Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası “Ekologiya ili”ni necə başa vurur?

QHT-lərə Dövlət Dəstəyi Şurası “Ekologiya ili”ni necə başa vurur?

Qarabağ

9 Dekabr 2010, 18:44


Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Ekologiya ili” çərçivəsində maliyyələşdirdiyi ekoloji layihələrin yekunlarını müzakirə edib.

Şura sədri Azay Quliyev müzakirələri açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilib. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən Azərbaycan dövlət başçısının bu təşəbbüsü bütün ölkədə, o cümlədən qeyri-hökumət təşkilatları tərəfindən də dəstəklənib. “Ekologiya ili”nin tədbirləri sırasında kütləvi ağacəkmə kampaniyaları, maarifləndirmə işi və ekoloji monitorinqlər həyata keçirilib.

A.Quliyev qeyd edib ki, 2010-cu ildə Şura tərəfindən ekoloji mövzular üzrə maliyyələşdirilmiş 31 layihəyə 169 min manat vəsait ayrılıb. Şura sədri bu rəqəmləri ötən ilin müvafiq göstəricilərilə müqayisə edərək, 2009-cu ildə QHT-lərin ekoloji mövzulara aid 21 layihəsinə 133,2 min manat vəsait ayrıldığını deyib.

2010-cu ildə yerinə yetirilmiş layihələr çərçivəsində 5 QHT ağacəkmə kampaniyası ilə məşğul olub, 22 QHT maarifləndirmə tədbirləri həyata keçirib, 12 QHT ekologiya sahəsinə aid 10 min nüsxədən artıq müxtəlif kitab, informasiya bukletləri və boşurlar çap edərək yayıb. İcrasına 7200 nəfərdən artıq adamın cəlb edildiyi layihələrin əsasən Şabran, Yevlax, Gəncə, Mingəçevir, Sumqayıt, Lənkəran, Sabirabad, Bərdə və sair rayonlarda həyata keçirildiyini diqqətə çəkən Şura sədri A.Quliyev onların ətraf mühitin mühafizəsinin ən müxtəlif sahələrinə aid olduğunu və bütövlükdə uğurla nəticələndiklərini vurğulayıb.

Tədbirdə çıxış edən QHT rəhbərləri və ekoloqlar Reyhan Əliyeva, Şamil İsmayılov, Qəmzə Yusubova, Elçin Salmanov, Nailə İsmayılova, Zaur İsmayılov, Sadiq Həsənov, Tələt Kəngərli, Könül Salehova, Natiq Nəsirov və başqaları yerinə yetirilmiş ekoloji layihələrin önəmli xüsusiyyətləri haqında danışaraq, əhalinin ekoloji problemlərə həssas münasibətini qeyd ediblər.

 

 


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!