Modern.az

Tezliklə sülh olacaq, bəs Zəngəzur dəhlizi?

Tezliklə sülh olacaq, bəs Zəngəzur dəhlizi?

Parlament

10 Oktyabr 2022, 12:50

Oktyabrın 6-da Praqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşü keçirilib. Görüşün nəticələri ilə əlaqədar yayılan bəyanata əsasən, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər.

 

Qeyd edək ki, Almatı Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirib və MDB-nin yaradılmasını elan edən sənəd kimi qiymətləndirilir. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü, o dövrdə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.

 

Praqa görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ilin sonuna kimi Ermənistanla sülh sazişi imzalana bilər: "Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq".

 

Bundan əlavə, bəyanatda o da bildirilib ki, Ermənistan Azərbaycanla sərhəddə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb.

 

Məlumata görə, Aİ missiyası oktyabr ayında gələcək və maksimum iki ay müddətində işləyəcək, əsas məqsəd "güvən yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarına töhfə vermək" olacaq.

 

Razılaşmalarla bərabər, Zəngəzur dəhlizinin açılması, Ermənistanın bu məsələdə konkret mövqeyini əks etdirən anlaşma hələ ortada yoxdur. Buna görə də, Zəngəzur dəhlizinin taleyi ilə bağlı yenidən müzakirələr gündəmdədir.

 

Praqa görüşündən sonra yerli telekanallara müsahibə verən Prezident İlham Əliyev bu məsələyə də toxunub:

 

“Təəssüf ki, bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrutu verin, yenə də cavab ala bilmədim. Bu hətta gülməli deyil, çünki orada o qədər də böyük hissə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid vermək istənilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq - əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir göstəririk, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.

 

Bəs, Zəngəzur dəhlizinin aqibəti necə olacaq?

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev hesab edir ki, Praqa görüşündə əldə edilən ən mühüm nəticə elə ərazi bütövlüyünün tanınmasıdır:

 

“Bu o deməkdir ki, SSRİ dönəmində hansı torpaqlar hansı dövlətə aid olubsa, orada da qalır. Razılaşma və Ermənistanın bunu qəbul etməsi mühüm məsələdir. Müvafiq komissiyaların yaradılması o deməkdir ki, delimitasiya və demarkasiya bundan sonra ciddi şəkildə gündəmdə olacaq. Ərazi bütövlüyünün tanınmasından sonra sərhədlərin müəyyənləşdirilməsi istiqamətində digər addımları atmaq olar. Əsas məqam isə budur ki, Zəngəzur dəhlizi təkcə Ermənistandan keçərək, Azərbaycanla Naxçıvanı quru yolunda birləşdirəcək dəhliz deyil. Bu, xüsusilə, regional, beynəlxalq daşımaları həyata keçirəcək ciddi layihədir. Ona görə də dəhlizin açılması ilə bağlı müzakirələrə mütləq qayıdılacaq. Zəngəzur dəhlizinin açılması məhz sərhədlərin tanınması, delimitasiya və demarkasiya proseslərindən keçir. Çünki Azərbaycan sərhədindən çıxan dəhliz hər iki tərəfdən müvafiq qurumlar tərəfindən qorunaraq, Naxçıvana və digər istiqamətə gedəcək. Ermənilər ciddi cəhdlə çalışırdılar ki, dəhliz onların gömrük yoxlamaları, sərhəd nəzarəti əsasında yaradılsın. Amma düşünürəm ki, Zəngəzur dəhlizi beynəlxalq səviyyəli olduğuna görə, məsələyə yenidən qayıdılacaq”.

 

 

Deputatın sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə bağlı münasibətlərə baxdıqda, görünür ki, müəyyən narazılıqlar ola bilər: "Məsələn, İran layihəyə bir müddət tərəddüdlə yanaşdı. Cənub qonşumuzla danışıqlar aparmaq lazımdır ki, Zəngəzur dəhlizi onun təhlükəsizliyinə mane olmayacaq. Bu, Ermənistanla İran arasında sərhədi də bağlamır. Ümumilikdə, bir daha qeyd edirəm ki, Praqa görüşündə əldə olunan nəticələr müsbətdir. Bundan sonra digər addımları atmaq mümkündür”.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi