Modern.az

Xocalıda danışıqlar aparan azərbaycanlı deputatın DOSYESİ

Xocalıda danışıqlar aparan azərbaycanlı deputatın DOSYESİ

1 Mart 2023, 16:14

Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib.

Görüşdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.

Verilən məlumatlara görə, Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə növbəti müzakirələr Bakıda, Gəncədə və yaxud Ağdamda da baş tuta bilər.

Bəs rəsmi Bakı adından Qarabağdakı ermənilərlə danışıqlara məsul olan deputat kimdir?

Modern.az saytı deputatın dosyesini təqdim edir:

Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsindənMilli Məclisə deputat seçilib.

Ramin Ələmşah oğlu Məmmədov  1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib.

«Dövlət qulluğunda fərqlənməyə görə» və «Tərəqqi» medalları ilə təltif edilib. İngilis və rus dillərini bilir.

2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib, 2008–2009-cu illərdə «Avrositi Holdinq»in vitse-prezidenti, 2009–2020-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, İsrail, İtaliya, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.

Evlidir, 1 övladı var.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır