Modern.az

Deputatlara \"Mercedes\" verildi, qızılca \"hücuma keçdi\" - Modern.az-ın icmalı 

Deputatlara \

1 Dekabr 2023, 10:40

Dünən elm və təhsil naziri Emin Əmrullayevin keçirdiyi brifinqdə verdiyi açıqlamalar, Azərbaycan və Ermənistanın Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın Qazax-İcevan sərhədindəki görüşü günün əsas gündəm məsələləri idi. Ötən gün qızılcanın yayılması, məktəblilər arasında ölüm faktının qeydə alınması da həyəcan təbilinə səbəb olan müzakirə mövzularından biri oldu. Milli Məclisdəki dinləmələr, ATƏT XİN başçılarının Skopye toplantısı və ABŞ Dövlət katibi Antoni Blinkenin İsrailə səfəri də 30 noyabrın hadisələri sırasında oldu.

 

Modern.az noyabrın son gününün icmalını təqdim edir:

 

İsrail Müdafiə Qüvvələri və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin uzadıldığını açıqlayıb. “Vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda və çərçivə sazişinin şərtlərinə uyğun olaraq, əməliyyatın dayandırılması davam edəcək”, - deyə qeyd olunub.

 

İsrail və Fələstin arasındakı Yerusəlimdə (Qərbi Qüds hissəsində) silahlı insident baş verib. Nəticədə 2 nəfər həyatını itirib, daha 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında ATƏT-in Nazirlər Şurasının Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən toplantısı çərçivəsində görüşü olmasa da, nazirlər ayrı-ayrılıqda bir çox həmkarları ilə danışıqlar aparıblar.

 

Milli Məclisdə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə bələdiyyələrlə bağlı ictimai dinləmə keçirilib. Dinləmələrdə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı bir çox məlumatlar açıqlanıb, bəzi təkliflər irəli sürülüb. Bundan başqa, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda birgə ictimai dinləmə keçirilib.

 

Ermənistan və Azərbaycan arasında delimitasiya komissiyalarının iclası baş tutub. Görüş Qazax-İcevan sərhədində keçirilib. Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev, Ermənistanı isə Mher Qriqoryan təmsil edib.

 

Ölkədə qızılcanın yayılması davam edir. Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdi, 10 yaşlı Rinat qızılca xəstəliyi səbəbindən dünyasını dəyişib. Naxçıvan Muxtar Respublikasında noyabr ayında 6 nəfər qızılcaya yoluxub. Azərbaycanda qızılcaya yoluxma ilə bağlı son durum açıqlanıb.

 

ABŞ-ın dövlət katibi Antoni Blinken İsrail rəhbərliyi ilə görüşmək, həmçinin İordan çayının qərb sahilinə gedərək Fələstin hakimiyyətinin nümayəndələri ilə danışıq aparmaq üçün regiona yenidən səfər edib. ABŞ-nin dövlət katibi Antoni Blinken İsrail Baş naziri Benyamin Netanyahu və İsrail Prezidenti İsaak Hersoqla görüşüb. O, həmçinin həmkarı Eli Kohen, müdafiə naziri Yoav Gallant və müxalifət lideri Yair Lapidlə də görüş keçirib. Blinken görüşlərdən sonra keçirilən mətbuat konfransında atəşkəsin nəticə verəcəyinə və davamlı olacağına ümid etdiyini bildirib.

 

İran Rusiyadan Mi-28, Su-35 və Yak-130 almaq planlarını təsdiqləyib. "Təsnim" agentliyi məlumat yayıb. Məlumatı İran müdafiə nazirinin müavini general Seyid Mehdi Fərhi bildirib. Qeyd edək ki, İranla Rusiya arasında qırıcıların alınması ilə bağlı razılaşmanın detalları bəlli deyil.

 

ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbinin Bakıya nə vaxt gələcəyi məlum olub. Bildirilir ki, o, bu həftənin sonunda Bakıya gələcək. Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ Senatı Mark Libbini Azərbaycanda səfir vəzifəsinə təsdiqləyib. ABŞ-ın Azərbaycandakı əvvəlki səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda bitmişdi.

 

“Ermənistan suveren ölkədir, kiminlə lazım bilirsə, onunla münasibətləri inkişaf etdirir”. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O, Ermənistan və Böyük Britaniya Müdafiə Nazirlikləri arasında əməkdaşlıqla bağlı sənədin imzalanmasını şərh edərkən bu barədə danışıb.

 

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Gürcüstanın ən böyük universiteti olan Tbilisi Dövlət Universitetinin rektoru tələbələrə “Səsimiz Avropa üçündür” petisiyasına imza toplamaq üçün masalar açmağa icazə vermir.

 

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özellə İYİ Partiya sədri Meral Akşener arasında görüş olub. Bu, Özelin sədr seçilməsindən sonra iki partiyanın rəhbəri səviyyəsində ilk görüşdür. Məlumatlara görə, 31 mart 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində müxalifətin əməkdaşlığı əsas müzakirə mövzularından birini təşkil edə bilər. Bununla belə, həm İYİ Partiyanın, həm də CHP-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri ilk görüşün "nəzakət görüşü" kimi xarakterizə oluna biləcəyini və gələcək əməkdaşlığın bu görüşün necə keçəcəyindən asılı olacağını deyirlər. Əsas vacib məqamın iki liderin görüşdən sonra verəcəyi açıqlamaların məzmunu olacağı vurğulanıb.

 

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib. Komitə sədrləri "Mercedes E 300" markalı avtomobillərdən istifadə edirlər. Hazırda parlamentin 15 komitəsi var. Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.

 

“Abzas Media” saytının daha bir əməkdaşı saxlanılıb. Jurnalist Nərgiz Absalamovanın Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanıldığı bildirilir. Məlumata görə, ona qarşı "Abzas Media" rəhbərliyi ilə eyni maddə (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçalmalçılıq) üzrə ittiham irəli sürülüb. Qeyd edək ki, ötən həftə “Abzas Media”nın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov və baş redaktoru Sevinc Vaqifqızı saxlanılıblar. Onlar barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

 

Elm və təhsil naziri Emin Əmrullayev brifinq keçirib. Nazir deyib ki, Qarabağ Universitetində hazırki şəraitdə 2-3 min tələbə təhsil ala bilər. "Gələn ilin sentyabrından təhsil başlayacaq. Biz 800-1000 tələbənin orada təhsil alması üçün şərait yaratmağı planlaşdırırıq. DİM-in qəbulu üzrə birinci kurslar, Nazirliyin SABAH qruplarının 2 kurs tələbələrini müsabiqə əsasında köçürmək istəyirik", - o qeyd edib. Qarabağ Universitetində ilkin dövrdə 4 fakültə olacaq. "Dünyanın heç bir yerində Nazirlik müəllimlə müəllim, müəllimlə direktor, müəllimlə şagird arasındakı mübahisələri həll edən qurum deyil". Nazir məktəblinin xəsarət almasından danışıb: "Bundan sonra da olacaq". Gələn il 31 min müəllimin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur. Məktəblərdə davranış qaydaları ilə bağlı problemlər var. Bəzi universitetlərin Qarabağda filiallarının açılması planlaşdırılır. Elm və təhsil naziri Emin Əmrullayev orta məktəblərdə qeyri-rəsmi ödənişlərin yığılmasına münasibət bildirib. "Bəzi məktəblərdə şagird sıxlığı səbəbindən 6 günlük dərs həftəsi olur. 5 günlük dərs həftəsi ilə həmin məktəblərdə sıxlıq çox ola bilər".

 

İlham Əliyev BƏƏ-yə səfər edib. Əl Nəhyan Azərbaycana dəvət edilib.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallarla da tanış olmaq mümkündür:

 

Xankəndidə brend təhsil ocağı: "Qarabağ" universitetində hansı ixtisaslar olacaq?

Nazarbayevdən ETİRAF: O, ikinci evliliyini ilk xanımına necə izah edib? - FOTO

“Jurnalistlərin 3-cü binası”ndakı mənzillər şəhid ailələrinə paylandı - Nazirlik TƏSDİQLƏDİ

Ağdərə üçün yeni seçki dairəsi yaradılacaq?

"Tarixin tələbəsi": 100 yaşında dünyadan gedən Kissincer KİMDİR...

Oğlumla videodanışığa icazə vermədilər - Əsir Aqşin Bəbirovun anası

Dünyanın ən bahalı ŞƏHƏRLƏRİ

Çinarə Məlikzadənin anası həyat yoldaşının ölümündən danışdı - VİDEO

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama