Modern.az

Mərkəzi Bank uçot dərəcələrini niyə endirdi? - AÇIQLAMA

Mərkəzi Bank uçot dərəcələrini niyə endirdi? - AÇIQLAMA

İqtisadiyyat

28 Mart 2024, 17:41

Mərkəzi Bankın İdarə Heyəti bu gün uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib.

 

Rəsmi açıqlamada deyilir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib.

 

"Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınıb", - Mərkəzi Bank bildirib.

 

2024-cü ilə inflyasiya proqnozu (yanvar proqnozu: 5.3%) dəyişməz saxlanılıb. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı vardır.

 

Maraqlıdır ki, qərarın verilməsinin səbəbi nədir və bu qərar iqtisadiyyatımız üçün nə vəd edir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, uçot dərəcəsinin aşağı salınması iqtisadi aktivliyin artırılmasına xidmət edəcək:

 

"Mərkəzi Bankın son qərarı göstərir ki, ölkədə humanitar siyasət, eləcə də makroiqtisadi vəziyyət proqnoz olunduğu istiqamətdə öz axarı ilə gedir. Mərkəzi Bankın uçot dərəcəsinin yuxarı həddini endirməsi, aşağı həddini isə stabil saxlaması bilavasitə daha ehtiyyatlı yanaşmanın sərgiləndiyini göstərir. Uçot dərəcəsinin aşağı salınması birmənalı olaraq iqtisadi aktivliyin mümkün qədər artırılmasına, nəticədə digər makroiqtisadi göstəricilərin yüksəlməsinə xidmət etmiş olacaq. Manatın effektiv məzənnəsinin də güclənməsi bu qərarın qəbul olunmasına töhfə verən amil oldu. Düşünürəm ki, qarşımızdakı dövrdə də bu tendensiya davam edəcək. Çünki hədəf bilavasitə infliyasiyanın 4% ətrafında olmasıdırsa, bu nəticəyə nail olmaq üçün düşünürəm ki, uçot dərəcəsinin kəskin şəkildə aşağı salınması gözlənilmir. Qarşıdakı dönəmdə də 0,25% bəndi həcmində azaldılması may ayının 1-də də mümkün ola bilər".

İqtisadçı manatın məzənnəsinə təhdidlərin olub-olmaması ilə bağlı məsələyə də toxunub:

 

"Mərkəzi Bankın məlumarına diqqətlə baxdıqda, manatın məzənnəsi ilə bağlı cari ildə hər hansı risklər yoxdur demək olmaz. Amma manatın məzənnəsi ilə bağlı risklərin baş vermə ehtimalı çox aşağıdır".

 

İqtisadç ekspert Natiq Cəfərli isə uçot dərəcəsinin bazara təsirinin aşağı olduğunu söyləyib:

 

"Mərkəzi Bankın faizləri endirəcəyi gözlənilən idi. Ona görə ki, Azərbaycanda inflyasiyanın səngiməsi ilə bağlı rəsmi rəqəmlər açıqlanıb. Bir sözlə, bank faizinin aşağı çəkilməsi inflyasiya göstəricilərinin aşağı düşməsi ilə paralel baş verməliydi. Bank faizlərinin uçot dərəcələrinin bazarda ciddi rol almadığını hələ də müşahidə edirik. Hələ ki uçot dərəcəsinin təsiri aşağıdır".

İqtisadçı ekspert Mərkəzi Bankın uçot dərəcəsinin təsirlərinin artırılması istiqamətində cəhd göstərdiyinni deyib:

 

"Qurum günlük, həftəlik kredit və maliyyə bazarlarının, qiymətli kağızlar institutunun yaradılmasına çalışır ki, Azərbaycan bazarında uçot dərəcəsinin daha effektiv təsiri olsun. Uçot dərəcəsi kredit faizlərinin aşağı çəkilməsində istifadə olunan alətlərdən biridir. Lakin bizdə uçot dərəcəsi aşağı da, yuxarı da olanda kredit faizlərinə o qədər də təsir etmir. Mərkəzi Bankın da yəqin ki, hədəfi uçot dərəcəsi ilə ölkədəki kredit faizləri arasında bağı və təsirləri bərpa etməkdir. Bu baş verərsə, uçot dərəcəsinin, Mərkəzi Bankın atdığı addımların makroiqtisadi göstəricilərə daha çox müsbət təsirlərini görə bilərik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir