Modern.az

Ulu Öndərin ruhu şaddır - Deputatlardan əfvə REAKSİYA

Ulu Öndərin ruhu şaddır - Deputatlardan əfvə REAKSİYA

Parlament

8 May 2023, 14:22

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

 

Modern.az Azərbaycan tarixinin ən böyük əfv sərəncamı ilə bağlı deputatların fikirlərini öyrənib. 

 

Parlamentari Azər Badamov bildirib ki, Ümumimilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və xalqının taleyinin xilaskarıdır. 


"Ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyevin siyasi xəttinin əsasında insan hüquq və azadlıqlarının qorunması, humanizm, mərhəmət və insanpərvərlik ənənələri əsas yer tuturdu. Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Prezident İlham Əliyev tərəfindən 801 nəfəri əhatə edən əfv sərəncamının imzalanması yüzlərlə ailəni sevindərməklə yanaşı, Ulu Öndərin ruhunu şad edir",- deyə o vurğulayıb.

 


 

A.Badamov qeyd edib ki, budəfəki əfv sərəncamının əhatə dairəsinə görə müstəqillik, dövlətçilik tariximizdə ən böyük əfv olması dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə böyük hörmət və ehtiramın göstəricisidir: 

 

"Əfv olunmuş şəxslərin vaxtından əvvəl normal həyata qayıtmasına və cəmiyyətdə yenidən özünü təsdiq etməsinə imkan yaradılır. "Heydər Əliyev ili" çərçivəsində imzalanmış sərəncam xüsusi əhəmiyyətə malikdir və Ümumilli Lider Heydər Əliyevin “Nə qədər ki, Azərbaycan var, mən də varam” müdrik kəlamının həyatda ifadəsi olduğunu hesab edirəm".

 


Deputat Hikmət Babaoğlu söyləyib ki, Azərbaycanda əfv ənənəsini yaradan məhz Ulu Öndər Heydər Əliyev olub.


"Əfv sərəncamı Ulu Öndərin yaratdığı ənənənin davamıdır. Əfv ailələr üçün sevinc, həbsdən azad olunmuş şəxslər üçün yeni bir başlanğıcdır. Ona görə də insanlara bəzən şans vermək lazımdır ki, səhvlərini düzəltsinlər. Hüquqi cəhətdən bunu izah etmək çətin olsa da, vətəndaş-dövlət münasibətləri hüquqi məzmunla bərabər, həm də humanitar məzmun kəsb edir. Azərbaycan humanitar hüququn verdiyi bütün imkanlardan istifadə edərək, bu sərəncamla vətəndaşlarımızın yeni həyata başlaması üçün şərait yaradır",- deputat söyləyib.

 


Əfv Komissiyasının üzvü olan deputat Fazil Mustafa məhkumlarla bağlı müraciətlərə şəffaf şəkildə baxıldığını deyib:


"Bu, müstəqillik tariximizdə ən böyük əfv sərəncamıdır. Sərəncama əsasən 801 nəfər əfv olunub. Burada bir neçə kateqoriyada əfvə düşənlər var. Əfv Komissiyasının üzvü kimi söyləyə bilərəm ki, bu məsələ çox demokratik mühitdə müzakirə olunub. Mən özüm də bu prosesin yarısından çoxunda iştirak etmişəm. Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı belə bir addımın atılması çox anlamlıdır. Əfv Komissiyasının iclaslarında hörmətli Samir Nuriyevin rəhbərliyi altında üzvlər saatlarla müzakirələr aparıblar. Hesab edirəm ki, nəticə sevindirici oldu. Yüzlərlə insan sevinir".

 


Deputat Məlahət İbrahimqızı isə əfv sərəncamını belə dəyərləndirib: "Yüzlərlə insanın azad olunması onların ailəsinin, qohumlarının sevinməsi deməkdir. Bu gün imzalanan əfv sərəncamı Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümündə Azərbaycan xalqı üçün ən böyük töhfədir. Onu da qeyd etmək istərdim ki, bu gün imzalanan sərəncam indiyə qədər say baxımından ən çox insanı əhatə edən əfv sərəncamıdır. Cənab Prezident humanist addım ataraq, 801 məhbusa və ailələrinə sevinc gətirdi. Bu sərəncam Əfv Komissiyasının fəaliyyətə başladığı gündən bəri şahidi olduğumuz ən humanist və möhtəşəm qərardır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır