulub, interyerinə və fasadlarına müxtəlif heyvan fiqurları yerləşdirilib. Monastırın həyətində, ona aid olan qəbiristanlıqda 2000-2009-cu illərdə 15-dən çox qəbir və xaç daşları quraşdırılıb. Abidənin daxili divarları üzərindəki yazılar və bədii nümunələr silinib, qırmızı və qara rənglərlə bütün divarlar boyu erməni dilində yazılarla bəzədilib.

Ermənilər, kompleksin daxilindəki knyaz Həsən Cəlal Dövlənin qəbri üzərindəki sinə daşını sındıraraq, üzərində həkk olunmuş bədii ornamentlərin bir çoxunu məhv ediblər.



Levon Ayrapetyan Gəncəsər monastırının yaxınlığında “Qaya aslanı” abidəsi də inşa etdirib.
Erməni mənbələri yazır ki, “Qaya aslanı” abidəsini yaratmaq ideyası 2006-cı ildə yaranıb və 2007-ci onu hazır ediblər.

Uzun illər separatçıların işğalı altında qalan Vəngli kəndi nəhayət 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində düşməndən təmizləndi.

Vəngli yüksək dağlıq ərazidə yerləşir. Havası yay zamanı sərin, yağışlı, qışda isə soyuq və qarlı keçir. Kəndin ətrafı meşələrlə örtülüdür, buna görə havası təmiz və səfalıdır.

Şübhəsiz ki, bundan sonra bu səfalı yerin sahibləri azərbaycanlılar olacaq.


Ə.Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı