Modern.az

Hacıbala Abutalıbov HARALARDADI...

Hacıbala Abutalıbov HARALARDADI...

Reportaj

28 Avqust 2023, 16:06

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Bakı Şəhəri İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov həmişə media üçün maraq kəsb edən persona olub. Jurnalistlərin əsasən “Bakı meri” adlandırdığı Hacıbala müəllim tutuğu vəzifələrdən uzaqlaşdırılandan sonra onun səs-sorağı da kəsilib.

Adətən səs-küylü hadisələrə özünəməxsus tərzdə münasibət bildirən Hacıbala Abutalıbov 2 ildən çoxdur ki, mətbuatdan “gizlənir”.  Media sonuncu dəfə onun Ramiz Mehdiyev haqqında məqaləsini yayımlayıb, özünü isə görməyib...

Bəs Hacıbala Abutalıbov indi haralardadı?

Modern.az saytının əməkdaşı keçmiş merin mobil telefon nömrələrinə bir neçə gün ardıcıl zəng vursa da, onunla əlaqə yaratmaq mümkün olmayıb.

Əvvəllər keçmiş merlə dostluq etmiş şəxsin bildirdiyinə görə, Hacıbala Abutalıbov çoxdandır tanımadığı nömrələrdən gələn zənglərə cavab vermir.

“Bu il mayın 13-də Hacıbala müəllimin 79 yaşı tamam oldu. Eşitdiyimə görə, üzvü olduğu YAP-ın Veteranlar Şurasından təbrik zəngi gözləsə də, heç kim onu yada salmayıb. Bu da onun partiyadan küsüb inciməsinə səbəb olub”.

Adının çəkilməsini istəməyən həmsöhbətimiz deyib ki, Hacıbala Abutalıbov hazırda Bakıda – Qaraçuxur qəsəbəsindəki villasında yaşayır:

“Bildiyimə görə, yayda Qaxdakı evində dincəlirmiş, indi Bakıya qayıdıb. Ötən həftə Qaraçuxurdakı villasına girib-çıxanda görüblər”.

Müsahibimizin sözlərinə görə, gələn il 80 yaşı tamam olacaq Hacıbala müəllim yaxın çevrəsinə bildirib ki, yubileyinin təmtəraqla qeyd olunmasını arzulayır.

Hacıbala Abutalıbov 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Baş nazirin müavini vəzifəsində çalışıb.
 

2001-ci ilin yanvar ayında Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilib.
 

Düz 18 il Bakı Şəhəri İcra Hakimiyyətinə rəhbərlik edən cənab Abutalıbov 21 aprel 2018-ci il tarixndə bu vəzifədən azad edilib. Elə həmin gündə Prezidentin sərəncamı ilə Baş nazirin  müavini təyin edilib.
 

21 oktyabr 2019-cu ildə Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsindən də azad edilərək təqaüdə göndərilib. 

2021-ci il martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Hacıbala Abutalıbov qurumun İdarə Heyətindən də kənarlaşdırılıb.

Onu əvvəlcə YAP-ın Veteranlar Şurasına da daxil etməyiblər. Yalnız 6 aydan sonra Hacıbala Abutalıbovun könlünü almaq üçün adını YAP-ın Veteranlar Şurasının siyahısına əlavə ediblər.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır