Modern.az

Aşura günü qan verənlər: Savab qazanmağa gəlmişik - REPORTAJ

Aşura günü qan verənlər: Savab qazanmağa gəlmişik - REPORTAJ

Reportaj

28 İyul 2023, 13:48

Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.

 

Aşura günü ilə əlaqədar Azərbaycan məscidlərində İmam Hüseyn əzadarlığı keçirilir. Hər il olduğu kimi, bu il də Aşura günü qanvermə aksiyaları təşkil olunur.

 

Qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində keçirilir.

 

Modern.az-ın əməkdaşı Təzəpir Məscidində qanvermə prosesini izləyib. Aksiyaya qoşulan insanlar Aşura günü qan verməyin savab əməl olduğunu bildiriblər.

 

 

Paytaxt sakini Nuriyyə Ağayeva hər il qanvermə aksiyasında iştirak etdiyini deyib: “Hər il Aşura günü qan verməyə gəlirəm. Bu dəfə həkimlə məsləhətləşəcəm. Çünki 40 gün öncə qan vermişdim. İcazə verilsə, yenə iştirak edərəm. Xəstə uşaqlara yardım etmək istəyirəm. Bura da məhz yardım üçün gəlmişəm”.

 

Rövşən Baxışov isə ilk dəfə qan verəcəyini bildirib: “İlk dəfədir ki, qanvermə aksiyasında iştirak edirəm. Həkimlər tərəfindən yoxlanıldım, qanvermə üçün uyğunam. Boş işlərdənsə, gəlib belə faydalı bir şey etmək yaxşıdır. Təkcə Aşura günündə yox, ümumiyyətlə tez-tez belə aksiyalar təşkil olunmalıdır”.

 

 

 

Digər sakin Elgün Məmmədov: “Pandemiyadan sonra ilk dəfədir gəlirəm. Təəssüratlarım yaxşıdır, hər dəfə burada izdiham olur. Verdiyim qan əgər kiməsə kömək olarsa, mən özümü xoşbəxt hiss edərəm”.

 

Həmsöhbətimiz Gövhər Nurullayeva isə aksiyaya qoşulmağa gəlsə də, ona icazə verilmədiyini söyləyib:

 

“Əvvəllər də qan vermişəm. Bu dəfə yoxlanıldım, dedilər ki, hemoqlobinin miqdarı azdır. Normalda 25 olmalıdır, məndə isə azdır. Ona görə də qan verə bilmədim, yoxsa çox istəyirdim”.

 

 

Növbəti müsahibimiz Samir Qurbanovun sözlərinə görə, xəstə insanlara yardım etmək hər bir kəsin mənəvi borcudur:

 

“Hər il qanvermə aksiyasında iştirak edirəm. Bunu özümə borc bilirəm. Bu il də qan verdim. Aksiya haqqında fikirlərim müsbətdir. Əgər verdiyimiz qan kiminsə həyatına kömək edəcəksə, savab qazanmış olarıq”.

 

Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Bakıda keçirilən aksiyaya 160 personal cəlb edilib. Qanvermə aksiyasında 18-65 yaş arası, çəkisi minimum 50 kiloqram olan sağlam fiziki şəxslər iştirak edə bilərlər.

 

Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi imam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

 

Bu il iyulun 19-dan başlayan Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

 

 

Jalə Rövşən

Foto: Aysu Allahverdiyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır