Manatın daha da ucuzlaşması, 1 ABŞ dollarının 2 manata qədər bahalaşacağı barədə paytaxtda yayılan məlumatlar sakinlərin valyutadəişmə məntəqələrinə axışmalarına səbəb olub.
Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, dekabrın 27-də Bakıda əksər valyutadəyişmə məntəqələri ya ABŞ dolları satmaqdan imtina edib, ya da ümumiyyətlə işləməyiblər.İşləyən məntəqələrin qarşısında isə növbələr yaranıb. Artıq paytaxtın bəzi yerlərində dollar üçün "qara bazar" - qeyri-rəsmi vayutadəyişmə xidməti göstərən adamlar peyda olub və onlar 1 ABŞ dollarını 2 manata təklif ediblər.
Hələlik Mərkəzi Bankdan bir rəsmi açıqlama olmasa da, dekabrın 28-də səhər saatlarından dolların bir qədər də bahalaşacağı barədə gözləntilər var.
Mərkəzi Bank dekabrın 21-də "üzən məzənnə" rejiminə keçdiyini elan edib və həmin gün 1 dollar 1.55 manat olub. Bundan sonra müşahidəçilər manatın qarşıdakı günlərdə daha da dəyər itirəcəyini deyirdilər.
"Azadlıq" radiosu dekabrın 27-də Bakıda Nərimanov rayonu ərazisindəki valyutadəyişmə məntəqələrinin birində axşam saatlarında gördüyü mənzərənin fotolarını təqdim edir. Həmin məntəqədə məzənnə 100 ABŞ dolları üçün 158 manat 40 qəpik olub.
Modern.az