Modern.az

Xorvatiyanın parlament nümayəndə heyəti Milli Məclisdə

Xorvatiyanın parlament nümayəndə heyəti Milli Məclisdə

Parlament

15 May 2023, 20:15

Mayın 15-də Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Xorvatiya parlamentinin sədr müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Fəzail İbrahimli Davorko Vidoviçin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib, onun Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakını yüksək qiymətləndirib.

 

Fəzail İbrahimli Azərbaycanın müstəqillik tarixindən söz açıb, bu gün ölkəmizin inkişaf səviyyəsinə görə regionda ən qüdrətli dövlət olduğunu qeyd edib.

 

44 günlük Vətən müharibəsindən bəhs edən Fəzail İbrahimli Azərbaycanın Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmış əzəli torpaqlarını azad etdiyini vurğulayıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə hazırda sürətli quruculuq işləri həyata keçirilir.

 

Milli Məclisin sədr müavini Azərbaycanın öz xarici siyasətini dünyanın bütün dövlətləri ilə qarşılıqlı hörmət və beynəlxalq hüququn normaları əsasında qurduğunu deyib.

 

Xorvatiya parlamentinin sədr müavini, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Davorko Vidoviç ölkələrimizin müstəqillik tarixlərindəki oxşarlıqlara nəzər salıb.

 

Azərbaycan ilə Xorvatiya arasındakı əlaqələrdən bəhs edən xorvatiyalı vitse-spiker COVID-19 pandemiyası zamanı Azərbaycanın ölkəsinə göstərdiyi tibbi yardıma görə minnətdarlığını bildirib. Xorvatiyanın minatəmizləmə sahəsində geniş təcrübəsinin olduğunu söyləyən nümayəndə heyətinin rəhbəri ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazisində bu istiqamətdə fəal iştirak etmək istədiyini diqqətə çatdırıb.

 

Görüşdə çıxış edən Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva, qrupun üzvləri - Milli Məclisin komissiya sədri Eldar Quliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən danışıblar.

 

Söhbət zamanı, həmçinin tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü