Modern.az

Bakıda yeni hava limanı niyə vacibdir? - SƏBƏBLƏR

Bakıda yeni hava limanı niyə vacibdir? - SƏBƏBLƏR

Ölkə

25 Mart 2024, 11:00

Paytaxtda yeni aeroport tikiləcək. Yeni hava limanı Ələt Azad İqtisadi Zonasında yerləşəcək.

 

Hava limanının 2026-cı ilin birinci rübünə kimi fəaliyyətə başlayacağı gözlənilir.

 

Aeroportun illik yükaşırma gücü ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır. .

 

Qeyd edək ki, hazırda Bakıda bir hava limanı fəaliyyət göstərir. Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək səviyyəli xidmət və rahatlığı təmin edən mühüm nəqliyyat qovşağıdır. Azərbaycanın səkkiz beynəlxalq hava limanlarından biri olan Bakı Beynəlxalq Aeroportu 10 mart 2004-cü ildə fəaliyyətə başlayıb.

 

Bəs Bakıda yeni hava limanına ehtiyac varmı? Bu hava limanının əhəmiyyəti nə olacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, sözügedən hava limanın tikilməsi daşınmaların çevik həyata keçirilməsi baxımından vacibdir:

 

“Belə bir ideya çoxdan var. Hava limanı Ələt İqtisadi Zonasının inkişafı, həm də daşınmaların çevik həyata keçirilməsi baxımından vacibdir.  Bu daha çox iqtisadi rentabellilik üçün nəzərdə tutulur. Çünki birbaşa hava limanından Ələtə məsafə böyükdür. Ona görə vaxt itkisinin qarşısını almaq üçün sözügedən hava limanının tikilməsi nəzərdə tutulur. Ümid edək ki, bu bölgənin inkişafına da ciddi təsirini göstərəcək”.

Deputat söyləyib ki, Ələt İqtisadi Zonası bir modeldir:

 

“Ölkənin yeni iqtiasdiyyata qoşulması, 4-cü sənaye inqilabının iqtisadiyyatda istifadə olunması baxımından vacibdir. Bununla bağlı ayrıca qanun var. Qanunda əlahiddə səlayhiyyətlər verilib ki, bürokratik əngəllərə məruz qalmadan ərazi özünü inkişaf etdirə bilsin. Bu, belə də olacaq”.

 

Milli Məclisin digər bir deputatı Aydın Hüseynov hava limanı ilə bağlı məsələnin gündəmdə olduğunu qeyd edib:

 

“Ələtdə böyük hava limanının tikiləcəyi planlaşdırılır. Məsələ gündəmdədir. Ələt Azad İqtisadi Zonası demək olar ki, reallaşmaq üzrədir. Azərbaycan eyni zamanda böyük nəqliyyat logistikasına çevrilməkdədir. Orta Dəhlizdə Azərbaycanın rolu çox böyükdür. Qazaxıstan Respubliksasının Prezidenti də ölkəmizdə səfərdə olarkən bu logistik imkanların nə qədər böyük olduğu bir daha nümayiş olundu. Yüklər Çindən Qazaxıstan ərazinə keçməklə Azərbaycana 15 gün ərzində gəlir. Ancaq digər alternativ yollarla, dəniz yolu ilə  daşınma 55 gün çəkir”.

Deputat vurğulayıb ki, müasir dövrdə iqtisadiyyat sürətli yükdaşımalarını tələb edir:

 

"Bu mənada yüklərin təyyarələrlə daşınması əlverişlidir. Elə yüklər var ki, onlar təcili daşınmalıdır.  Bu baxımdan da yük daşımaq üçün təyyarə limanının tikilməsi bütövlükdə nəqliyyat logistikamızı tamamilə əhatə etmiş olur. Avropadan Asiyaya, eləcə də əks tərəfə, həmçinin Şimal-Cənub yükdaşımalarında Azərbaycanın rolu getdikcə artır. Bu coğrafi mövqe iqtisadi səmərə gətirəcək. Bu baxımdan yük daşımaq üçün aeroportun tikilməsi,demək olar ki, bizim iqtidisadiyyatımızın genişləndirilməsini təmin edəcək. Bu həm də Ələt Azad İqtisadiyyat Zonasının vacibliyini və dəyərini daha da artıracaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir