Modern.az

Təhsil ekspertləri necə işləməlidirlər? – İllüziya və reallıqlar

Təhsil ekspertləri necə işləməlidirlər? – İllüziya və reallıqlar

Təhsil

13 Aprel 2024, 12:48

Təhsillə bağlı mediaya açıqlama verən şəxsləri təhsil eksperti, elm və təhsil eksperti, təhsil mütəxəssisi, təhsil texnoloqu, təhsil meneceri, təhsil məsləhətçisi və bu kimi digər adlarla təqdim edirlər. Biz daha çox “təhsil ekspert” ifadəsinin üzərində dayanaq, bunu mənalandırmağa çalışaq.

 

Bir zamanlar “ekspert” sözünə termin kimi hüquq ədəbiyyatlarında rast gəlinsə də, hazırda bu anlayışın həyatın digər sahələrinə transformasiyasını görürük. Latın dilindən tərcümədə təcrübəli mənasını verən ekspert ifadəsi proqnozun, rəyin çıxarılması üçün tədqiqatları aparan, məsləhətlər verən, qərarları, rəyləri hazırlayan, müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisinə deyilir. Fikir verdinizsə, ekspert ifadəsinin alt məna qatlarında təcrübəli, məsləhətçi və mütəxəssis anlayışları da var. Ekspertlik elmi-tədqiqat, eksperiment, araşdırma yönümlü olmalıdır. Zaman dəyişdikcə bu anlayışın da forması dəyişilib, yeni forma alıb. Başqa sözlə desəm, sadələşib. Bizim işlətdiyimiz “təhsil eksperti” ifadəsi dar mənada “təhsildə təcrübəsi olan” mənasındadır.

 

Bəs təhsil eksperti necə olmalıdır?

 

Təhsil eksperti sadə yazmalı, aydın danışmalı, dili mükəmməl bilməlidir. İnsanlar ondan yeni fikir, fərqli yanaşma, tutarlı arqumentlər istəyirlər. İctimaiyyət ekspertdən qarışıq və çətin mövzularda onların anlayacağı dildə şərh vermələrini gözləyirlər. Ekspert ehtimallarla danışırsa, fikirləri həqiqətə uyğun gəlməlidir. Yanlış informasiya sürətli şəkildə yayılır. Dezinformasiyalar ajiotaja, fikir müxtəlifliliyinə, yanlışlıqlara səbəb olur.

 

Təhsil eksperti bu istiqamətdə lazımi məlumatların statistikasını aparmalı, ehtiyacları müəyyənləşdirməli, çatışmazlığı görməli, haqlı təklif və iradlarını səsləndirməyi bacarmalıdır. Ekspert həm də balansı qorumalıdır. Təhsil eksperti nöqsanları deməklə yanaşı, uğurları da diqqətə çatdırmalıdır. O, piyarını təhsil uğurları üzərindən qurmalıdır. Bu, həm də ekspertlərin təhsilin inkişafına dəstək göstərilməsi kimi şərh edilə bilər.


Məsələn, beynəlxalq olimpiadada yer tutmuş həmyerlimizlə bağlı fikirlərimizi öyrənmək istəyən “Azedu.az” təhsil xəbər portalının əməkdaşı Sifayə Abbaslıya bu uğurun əhəmiyyətindən, mahiyyətindən danışmaq, pozitiv yanaşma sərgilələmək lazımdır. Ancaq bu uğuru gözardı etmək, “2022-ci ildə yer tutmamışıq…” kimi neqativ fikirlər səsləndirmək uğurlu sayılmır.

 

Kimlərə təhsil eksperti demək olar?

 

Azərbaycanda "təhsil eksperti" statusunu verən rəsmi dövlət qurumu olmadığından, bu adın verilməsinin hüquqi bazası yoxdur. Lakin yaxın gələcəkdə xarici təcrübə öyrənilməklə verilə bilər. Çünki beynəlxalq təcrübədə var ki, təhsillə bağlı sahələr də daxil olmaqla, müxtəlif peşə sahələri üzrə statusları həmin sahələrə uyğun institutlar tərəfindən verilir. Məsələn, İngiltərədə kimya mühəndisliyi, mexanika mühəndisliyi və ya elektrik mühəndisliyi sahələri üzrə təhsil alan şəxslər müəyyən müddət işlədikdən sonra aidiyyəti üzrə institutlardan peşəkarlığın təsdiqinə dair sertifikat-status alırlar. Namizədlər institutlar tərəfindən təşkil olunan komissiyalara müvafiq sənədləri təqdim etməklə müsahibələrindən keçir, bütün tələblərə cavab verdikdən sonra həmin statusu əldə edirlər.

 

Qeyd etmək vacibdir ki, bu ad yaxın gələcəkdə veriləcəksə, bunu konkret bir orqan etməməlidir. Məsələn, Elm və Təhsil Nazirliyi kiməsə “ekspert” statusu verəcəksə, o şəxs məcbur qalacaq ki, nazirliyin mövqeyini müdafiə etsin. Komissiya elə təşkil olunmalıdır ki, asılılıq olmasın, şəxsin ekspert kimi müstəqil fəaliyyətinə xələl gəlməsin, obyektivlik qorunsun.

 

Konkret olaraq, təhsil ekspertinin necə olması barədə ölkəmizdə konsepsiya olmadığından bu yerdə öz fikirlərimi səsləndirmək, şəxsi mülahizələrimi yazmaq arzusundayam. Düşünürəm ki, təhsil sahəsində ən yüksək biliklərə malik olan, cəmiyyətə doğru fikirlər ötürən, ictimaiyyətdə nüfuz qazanmış şəxslərin özünü təhsil eksperti kimi təqdim etməsi qısqanclıqla qəbul edilməməlidir. Fikrimcə, ekspertin müstəqil mövqeyi, məsuliyyət hissi yüksək olmalıdır. Ekspert sözünü hansısa kateqoriyaya aid edilmiş təhsil işçiləri, müəllimlərə verilməsi məqbul deyil. Çünki onlara verilən yetərincə adlar var, Əməkdar müəllimindən tutmuş, professora qədər.


İxtisaslaşma təhsil ekspertləri üçün vacib məsələ olmalıdır


Azərbaycanda konkret istiqamət üzrə ixtisaslaşmış təhsil eksperti demək olar ki, yoxdur. “Azedu.az” xəbər portalının əməkdaşı Ləman Novruzovaya dünən peşə məktəbləri barəsində açıqlama verən ekspert, bu gün xaricdə təhsil almış şəxslərin diplomlarının tanıdılması qaydalarından da müsahibə verir. Bu ənənə ölkəmizdə formalaşmadığından, ekspert tərəddüd etmir və təhsilin bütün sahələrinə dair açıqlama verir.

 

Təhsil ekspertləri dövlət orqanları və parlamentlə mütəmadi işləməlidirlər

 

İctimaiyyət çox vaxt ekspertinin fikrini dövlətin, hökumətin fikri kimi qəbullanır. Bu da təhsillə məşğul olan dövlət qurumlarının reputasiyasına təsirsiz ötüşmür. Bu baxımdan, təhsil ekspertlərinin dövlət orqanları, parlamentlə, eləcə də media, sosial şəbəkələrlə işləmə prinsipinin vacibliyindən bəhs etmək yerinə düşərdi.


Təhsil ekspertləri çalışmalıdırlar ki, xəbərləri rəsmi mənbələrdən dəqiqləşdirsinlər və məsələ ilə bağlı tam məlumatlı olsunlar. Bundan sonra ictimaiyyətə açıqlama vermək daha düzgündür. Bu baxımdan, müvafiq dövlət qurumları da təhsil ekspertlərilə işləməkdə maraqlı olmalı, yenilikləri onlarla bölüşməli, müzakirələrə dəvət etməlidirlər. Lakin ölkəmizdə bu praktika da demək olar ki, yoxdur Yaxşı olardı ki, təhsil ekspertləri müvafiq qurumlar, qanunverici orqan, sosial şəbəkələr, media və xarici təcrübə ilə işləsinlər. Təbii ki, burada mövcud şərait də nəzərə alınmalıdır.


Milli Məclisin təhsillə bağlı müəyyən komitə iclaslarına, ümumi müzakirələrə təhsil ekspertlərinin dəvəti, onlara yer verilməsi, dinlənilməsi olduqca vacib məsələdir. Belə olan halda ekspertlər də müəyyən konsepsiyalarla çıxış edə biləcək, fikir və təkliflərini səsələndirəcəklər. Bu, həm də daha obyetiv yanaşmanın ortaya çıxmasına səbəb olacaq.


Təhsil ekspertləri media və sosial şəbəkələrdə işləmə prinsipi


Nəzərə alsaq ki, təhsil sahəsində yeniliklər və qəbul edilən qərarlar sürətli xarakter daşıyır, bu da ekspertlərin media və sosial şəbəkə kanalları vasitəsilə sıx və doğru şəkildə əlaqədə olmalarını şərtləndirir. Ekspert həm də gündəm yaratmalı, vacib, lakin unudulmuş mövzuları gündəmə yenidən qaytarmağı bacarmalıdır. Məsələn, ekspertin “Azedu.az” saytının əməkdaşı Nigar Nəcəfovaya təhsil müddətinin 3 ilə endirilməsi, təhsil ödənişlərinin çox olması məsələləri barədə açıqlama verməsi unudulmuş mövzulara yenidənqayıdışdır. Ekspert çatışmazlığı yaxşı görməklə yanaşı, onu qorxmadan ifadə etməli, dövlət qurumlarına xələl gətirmədən problemi deməklə yanaşı, onun paralelində həll yollarını da səsləndirməlidir. Xarici təcrübədə var ki, ekspertə media işin qarşılığında müəyyən ödənişlər edir. Bu, Azərbaycanın media təcrübəsində təəssüf ki, yoxdur.

 

Təhsil ekspertləri təkcə mediada deyil sosial şəbəkələrdə də aktiv olmağı bacarmalıdırlar. Elə məsələlər ortaya çıxır ki, o məlumatı anında paylaşmaq, əhalinin diqqətinə çatdırmaq lazımdır. Xəbəri tez vermək uğrunda təkcə media mübarizə aparmır, bu, ekspertlər arasında da belədir. İnsanların sosial şəbəkələrdə olmasını nəzərə alsaq, təhsil ekspertinin xüsusi kontentlər yaratması vacibdir. Ekspert ümidlərini təkcə mediaya bağlamaqla məhdudlaşmamalıdır.

 

İnformasiyanın tez verilməsi, yoxsa doğru informasiyanın verilməsi?

 

Ekspert imzasına hörmət etməli və nüfuz qazandırmalıdır. Xalqın gözü tərəzi olduğu üçün yaxşını pisdən seçə bilir. Bu baxımdan ekspert olaraq verdiyimiz hər bir informasiyanın məsuliyyətini daşımalıyıq.


Təhsil ekspertlərinin şərh verərkən diqqətçəkən başlıqlar verməsi bəyəniləndir. Amma o başlıqlar elə seçilməlidir ki, mətnlə birbaşa əlaqəsi olsun. Məlumatın oxunması xatirinə əlaqəsiz, rabitəsiz, məzmunsuz başlıqların verilməsi bəyənilən hal deyil. Bu, ekspertin imzasına, fəaliyyətinə xələl gətirə bilər.


Nəzərə almaq lazımdır ki, verdiyimiz məlumat ölkə vətəndaşlarımız üçün nə qədər əhəmiyyətli olacaq. Yanlış fikirlərin fəsadlarını da aradan qaldırmaq çətin olur. Ekspert təhsil yeniliklərini dərindən bilməli, yeniliklərlə ayaqlaşmalıdır. Yeni təhsil fərqli yanaşma, müasir metodika tələb edir. Amma məlumatı daha tez mən verim təfəkkürü ilə dəqiqləşdirilməmiş xəbərləri sosial şəbəkələrdə paylaşmaq olmaz. İctimaiyyət bunu görür, media tirajlayır. Bəlasını xalq, təhsil çəkir. Bu səbəbdən təhsil eksperti məsələlərə xüsusi diqqət etməli və bildiyi, eşitdiyi hər bir məlumatı tam dəqiqləşdirməlidir. Çünki “Azedu.az” yazanda bildirir ki, bu fikirləri təhsil eksperti filankəs öz sosial şəbəkə hesabında qeyd edib və ya açıqlama verib. Bu istinadla “Azedu.az” məsuliyyətdən azad olur və mənbənin, yazılmış fikirlərin sahibi kimi eksperti göstərir.


Təhsil eksperti nədən və necə yazmalı, danışmalıdır?


Adətən, ekspert kimi şərhlər verən şəxslər çalışırlar ki, təhsilin bütün sahəsinə aid olan mövzularda şərh versinlər, mediada tez-tez hallansınlar. Bu, yaxşı hal deyil. Ekspert haqqında danışacağı mövzunun nə dərəcədə əhəmiyyətli olduğunu, o mövzuda tam məlumata sahib olmasını müəyyənləşdirməlidir. Haqqında danışacağı mövzunun əhəmiyyətinin çox olması və o mövzu barəsində tam məlumata sahib olması ekspertin özü və müsahibə verdiyi media orqanı üçün uğurdur. Çünki həmin informasiya nə qədər çox oxunacaqsa, media və ekspertə bir o qədər uğur gətirə bilər.

 

Təhsil ekspertinin rəsmi məlumat və statistika ilə işləmə mexanizmi

 

Ekspertlər açıqlama verərkən, ən son məsələləri diqqətdən kənarda saxlamamalıdırlar. Məsələn, “Azedu.az” portalının əməkdaşı Esmira Əliyeva universitetlərdə təhsil haqlarının məbləği, həmin məbləğin yüksək olub-olmaması barədəsində soruşursa, ekspert yaxşı olar ki, burada 2024-dən əvvələ başlayaraq ödənişlər haqqında danışılmalı, xarici ölkələrlə müqayisə apararkən, qonşu ölkələrdən məbləğlə bağlı konkret misallar çəkməlidir. “Bakı Dövlət Universitetinində 2014-cü ildə təhsil ödənişi 1200 manatdan başlayırdı…”, “Norveçdə təhsil haqqı 1000 manatdan başlayır…” cümlələri uğursuzdur. Çünki bu statistika, belə müqayisə maraq yaratmır, informativ deyil, gündəm yarada bilməz.

 

Və sonda…

 

Təhsil eksperti adını daşımaq şərəfdir. Bu adın arxasında könüllü xidmət dayanır. Cəmiyyətimizdə hər kəsin təhsildəki yeniliyi asan əldə edilməsinin xidməti dayanır. Təhsil həm də təhlükəsizlik məsələsidir. Təhsil milli məsələdir. Ən öncə vətəndaş olaraq milli təhsilimizi, təhlükəsizliyimizi qorumaq vəzifəmizdir. Bunu təhsil eksperti kimi qorumaq daha da məsuliyyət, əmək tələb edir.

 

Rizvan Fikrətoğlu,
Karyera və ixtisas seçimi üzrə mütəxəssis,
Elm və təhsil eksperti

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!