Modern.az

Milli Məclisdə ictimai dinləmə keçirilib

Milli Məclisdə ictimai dinləmə keçirilib

Parlament

30 Noyabr 2023, 11:52

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda birgə ictimai dinləmə keçirilib.

 

Modern.az xəbər verir ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirəyə çıxarılan mövzunun vacibliyindən danışaraq, ailənin həm şəxsiyyət, həm də cəmiyyət üçün böyük  əhəmiyyətə malik ümumbəşəri dəyər olduğunu qeyd edib. O, ailə institutunu sosial, mədəni, iqtisadi və siyasi dəyişiklikləri əks etdirən dinamik sosial qurum kimi dəyərləndirib. Komitə sədri belə aktual mövzuların ictimai müzakirəsinin keçirilməsi üçün yaratdığı şəraitə görə Milli Məclisin rəhbərliyinə, parlamentin spikeri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.

 

Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin cəmiyyətin inkişafında ailənin, ailə münasibətlərinin rolunu yüksək dəyərləndirdiyini bildirib. O, qeyd edib ki, məhz Heydər Əliyevin   təşəbbüsü ilə ölkəmiz bu sahədə mühüm beynəlxalq müqavilələrə qoşulmuş və yeni qanunlar qəbul edilmişdir. Ümummilli Liderin müəllifi olduğu Azərbaycan Konstitusiyasında ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları da xüsusi maddələrdə müəyyən edilib. Komitə sədri Ailə Məcəlləsinin qəbul edilməsini bu sahədə önəmli addım adlandırıb, ailələrin sağlam mühitinin təşkili, ailə üzvlərinin hüquqlarının qorunması istiqamətində qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirildiyini deyib.

 

Komitə sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən ailə institutunun möhkəmləndirilməsi, onun sosial rifahının yaxşılaşdırılması, ailə üzvlərinin hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılıb. Bu sahədə lazımi qanunlar qəbul edilib, dövlət proqramları həyata keçirilir. O, qeyd edib ki, nikah yaşının  tənzimlənməsi və nikaha məcbur etmə ilə bağlı Ailə və Cinayət məcəllələrinə edilən əlavə və dəyişikliklər, həmçinin, nikahdan öncə tərəflərin tibbi müayinədən  keçməsinin məcburi olması, gender bərabərliyinin təminatları, məişət zorakılığının qarşısının alınması, uşaqların zərərli informasiyadan qorunmasına dair qanunların qəbul edilməsi  ailə institutunun müdafiəsi sahəsində önəmli rol oynayır. O, ailə institutunun dəstəklənməsi istiqamətində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ölkədə bu sahədə çoxsaylı layihələrin həyata keçirildiyini söyləyib.

 

Ölkəmizdə ailə institutunun qorunub saxlanılması üçün davamlı işlərin görüldüyünü deyən komitə sədri, bununla yanaşı, bu sahədə bəzi problemlərin də olduğunu diqqətə çatdırıb, bununla əlaqədar təbliğat və maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb.

 

Hicran Hüseynova bildirib ki, qanunlarımızda nikaha girən tərəflərin vəzifə və öhdəlikləri, valideynlik vəzifələri, uşaqların hüquq və öhdəlikləri  aydın şəkildə göstərilir.  Eyni zamanda, təcrübə göstərir ki,  hər iki valideyn uşağın maddi ehtiyacları ilə yanaşı, həm də mənəvi, psixoloji, sosial-mədəni ehtiyaclarını qarşılamalıdır.  Xüsusilə də ataların  uşağın qayğısında və onun təlim-tərbiyəsində iştirakı həm ailədaxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir  edir.  

 

Hicran Hüseynova qeyd edib ki, ailə nə qədər güclüdürsə, cəmiyyət də bir o qədər möhkəm və toxunulmazdır. O, 44 günlük Vətən müharibəsində döyüşən, torpaqlarımız uğrunda şəhid olan gənclərimizin əsl vətənpərvərlik ruhunda, sağlam ailə mühitində böyüdüyünü deyərək, bu dəyərlərin qorunub saxlanılmasının vacibliyindən bəhs edib.

 

Sonra parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib. O, bugünkü dinləmədə aktual məsələnin müzakirə olunduğunu bildirib. Komitə sədri ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışıb, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə daim diqqət və qayğı ilə yanaşdıqlarını vurğulayıb. O, qeyd edib ki, dövlət başçısı tərəfindən ana və uşaqların hüquqlarının təmin edilməsi, onların sağlamlığının qorunması ilə bağlı bir çox sənədlər imzalanıb. O, Milli Məclisdə də bu sahənin qanunvericilik bazasının daim təkmilləşdirildiyini söyləyib. 

 

Əhliman Əmiraslanov çıxışında ölkədə ana və uşaq ölümü ilə bağlı vəziyyətdən, bu problemin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. O, səhiyyə qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının yaxşılaşdırılması, mütəxəssislərin hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd edən komitə sədri Ailə Məcəlləsinə edilən dəyişiklikləri, qəbul edilən digər qanunvericilik aktlarını diqqətə çatdırıb.

 

İctimai dinləmədə səhiyyə nazirinin müavini  İlqar Qasımov Səhiyyə Nazirliyinin ana ölümü ilə və ölümlə nəticələnməyən ağırlaşmalarla bağlı fəaliyyəti barədə danışıb. O, bildirib ki, regionlarda selektiv abortlarla bağlı maarifləndirmə işləri aparılır və görülən işlərin müsbət dinamikası müşahidə olunmaqdadır.

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov uşaq və gənclərimizin ailə dəyələrinə hörmət ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb. O, Elm və Təhsil Nazirliyinin  milli, mənəvi və ailə dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli bildirib ki, təmsil etdiyi nazirlik ailə institutunun möhkəmləndirilməsi, uşaqların hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlər görür. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri çərçivəsində  valideyn himayəsindən məhrum olan uşaqların müəssisələrə yerləşdirilməsi, həmçinin həmin müəssisələrdən ailələrə inteqrasiya edilməsi istiqamətində gördüyü işləri diqqətə çatdırıb, sosial dəstək mexanizmlərindən danışıb.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dini icmalar tərəfindən ailə adət və ənənələrinin qorunub saxlanılması, təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə maarifləndirmə işinin əhəmiyyitini qeyd edib. O, təmsil etdiyi  Komitənin nəzdində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun mənəvi dəyərlərin inkişafı, o cümlədən ailə institutunun möhkəmləndirilməsi sahəsində fəaliyyətindən bəhs edib.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova icbari tibbi sığorta çərçivəsində ana və uşaqlara göstərilən tibbi xidmətlər barədə fikirlərini bölüşüb, bu sahədə maarifləndirmə işinin vacibliyini qeyd edib.

 

Mövzu ilə bağlı müzakirələrdə deputatlar Kamilə Əliyeva, Sədaqət Vəliyeva, Müşfiq Məmmədli, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi İmran Əliyev, Ədliyyə Nazirliyinin baş məsləhətçisi Aygün Şahbanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova çıxış ediblər. Müzakirələrdə ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadın və uşaqların sağlamlığının qorunması, ailələrin sosial rifahının yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Çıxışlarda bu gün ölkəmizdə ailə siyasəti sahəsində möhkəm qanunvericilik bazasının olduğu bildirilib.

 

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbirə yekun vuraraq, məsələnin vacibliyini bir daha qeyd edib və səsləndirilən təkliflərə münasibət bildirib.

 

İctimai dinləmədə Bakı şəhər Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, aidiyyəti qurumların nümayəndələri, Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyandan Putinə sərt cavab: Başınıza dəysin!