Modern.az

Azərbaycan deputatları iranlı həmkarları ilə əlaqəni KƏSİB

Azərbaycan deputatları iranlı həmkarları ilə əlaqəni KƏSİB

Parlament

10 Noyabr 2022, 15:20

"İran parlamentinin üzvləri ilə hansısa təmaslarımız və müzakirələrimiz hələlik mümkün deyil".

 

Bu sözləri Modern.az-ın sualına cavab olaraq, Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvü, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə deyib.

 

İranın Azərbaycana qarşı xoşagəlməz addımlar atdığını deyən deputat son hadisələr barədə iranlı parlamentarilərlə müzakirələr aparmağın lüzumsuz olduğunu deyib:

 

"Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun bəzi iranlı üzvləri çıxışlar edib və mövqe ortaya qoyublar. İran deputatları Azərbaycana qarşı əsassız ittihamlar səsləndirdilər. Biz isə onların mövqeyinin düzgün olmadığını, ittihamların əsassız olduğunu mətbuata açıqlamalarımızda qeyd etmişik. Hazırda dediyim kimi, əlaqələrimiz yoxdur. İran parlamentinin sədri Azərbaycana gəlməli idi. Amma bizim gözləntimizə rəğmən son gün gəlməyəcəyini öyrəndik. Bu fakt özü də İran parlamentinin hansı mövqedə olduğunu göstərir".

 

"Milli Məclisin müvafiq iş planı var və bunun əsasında İran parlamenti ilə əlaqələr üzrə işlərimizi davam etdirə bilərik. Halbuki, hələlik belə imkanlarımız yoxdur. Son hadisələrlə əlaqədar Milli Məclis səviyyəsində görüş və ya onlayn müzakirə aparılmayıb. Əgər İran spikeri Azərbaycana gəlsəydi, hansısa formada fikir mübadiləsi aparıla, görüşlərin sonunda memorandum, bəyanat, hər hansı sənəd qəbul edilə bilərdi. İran buna getmədi", - deyə deputat vurğulayıb.

 

Xatırladaq ki, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın Azərbaycana səfəri gözlənilsə də, o, son anda Bakıya gəlməkdən imtina edib. İran tərəfi səfərin təxirə salınmasının səbəbini açıqlamayıb. Bundan dərhal sonra Ermənistan parlamenti İran spikerini İrəvana dəvət edib.

 

Ümumilikdə isə İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, Ermənistana dəstək nümayişi, eləcə də Bakıya ünvanlanan hədələr fonunda iki ölkə arasında münasibətlər kəskin şəkildə pisləşib. İranın təxribatçı mövqeyinin nədən qaynaqlandığı məlum deyil. Görünən odur ki, Tehran Vətən müharibəsində tarixi qələbəyə imza atan Azərbaycanın uğurlarını hələ də həzm edə bilmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi