Modern.az

Belə halda YUNESKO əhəmiyyətini itirir

Belə halda YUNESKO əhəmiyyətini itirir

Parlament

15 Noyabr 2022, 18:47

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə YUNESKO-nun Baş direktoru Odri Azulaya məktub göndərib.

 

Məktubda Azərbaycanla YUNESKO arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin əhəmiyyəti və Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verən Mehriban Əliyevanın Birinci vitse-prezident kimi siyasi proseslərə aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq onun YUNESKO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb.

 

Mehriban Əliyevanın bu qərarı YUNESKO-nun Azərbaycana münasibətdə sərgilədiyi ikili yanaşmaya diplomatik dillə etiraz kimi qiymətləndirilir. 

 

 

Bununla bağlı Modern.az-a danışan Milli Meclisin deputatı Azər Kərimli söyləyib ki, rəsmi Bakı həm işğal dövründə, həm də 44 günlük müharibədən sonra YUNESKO-ya Ermənistanın Azərbaycan ərazilərində azərbaycanlılara məxsus tarixi, mədəni və dini abidələrə qarşı törətdiyi vandalizm aktları ilə bağlı çağırış edib və sözügedən təşkilatı həmin ərazilərə faktaraşdırıcı missiya göndərməyə dəvət edib. Amma bu müddət ərzində bütün çağrışlar cavabsız qalıb:

 

"Beynəlxalq hüquqda işğal edilən ərazilərdə mədəni və dini abidələrin dağıdılması müharibə cinayəti sayılır. 1954-cü ildə qəbul olunmuş Haaqa Konvensiyası hərbi qarşıdurma və təcavüz zamanı işğalçı tərəfin üzərinə mədəni dəyərlərin qorunması və onlara hörmətlə yanaşılması öhdəliyini qoyur. Konvensiyada qeyd olunur ki, istənilən nümunədə mədəni irsin və ətraf mühitin dağıntılara məruz qalması, məhv edilməsi dünyanın bütün xalqlarının dəyərlərinə vurulan zərbə kimi qiymətləndirilməlidir. 


İşğaldan azad edilmiş ərazilərimizdə azərbaycanlılara məxsus mədəni irsin ermənilər tərəfindən məhv edilməsinə, həmçinin indiki Ermənistan ərazisindən azərbaycanlıların mədəni, dini irsinin izlərinin silinməsinə görə, uzun illər boyu Azərbaycanın çağırışlarına səssiz qalan YUNESKO məsuliyyət daşıyır. Azərbaycanın azad edilmiş ərazilərində Ermənistanın işğalçı qüvvələri tərəfindən törədilımiş vandalizm aktları sivil bəşəriyyətin üz qarasıdır və bu qəbildən olan cinayətlərə qiymət vermədən dünya mədəniyyətini oxşar presidentlərdən qorumaq mümkün deyil".

 

"Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün dünyada mədəni və mənəvi irsin qorunmasına böyük töhfələr verib. Onun YUNESKO səfirliyindən imtina etməsi, işlərinin çoxluğu ilə yanaşı, həm də bəşəriyyətin mədəni irsinə və bu irsin qorunmasına böyük töhfələr vermiş Azərbaycana qarşı nümayiş olunan ədalətsizliyə, ikili standartlara etirazın nümunəsidir. 


YUNESKO işğaldan azad edilmiş Azərbaycan ərazilərinə missiya göndərməyəcəyi təqdirdə, bu təşkilatın təkcə ölkəmiz üçün deyil, həm də nəhəng bir coğrafiyada yaşayan, eyni mədəniyyətə və dini dəyərlərin daşıyıcısı olan xalqlar üçün heç bir əhəmiyyəti qalmayacaq", - deyə deputat vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi