Modern.az

Bu qədər şərəfsizlik, ləyaqətsizlik olar? - Ziyafət Əsgərov

Bu qədər şərəfsizlik, ləyaqətsizlik olar? - Ziyafət Əsgərov

Parlament

16 Mart 2024, 12:17

Avropa Parlamentinin martın 13-də keçirilən iclasında Ermənistan və Avropa İttifaqı (Aİ) arasında daha sıx əlaqələrin, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zəruriliyinə dair qətnamə səsverməyə çıxarılıb.

Qətnamədə Avropa İttifaqına, Avropa Komissiyasına və Avropa İttifaqı Şurasına Ermənistanın Aİ ilə əməkdaşlığının genişləndirilməsinə dəstək verilməsi üçün çağırış edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib.

Rəsmi Bakı hesab edir ki, bu qətnamə, "sülhün təşviq edilməsi kimi təqdim olunmasına" və "Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına" baxmayaraq, Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir: "Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrıseçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa, daha faydalı quruma çevrilər".
 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Avropa Parlamentinin ikiüzlü davranmağa davam etdiyini söyləyib:
 

“Həmişə olduğu kimi, budəfəki qətnamə də riyakarlıq, ikiüzlülüklə doludur. Orada Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən fikirlər öz əksini tapır. Məndə belə bir təsəvvür yaranıb ki, Avropa  Parlamentinin qətnaməsi İrəvanda hazırlanıb. Məsələn, yazırlar ki, Azərbaycan Ermənistanın müəyyən hissəsini işğal edib və həmin işğal qüvvələrini ərazidən çıxarmalıdır. Sual meydana çıxır ki, Azərbaycanın 30 il ərzində işğal altında qalan əraziləri haqqında bir dəfə də danışmayan Avropa İttifaqı hansı işğal olunmuş erməni torpaqlarından danışır, hansı torpaqları işğal etmişik? Əksinə, biz öz torpaqlarımızı işğaldan azad etmişik. Bu nə riyakarlıqdır? Sonra “Dağlıq Qarabağ” ifadəsindən istifadə ediblər. Bununla  Azərbaycan qanunvericiliyinə hörmətsizlik edirlər. Guya Qarabağda erməni milli, mədəni, dini irsinə qarşı azərbaycanlılar tərəfindən vandalizm aktı törədilib. Hansı mədəni, dini irsə qarşı vandalizm aktı törədilib? Əvvəla, orada olan kilsələr albanlara məxsusdur. Ermənilər bu kilsələri özəlləşdirib, öz adlarına çıxırlar. Hətta onların kilsəsi olsa belə, heç bir dini abidə məhv edilməyib. YUNESKO-nu həmin ərazilərə gedib qərar qəbul etməsinə çalışırlar. O YUNESKO ki, 30 il biz onu çağırırdıq. Azərbaycan məscidlərində donuz saxlanılırdı, dini obyektlərimizi, qəbristanlıqları təhqir edirdilər. Onlar bizim çağırışlarımıza məhəl qoymadılar. İndi hansı üzlə gələcəklər? Azərbaycan erməni dini abidəsini təhqir etməyib. Çünki bizdə bütün dinlərə qarşı tolerantlıq var. Biz heç bir dini abidəyə qarşı vandalizm aktı törədə bilmərik. Bu nə tərbiyəsizlikdir, Azərbaycana qarşı edirlər?”.


Komitə sədri sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı aparılmış müzakirəyə də toxunub:
 

“Dedilər ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası SSRİ Baş Qərargahının xəritələri əsasında həll olunmalıdır. SSRİ Baş Qərargahının xəritəsini Avropa İttifaqı haradan bilir? Təbii ki, ermənilər bunu onlara veriblər. Niyə məhz SSRİ Baş Qərargahılnın xəritəsi? Söhbət 1970-ci ilə qədər olan xəritədən gedir. Çünki Ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər, yəni 1969-cu ilə kimi xeyli ərazilərimiz mərkəz tərəfindən Ermənistana verilmişdi. Bu xəritələrdə həmin ərazilər Ermənistanınkı kimi göstərilir. 1920-ci ildə də Azərbaycanın torpaqları Ermənistana verilib. Bununla bağlı sənədlər Azərbaycanda, Tiflisdə kifayət qədərdir. Niyə bu xəritələr əsas götürülməsin? SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritəsini ona görə istəyirlər ki, həmin dövrə qədər artıq Azərbaycan torpaqları Ermənistana verilmişdi. Əlbəttə, bu onlara sərf edir. Avropa Parlamentinin bu riyakarlıq, ikiüzlülük, ədalətsizliyinə nə vaxt son qoyulacaq? Budurmu Avropa Parlamentinin demokratiya anlayışı?

Həmin qətnamə sırf Ermənistanda hazırlanmış qətnamədir. Pulla, korrupsiya ilə ələ alınmış Avropa Parlamentinin deputatları qərəzli bir qətnamə qəbul ediblər. Biz buna qarşı susa bilmərik. Erməni lobbisinin, milyardelərinin puluna satıldıqlarını bunların üzünə vurmaq lazımdır. Vicdanlarını, ədalətlərini itiriblər. Pul üçün hər şey edirlər”.
 

Z.Əsgərov Avropa Parlamentinin iclasında guya Qarabağdan 100 min erməninin 44 günlük müharibə və 1 günlük antiterror tədbirləri zamanı ərazidən zorla çıxarılmasının müzakirə olunmasını da pisləyib:

“Qarabağda 100 min erməni haradaydı? Qarabağda cəmi 25-30 min erməni olub. Özü də ərazidən könüllü gediblər. Bunlar 25-30 min erməninin qayğısına qalırlar. 350 min azərbaycanlının Ermənistandan hansı formada qovulduğuna niyə toxunmurlar? Qarabağ ərazisindən 700 mindən çox insanın məcburi köçkünə çevrilməsini niyə yazmırlar? Bu qədər şərəfsizlik, ləyaqətsizlik olar?”

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü