Modern.az

31 mart soyqırımı barədə yeni faktlar-MUSA QASIMLI

31 mart soyqırımı barədə yeni faktlar-MUSA QASIMLI

31 Mart 2014, 11:35


Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri bəşəri cinayət –1918-ci il 31 mart soyqırımı günüdür. Tarixi qaynaqların məlumatına görə, ermənilər 18-ci əsrdən başlayaraq çar Rusiyasının himayəsi ilə Cənubi Qafqaza köçürülüblər. Burada məqsəd gələcəkdə Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövlət yaratmaq olub. Bu gün həmin soyqırımından 96 il keçir. Lakin hələ də  bu barədə bəzi gizli məqamlar öz işıqlı çağını gözləməkdədir.

Milli Məclisin üzvi, tarix elmlər doktoru, professor Musa Qasımlı Modern.az-a verdiyi açıqlamasında 1918-ci ilin mart soyqırımı barədə əldə etdiyi yeni faktlardan danışıb:

“Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanına əsasən, 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması bu istiqamətdə tarixi axtarışları sürətləndirdi. Mart soyqırımına aid ən son monoqrafiyam – “Erməni soyqırımı: gerçək tarix axtarışında (1724-1920) nəşr olundu. Bu irihəcimli monoqrafiyam yaxınlarda Rusiya və Türkiyədə nəşr ediləcək. Monoqrafiya üzərində çalışarkən Moskva və Gürcüstanda indiyədək rast gəlinməyən və kimsənin istifadə etmədiyi materiallara tanış oldum. Həmin monoqrafiyada bu materiallardan geniş şəkildə istifadə etdim. Eyni zamanda Rusiya və Gürcüstan arxivlərində çoxlu sayda fotoşəkillər götürdüm. Həmin fotoşəkillər çarizm orqanları tərəfindən çəkilib. Aralarında çoxlu maraqlı və lazımi materiallar var. Burada ermənilərin törətdikləri soyqırımı göstərən faktlar istənilən qədərdir. Hər şeydən əvvəl bizdə bəzən söylənilir ki, ilk qırğınlar yalnız 1905-06-cı illərdə olub. Amma arxiv materiallarında göstərilir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk qətllər XIX əsrin 80-ci illərində İrəvan şəhərinə gedib çıxır. 1905-06-cı illərdə ermənilərin törətdiyi qırğınlarda konkret hədəf olub. Bu sadəcə qırğın deyildi. Onlar tarixdə heç bir zaman olmayan “Böyük Ermənistan” yaratmaq üçün azərbaycanlılar yaşayan məntəqələri təmizləyir, yerli əhalini qovurdular. Qırğınların zirvə nöqtəsi kimi 1918-ci ilin mart soyqırımı götürülür, bu tamamilə düzgündür. Ancaq 1918-ci ilə qədər azərbaycanlılara, türk-müsəlmanlara qarşı Anadoluda, rus-Qafqaz cəbhəsi dağıldıqdan sonra Cənubi Azərbaycanda, İrəvan, Tiflis quberniyalarında və indiki Azərbaycan  Respublikasının ərazisində törədiblər. Bizim arxiv mənbələrdə rast gəlinən və artıq istifadə olunmuş belə bir məlumat var ki, 1917-ci ilin sonundan 1918-ci ilin mart soyqırımına qədər İrəvan quberniyasında 200 Azərbaycan kəndi dağıdılıb. Dağıdılan kəndlərin əhalisi təqribən 185 minə qədərdir. Xarici mənbələrdə isə bu rəqəm 250 kənd göstərilir. Məsələnin digər tərəfi Bakıda törədilən qırğınlar barədədir. Bizim mənbələrimiz göstərir ki, bu qırğınlar nəticəsində 15 minə yaxın azərbaycanlı öldürüldü. Bu mənbələrdə müxtəlif rəqəmlərdi. Lakin ingilis mənbələrində göstərilir ki, 1918-ci ilin martında Bakıda yerli müsəlman əhalisinin dörddə biri tamamilə öldürüldü. İndi sual oluna bilər? Həmin vaxt Bakıda nə qədər yerli əhali var idi? Həmin vaxt Bakıda yerli müsəlman əhalisinin sayı 80-100 min nəfər idi. Qalanları isə çarizmin müstəmləkə siyasəti nəticəsində köçürülənlər idi. 80-100 min nəfərin də dörddə biri 20-25 min edir. Bu rəqəm amerikan mənbələri isə üst-üstə düşür. Gürcüstan arxivlərində elə qovluqlar var ki, onlar 1917-ci ildə tərtib edilmiş sənədlərdir. Mən istifadə edənə qədər istifadə vərəqinə heç kim imza atmamışdı.

Məsələnin digər tərəfi fotoşəkillərlə bağlıdır. Bakıda olan sovet hakimiyyətinin başçısı Stepan Şaumyan bolşevik idi. Amma mən Gürcüstan arxivindən bir fotoşəkil götürdüm, monoqrafiyada da onu vermişəm. Həmin fotoda yazılıb: Bakıda daşnak qrupu. Şəklin aşağısında orada olanların ad və soyadları yazılıb. Şəkildə birinci yerdə Stepan Şaumyanın oğlu Levon Şaumyan dayanıb. Bu cür şəkli biz çəkməmişik. Ən maraqlı şəkillərdən biri də Moskva arxivlərindən götürülüb. Deməli, 1918-ci ildə erməni qırğını nəticəsində dağıdılmış Azərbaycan kəndinin fotosu idi. Bizim tərəfimizdən çəkilməyən rəsmilər tərəfindən çəkilən, rəsmi sənədlərdə saxlanılan bu iki foto şəkil ermənilərin törətdiyi soyqırımı üzə çıxarmağa imkan verir. Amma arxiv sənədləri istifadə edilmədikdə bir neçə ildən sonra yenidən tərtib olunan zaman  istifadədən çıxarılır. Bu vəziyyət bizi düşünməyə vadar etməlidir.

Hesab edirəm ki,  bizim müvafiq qurumlarımız Rusiya, Gürcüstan və digər ölkələrdə olan arxivlərlə əlaqəni genişləndirməlidirlər. Ölkəmizdə bu yöndə işlər aparılır. Əlbəttə, bu barədə hər şeyin  araşdırıldığını söyləmək düzgün olmazdı. Mən bundan əvvəlki monoqrafiyamda mart soyqırımının beynəlxalq tərəfləri, böyük güclərin maraqları baxımından araşdırmışam. Ona görə də Bakıda törədilən soyqırıma lokal yanaşmaq düzgün olmazdı. Məsələyə  beynəlxalq münasibətlər kontekstindən yanaşmaq daha doğru olardı”.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü