Modern.az

Media dünənki yanğından necə “çıxdı”? - Ekspert RƏYLƏRİ

Media dünənki yanğından necə “çıxdı”? - Ekspert RƏYLƏRİ

Təhsil

20 May 2015, 14:19

“Heç yandan göstəriş gözləməyən media daha doğru informasiya verir”


Dünən Binəqədi rayonundakı çoxmərtəbəli binanın yanması nəticəsində 15 insan faciəli şəkildə dünyası dəyişdi, 54 nəfər isə də müxtəlif dərəcəli xəsarətlər aldı. Yanğın zamanı olay yerində olan, yaxud olmayan media nümayəndələrinin də əsas işi ictimaiyyəti məlumatlandırmaq və itkilərlə bağlı xəbərdar etmək idi. “Bunu necə bacardılar” sualına cavab verən baş redaktorlar, media ekspertlərinin fikirlərini təqdim edəcəyik.
Amma bununla bərabər Modern. az saytı onlara həm də “bu cür dəhşətli faciələr və hər an başa verə biləcək təbii fəlakətlər zamanı medianın işi nədən ibarət olmalıdır” sualı ilə də müraciət edib.  Media hadisə yerindən verdiyi informasiyalarla yanaşı, cəmiyyətdə yüksək həddə çatan təşvişin, gərginliyin qarşısını almaq üçün hər hansı maarifçilik işini görə bilərmi?

Media eksperti, professor Qulu Məhərrəmli yalnız heç yandan göstəriş almayan medianın bu istiqamətdə həm bilgiləndirmə, həm də maarifləndirmə istiqamətində lazımı iş görə biləcəyini qeyd edib. Ekspert həm də dünənki yanğın zamanı medianın təşəbbüssüz olduğunu vurğulayıb:

“Media o zaman dəqiq, doğru informasiya verəcək ki, o heç yandan göstəriş gözləməyəcək. Bax o media müstəqil qərarla hadisənin baş verdiyi yerdən reportajlar verməklə mənzərəni yarada bilir. Mən bu haqda bir dəfə Neft Akademiyasında baş verən terror hadisəsi zamanı da demişdim. Bu hadisədən fərqli olaraq o zaman medianın susqunluğu hiss olunurdu. Amma bu dəfə daha çox sosial şəbəkələrdə aktivlik hiss olundu. Rəsmi məlumatlar yenə də vaxtında verilmədi. Deməzdim ki, şayiələrin çəkisi artıq oldu. Ölən və yaralıların sayında qeyri-dəqiq rəqəmlər göstərilsə də, bu, axşam saatlarına yaxın aradan qalxdı. Amma mediamız susqundur, təşəbbüs göstərən deyil. Tapşırıq gözləyəndir, gözləyir ki, kiminsə ağzından nəsə çıxsın və o da ona uyğun hərəkət etsin. Hadisə çox uzaqda deyildi ki, Bakıda idi. Giriş və çıxışlarda müəyyən məhdudiyyətləri çıxmaq şərtilə olay yerinə gedib oradan lazımı, daha sanballı  reportajlar hazırlamaq olardı”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın fikrincə, bu cür hadisələr zamanı media bacardığı qədər dövlətə kömək etməlidir. Amma xanım jurnalist dünənki hadisə zamanı bunun əksini gördüyünü qeyd edir:

 “Media bu cür hallarda həm insanların həm də dövlətin yanında olmalıdır. Bu zaman yarana biləcək yanlış informasiyaların qarşısını almaqla bunu yerinə yetirməlidir. Amma media qoşulur küçə adamlarına, dövlətə, insanlara yarım etmək əvəzinə bunun əksinə hərəkət edirlər. Mən bunu izləyirəm. Məsələn, o binada yaşayanların qohumları var, ən çox onları düzgün məlumatlandırmaq medianın borcu olmalıdır. Medianın borcu bu olmalıdır, panika yaradıb insanlarda dövlətə qıcıq yaratmaq deyil. Özəlliklə, bu cür hadisələrdə görürəm ki, sanki xüsusi adamlar bulanıq suda balıq tutmaq həvəsindədirlər. Öz kinlərini, nifrətlərini göstərmək, öz məqsədi naminə bu cür hadisələrdən istifadə etməyə çalışırlar. Media bunların qarşısını almalıdır”.

Jurnalistika üzrə pedaqoq, araşdırmaçı Vüqar Zifəroğlu isə medianın dünənki hadisə zamanı fəaliyyətini bu cür dəyərləndirir. Onun fikrincə, mediada yayılan bəzi informasiyalar şayiələrə yol açıb: “Belə məqamda ehtiyatlı olmaq lazımdır. Medianın  işi bilgiləndirməklə yanaşı, həm də maarifləndirməkdir. Belə hallarda da medianın üzərinə informasiyanı ötürməklə yanaşı, həm də gərgin situasiyadan çıxış yollarını göstərmək düşür. Media öz növbəsində insanları hazırlamalıdır. İnanın ki, insanlar bu cür təbii fəlakətlərə psixoloji cəhətdən hazır olsalar, nə etmək lazım olduğunu daha dəqiq bilsələr, itkilərin sayı çox azalar, deyərdim ki, hətta, ümumiyyətlə, itki olmaz. Ürək ağrısı ilə dünənki binada yanğın zamanı özünü onuncu mərtəbədən atan şəxsin videosunu izləyirik. O həmin vaxt nə etmək lazım olduğunu özünü itirdiyindən bilməyib, vəziyyəti ancaq özünü o cür yüksəklikdən yerə atmaqda görüb.
Dünənki hadisə zamanı xəbər portalları daha yaxşı işlədi və insanları bilgiləndirdi. Televiziya kanalları isə hadisənin nə dərəcədə ağır olmasını sanki bir az sonra başa düşdülər. Kanalların reaksiyası əvvəlki saatlarda adekvat olmadı. Portallar isə daha operativ oldular. Amma onu da deyim ki, həm sosial şəbəkələrdə, həm də portallardakı bəzi informasiyalar şayiələrin də yaranmasına səbəb oldu. Belə hadisələr baş verəndə bir az diqqətli, ehtiyatlı  olmaq lazımdır”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da belə hadisə zamanı medianın dedi-qodulara yol verəcək informasiyalardan kənar durmasını tövsiyə edir: Media bu ərəfədə üzərində həm vətəndaşlıq, həm də peşə məsuliyyəti hiss etməlidir. Dəqiq və diqqətli olmalıdır. Müxtəlif şayiələrə, dedi-qodulara yer verəcək yazılar yazılmamalıdır. Media həm yanğın, həm də başqa fəlakətlər zamanı bacardığı qədər məsuliyyətli davranmalıdır”.

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?