Əziz Ələkbərli
Moskvanın ermənipərəst oyunları və Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırovun cəsarətli addımı
Qr.Arutyunovun məktubu isə baxılmaq üçün İ.Stalin tərəfindən o vaxtkı ÜİK(b)P MK katibi G.Malenkova ünvanlanır. G.Malenkov da öz növbəsində həmin məktuba münasibət bildirmək üçün 28 noyabr 1945-ci il tarixində onu Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırova ünvanlayır.
Malenkovun məktubunun mətni:
“Azərbaycan K(b)P MK-nın katibi Bağırov yoldaşa
Ermənistan K(b)P MK-nın katibi Arutyunov yoldaş hazırda Azərbaycan SSR-nin tərkibində olan Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-nin tərkibinə qatılması haqqında təklifi ÜİK(b)P MK-nın müzakirəsinə təqdim edib.
Arutyunov yoldaş öz məktubunda bu barədə aşağıdakıları yazır:
“Ermənistan ərazisinə bitişik olan Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildən Azərbaycan SSR-nin tərkibinə daxildir. Bu vilayətin əhalisi əsasən ermənilərdir. 153 min nəfər əhalidən 137 mini ermənidir.
Dağlıq Qarabağın kənd təsərrüfatı Ermənistanın dağlıq hissəsinin təsərrüfatı ilə eyniyyət təşeil edır. Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi onun inkişafına xeyli köməklik göstərər, təsərrüfata rəhbərlik işini yaxşılaşdırardı. Ermənistanın respublika orqanları tərəfindən rəhbərlik şəraitində əhaliyə ana dilində mədəni-kütləvi və siyasi xidmət işi daha da güclənərdi.
Dağlıq Qarabağ vilayətinin Ermənistanın tərkibinə qatılması yerli kadrlara Ermənistanın ali məktəblərində öz təhsillərini davam etdirməyə imkan verərdi. Digər tərəfdən, Ermənistan SSR Dağlıq Qarabağdan öz işgüzarlığı ilə seçilən milli kadrlar əldə edə bilərdi. Halbuki hazırda onlardan Azərbaycanda, təbii ki, tam istifadə olunması mümkün deyil.
Dağlıq Qarabağ əhalisinin bu istəyindən çıxış edərək, Ermənistan MK-sı və Xalq Komissarları Soveti Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti şəklində Ermənistan SSR-nin tərkibinə qatılması təklifini ÜİK(b)P MK-nın və İttifaq Hökumətinin müzakirəsinə təqdim edir.
Bu məsələnin müsbət həlli halında Ermənistan MK-sı və Xalq Komissarları Soveti Qarabağın keçmiş mərkəzi olan və Sovet hakimiyyətinin qurulması ərəfəsində dağıdılmış Şuşa şəhərinin bərpası təklifi ilə Hökumətə müraciət edəcəkdir.”
Ermənistan K(b)P MK-nın təklifi ilə əlaqədar Sizin rəyinizi bilmək istərdik.
ÜİK(b)P MK katibi MALENKOV
NR 17, Moskva, 28.XI.1945-ci ii.“
Rəy üçün Azərbaycana göndərilən həmin məktuba G.Malenkova 10 dekabr 1945-ci il tarixli cavabında M.C.Bağırov o vaxt üçün çox risqli addım ataraq, “tam məxfi” qrifi ilə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu xatırladır və Dağlıq Qarabağın Ermənistana veriləcəyi təqdirdə Ermənistanda qalan Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının da Azərabycan SSR-in tərkibinə verilməsi məsələsinə baxılmalı olduğunu bildirir, üstəlik, Dərbənd, Borçalı bölgələrinin də Rusiya və Gürcüstandan alınıb Azərbaycana verilməli olduğuna işarə vurur.
M.C.Bağırovun həmin məktubunun tam mətnini təqdim edirik:
“Tam məxfidir
Malenkov yoldaşa
Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutyunov yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat verirəm:
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur.
1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur.
1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə müsavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-quber- natorluq təşkil etmişdir.
Müsavatçılar və daşnaklar tərəfidən təşkil olunmuş millətləra- rası qırğının nəticəsində Azərbaycanın və Ermənistanın bir çox şəhərləri kimi Şuşa da dağıdılmış və xarabalığa çevrilmişdir.
1920-ci ildə Azərabycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi.
1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbacan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyildir.
Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu inkişafın ən parlaq nümunələrindən biri - DQMV-nin hazırki mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir.
Azərbaycan SSR-nin bütün ali təhsil məktəbləri və texnikumları tələbələrinin 20,5%-ni əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir.
Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri - Azərbaycan K(b)P MK-nın katibləri, müavinləri, xalq komissarları, xalq komissarları müavinləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir.
Bununla belə, biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik.
Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır.
Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya xalqlarının cəlladı Ağa Məhəmməd şah Qacar məhz Şuşada öldürülmüşdür.
Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.
Eyni zamanda, ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-nin Azərbaycan respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərabycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.
Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcə geri qalmasını nəzərə almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və ona mədəni-siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradardı.
ÜİK(b) MK-dən yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxılmasını xahiş edirik:
Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-nin Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-nin tərkibinə daxil edilməsi məsələsini qoyurlar.
Göstərilən rayonlarda əhalinin ümumi sayı 79.000 nəfər olduğu halda, cəmi 9.000 gürcü-inqiloyun yaşamasına baxmayaraq, biz bu məsələyə baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda Gürcüstan SSR-nin demək olar yalnız azərbaycanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.
Və nəhayət biz, Dağıstan SSR-nin keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərabycan SSR tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir.
Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİK(b)P MK komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik.
Azərabycan K(b)P MK katibi (M.C.Bağırov)
10 dekabr 1945-ci il N330, Bakı şəhəri.“
Beləliklə, Dağlıq Qarabağı Azərbaycandan qoparmaq kimi murdar niyyətləri o vaxt boşa çıxan ermənilər, nəhayət, xaricdən ermənilərin gətirilib "Ermənistan"da yerləşdirilməsinə SSRİ rəhbərliyinin rəsmi razılığını alırlar. İ.Stalin 1945-ci il noyabr ayının 21-də “Xaricdən ermənilərin Sovet Ermənistanına qaytarılması tədbirləri haqqında” SSRİ Xalq Komissarları Sovetinin 2947 N-li qərarı idi. İ.Stalinin imzaladığı həmin sənədin iyrəncliyi öncə onda idi ki, burada xaricdə yaşayan ermənilərin Ermənistan SSR-ə məhz qaytarılmalarından söz açılırdı. Nə özləri, nə də ulu babaları Qafqazın üzünü görməyən bu ermənilər guya ki, nə vaxtsa onların olan bir əraziyə qayıdırmışlar.
Bu sənədin ermənilər üçün nə demək olduğunu o vaxtkı Ermənistan rəhbəri Qr.Arutyunovun 1946-cı il fevralın 2-də İrəvan seçiciləri ilə görüşündəki çıxışından da aydın görmək olar. Həmin çıxışında o bu fərmanı “ermənilərin birləşmək arzusunun gerçəkləşməsinə imkan verən sənəd“ kimi dəyərləndirir və onu “böyük Stalinin bütün erməni xalqına mehriban atalıq qayğısının təzahürü“ hesab edir.
Qr.Arutyunovun məlumatına görə, qısa vaxtda Cənubi Amerikadan 32 min, Suriya və Livandan 50 min, Yunanıstandan 8 min, Tehrandan 17 min, Təbriz ermənilərinin 98 faizi, o cümlədən Fransa, Rumıniya, Bolqarıstan, Türkiyə və b. dövlətlərdən çoxlu sayda ermənilər Sovet Ermənistanı ərazisinə köçmək üçün müraciət etmişlər. Ümumiyyətlə isə, köçüb gəlmək istəyənlərin sayı 1 milyona yaxındır. Heç şübhəsiz, bunu SSRİ rəhbərliyindəki ermənilər və ermənipərəst qüvvələr və xaricdəki daşnaklar təşkil edirdilər. Lakin Qr.Arutyunovun yuxarıdakı çıxışında bir məkrli məqam da var ki, o da köçüb gəlmək istəyənlərlə (1 milyon) Ermənistanın onları qəbul edə bilmək imkanı (350-400 min) arasındakı fərqdir. Ona görə də Q.Arutyunyan sual qoyur: “Bəs biz yerdə qalan 500-600 min nəfərlə nə etməliyik?“ Özü də cavab verir: “Biz Türkiyə tərəfindən işğal olunmuş erməni vilayətlərinin Sovet Ermənistanına qaytarılması məsələsini qoyuruq”.
Ardı var...