Modern.az

"Tarixin tələbəsi": 100 yaşında dünyadan gedən Kissincer KİMDİR...

Dünya

30 Noyabr 2023, 17:44

Xəbər verdiyimiz kimi, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib. O, Konnektikutdakı evində dünyasını dəyişib. Siyasətçinin dəfn yeri və tarixi hələlik açıqlanmayıb. Dövlət Departamentinin keçmiş rəhbərinin ölümü ilə bağlı məlumatı özünün təsis etdiyi "Kissinger Associates" konsaltinq şirkəti də təsdiq edib.

 

Diplomat 27 may 1923-cü ildə Almaniyanın Bavariya bölgəsindəki Förts şəhərində Haynts Alfred Kissincer olaraq anadan olub. Ortodoks yəhudi olduğu üçün antisemitlər tərəfindən zorakılığa məruz qalıb və 1938-ci ildə ailəsi nasist Almaniyasından Nyu-Yorka köçüb. Kissincer 1943-cü ildə Amerika vətəndaşı oldu.

 

Siyasətçi İkinci Dünya müharibəsi zamanı ABŞ ordusunun 84-cü Piyada Diviziyasının tərkibində Almaniyaya qayıdıb. O, kəşfiyyat əməliyyatlarında tərcüməçi kimi çalışıb və Gestapo üzvlərinin tutulmasına kömək edib. Kissincer "Bürünc Ulduz"la təltif edilib.

 

Harvard Universitetindəki görkəmli karyerasından sonra Kissincer 1969-cu ildə ABŞ prezidenti Riçard Niksonun administrasiyasına milli təhlükəsizlik müşaviri kimi qoşulub. Bu vəzifəni Nikson istefa etdikdən sonra da saxlayıb və onun yerinə prezident Fordla çalışıb.

 

O, həmçinin Nikson və Fordun dövründə dövlət katibi kimi fəaliyyət göstərib. Kissincer 1970-ci illərdə dünyanı dəyişən bir çox qlobal hadisələrdə, o cümlədən Vyetnam müharibəsində, Çinilə diplomatik əlaqələrdə, silahlara nəzarət üzrə ABŞ-SSRİ danışıqlarında və İsraillə ərəblər arasında əlaqələrin genişləndirilməsində birbaşa və ya dolayı iştirak edib.

 

 

1973-cü ildə Kissincerə və Şimali Vyetnamdan Le Duk Thoya verilən Nobel Sülh Mükafatı mükafat tarixinin ən mübahisəli mükafatlarından biri idi. Onlar ABŞ qoşunlarının çıxarılması, atəşkəs və Cənubi Vyetnam hökumətinin qorunmasını təşkil etməli olan Paris sülh danışıqlarındakı işlərinə görə seçilmişdilər.

 

Nobel komitəsinin iki üzvü seçimə görə istefa vermişdi və Tho işlərinin hələ sülh gətirmədiyini əsas gətirərək mükafatdan imtina etmişdi. Diplomat bir çox aktrisalarla, eləcə də o vaxt Ağ Evin əməkdaşı, daha sonra isə "ABC News"un aparıcısı olan Diana Soyerlə birlikdə olub. Onu tanıyanlar isə pleyboy obrazının əsasən media yaradıcılığı olduğunu deyirlər.

 

Kissincer sonuncu dəfə 1977-ci ildə prezident administrasiyasında çalışsa da, Corc Buşla münasibətini qoruyub saxlayıb. Ozamankı prezident 2001-ci il 11 sentyabr hücumlarını araşdıran komissiyaya rəhbərlik etmək üçün Kissinceri seçmişdi, lakin o, konsaltinq biznesinin müştərilərinin adlarını açıqlamaq istəmədiyi üçün vəzifədən ayrılmışdı.

 

Argentina hərbçiləri Kissincerin onlara solçu dissidentlərə qarşı “çirkli müharibə” aparmağa icazə verdiyinə inanırdılar, bunu sonradan məxfiliyi silinmiş sənədlər də göstərirdi. O, 1976-cı il çevrilişi zamanı hərbçilərin həvəsləndirilməli olduğunu demiş və daha sonra onları “terror qüvvələrini” məhv etdiklərinə görə tərifləmişdi.

 

Musiqiçilərdən biri onun haqqında demişdi: “Henri Kissincerin Nobel Sülh Mükafatına layiq görülməsi ilə siyasi satira köhnəldi”.

 

Henri Kissincerin ölümünə reaksiyalar:

 

 

ABŞ-ın Çindəki keçmiş səfiri və Kissincerin Milli Təhlükəsizlik Şurasındakı keçmiş xüsusi köməkçisi Uinston Lord: "Dünya sülhün yorulmaz müdafiəçisini itirdi. Amerika milli maraqlar uğrunda güclü çempionunu itirdi. Mən əziz dostumu və mentorumu itirdim. Henri Avropa faciəsi hissi ilə Amerika mühacirinin ümid hissini birləşdirdi".

 

ABŞ-ın İsrail-Fələstin danışıqları üzrə keçmiş xüsusi nümayəndəsi və Kissincer haqda kitabın müəllifi Martin İndik: “Kissincer tarixin adamı idi, lakin o, həm də tarixin tələbəsi idi və onun tarixi biliyi, onun dərin anlayışı, xüsusən də Avropanın XIX əsr tarixini bilməsi dünyaya yanaşmasını göstərirdi. O, sülhsevər dünyaya nail olmağa çalışanlara dərin şübhə ilə yanaşırdı. O, nizam-intizam yaratmağa daha çox diqqət yetirirdi, çünki nizam sülhdən daha etibarlı idi".

 

ABŞ-ın sabiq prezidenti Corc Buş: "Amerika Henri Kissincerin vəfatı ilə xarici siyasətdə ən etibarlı və fərqli səslərdən birini itirdi. Mən yəhudi ailəsindən olan gənc oğlan kimi nasistlərdən qaçan, sonra Birləşmiş Ştatlar Ordusunda onlarla vuruşan adama heyran olmuşam. Sonradan dövlət katibi olanda onun keçmiş qaçqın kimi təyin olunması Amerikanın əzəməti qədər onun böyüklüyündən xəbər verirdi. O, iki prezidentin administrasiyasında çalışıb və daha çox məsləhətlər verib. Mən bu xidmətə və məsləhətə görə minnətdaram, amma onun dostluğuna görə daha çox minnətdaram. Laura və mən onun müdrikliyi, cazibəsi və yumoru üçün darıxacağıq. Həmişə Henri Kissincerin töhfələrinə görə minnətdar olacağıq".

 

Çin XİN: "Doktor Kissincer Çin xalqının köhnə dostu idi. O, Çin-ABŞ əlaqələrinin qabaqcıllarından biridir və qurucusudur. Çin və ABŞ Kissincerin strateji baxışını, siyasi cəsarətini və diplomatik müdrikliyini irəli sürməli və Çin-ABŞ əlaqələrinin sağlam, sabit və davamlı inkişafını təşviq etməlidir".

 

Rusiya prezidenti Vladimir Putin: “Henri Kissincerin adı praqmatik xarici siyasət xətti ilə ayrılmaz şəkildə bağlıdır ki, bu da vaxtilə beynəlxalq gərginliyin yumşaldılmasına və qlobal təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən ən mühüm Sovet-Amerika razılaşmalarının əldə olunmasına imkan yaradıb. Mənim bu dərin, qeyri-adi insanla dəfələrlə şəxsən ünsiyyət qurmaq imkanım olub və şübhəsiz ki, onun ən xoş xatirəsini yaddaşımda saxlayacağam”.

 

 

İsrailin Baş naziri Benyamin Netanyahu: “Doktor Kissincerin gedişi onun nəhəng zəkasının və diplomatik şücaətinin nəinki Amerikanın xarici siyasətinin gedişatını formalaşdırdığı, həm də qlobal səhnəyə dərin təsir göstərdiyi bir dövrün sonu deməkdir. Mən Dr. Kissincerlə dəfələrlə görüşmək şərəfinə nail olmuşam, ən sonuncusu cəmi 2 ay əvvəl Nyu-Yorkda olmuşdu. Onunla hər görüş təkcə diplomatiya dərsi deyil, həm də dövlət xadimliyində ustad dərsi idi. Onun işin mürəkkəbliklərini başa düşməsi ilə beynəlxalq münasibətlərə və dünyamızın üzləşdiyi problemlərə dair unikal fikirləri misilsiz idi”.

 

Böyük Britaniya XİN başçısı Devid Kameron: "O, dünya səhnəsində çox darıxılacaq böyük dövlət xadimi və dərin hörmətli diplomat idi. Hətta 100 yaşında da onun müdrikliyi və düşüncəliliyi parlayırdı".

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel: "Mən Henri ilə bir neçə dəfə görüşmək şərəfinə nail olmuşam. Xeyirxah insan və 100 ildən artıq müddətdə əsrin ən mühüm hadisələrinin bəzilərinin taleyini formalaşdıran parlaq ağıl sahibi. Ən xırda detallara diqqət yetirən strateq".

 

Yaponiyanın Baş Naziri Fumio Kişida: “Keçmiş dövlət katibi regional sülh və sabitliyə, o cümlədən ABŞ və Çin arasında diplomatik münasibətlərin normallaşmasına böyük töhfələr verib. Mən özüm də gənc yaşlarımdan bir çox hallarda onunla görüşmək şərəfinə nail olmuşam və ondan çoxlu biliklər əldə etmişəm”.

 

Almaniya kansleri Olaf Şolts: "Henri Kissincer də Amerikanın xarici siyasətini formalaşdırırdı. Onun ABŞ və Almaniya arasında transatlantik dostluğa sadiqliyi əhəmiyyətli idi və o, həmişə vətəninin yanında idi. Dünya böyük diplomatını itirdi".

 

 

ABŞ diplomatı və mərhum senator Con Makkeynin həyat yoldaşı Sindi Makkeyn: "Henri Kissincer mərhum həyat yoldaşımın həyatında həmişə olub. Con hərbi əsir ikən, sonrakı illərdə isə senator və dövlət xadimi kimi. Makkeyn ailəsi onun zəkasından və cazibəsindən ötrü çox darıxacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi