Modern.az

Xankəndi məktəbinin məzunları 41 il sonra bir arada - VİDEO

Xankəndi məktəbinin məzunları 41 il sonra bir arada - VİDEO

Təhsil

13 Aprel 2024, 23:14

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin 1983-cü il məzunları 41 ildən sonra aprelin 13-də Bakıda bir araya gəliblər.

 

Modern.az xəbər verir ki, AZƏRTAC-ın əməkdaşı həmin məzunlarla görüşüb, onların təəssüratlarını dinləyib.

 

Görüşün təşkilatçısı, Xankəndi şəhər sakini Aybəniz Həsənova deyib ki, uzunmüddətli məcburi köçkünlük həyatından sonra bu görüş onları məktəb illərinə aparıb: “Bir zamanlar eyni masa arxasında oturduğumuz uşaqları bu gün saçları ağarmış, üzləri qırışmış görmək çox ağrılıdır. Yurd həsrəti, köçkünlük həyatı artıq bizi bir-birimizi tanımayacaq qədər yadlaşdırıb. Amma bu görüş bizi həmin illərə apardı. Şükürlər olsun ki, artıq öz doğma yurd-yuvamıza qovuşmuşuq. Çox keçməz ki, bu görüşü elə öz doğma yurdumuzda, öz doğma məktəbimizdə, sinif otağımızda qeyd edərik”.

 

Aybəniz Həsənova qeyd edib ki, birinci Qarabağ müharibəsində şəhid olanlar arasında onların da sinif yoldaşları var:

 

“Müharibədə şəhid olanımız da var, həyat yoldaşını, qardaşını itirənlər də. Məhz bu səbəbdən də 30 nəfərdən 15-i həyatdadır.

 

Şükürlər olsun ki, bu gün artıq Xankəndi azaddır. Müzəffər Ali Baş Komandanın, şəhidlərimizin, qazilərimizin sayəsində öz yurd-yuvamıza qovuşmuşuq. Allah qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Biz bu gün həm də ona görə sevinirik ki, bizim, şəhidlərimizin qisası alındı”.

 

Digər məzun Qiymət Əhmədova isə vurğulayıb ki, o, bu görüşü həmişə səbirsizliklə gözləyib: “Xankəndimiz, Kərkicahanımız erməni separatçılarının əsarətində olduğuna görə bu görüşü təşkil etməyə ürək edə bilmirdik. Lakin Azərbaycan Ordusu mənfur düşmənə qalib gələndən sonra fikirləşdik ki, artıq sinif yoldaşlarımızla bir araya gəlməyin tam vaxtıdır. Çünki artıq qalib xalqın nümayəndələriyik.

 

Bu gün biz çox məmnun, çox şadıq ki, qalib xalqın nümayəndələri olaraq bir yerə toplaşmışıq. Mən buna bir möcüzə kimi baxıram. Xankəndinin azad olunacağı ağlımızın ucundan da keçməzdi. Bu qeyri-mümkünü mümkün edən şəhidlərimizə, qazilərimizə və cənab Ali Baş Komandana borcluyuq”.

 

Qeyd edək ki, 1945-ci ildən fəaliyyət göstərən Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə azərbaycanlılar təhsil alıb. Hazırda həmin məktəb Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində fəaliyyət göstərir..

 

Daha ətraflı İTV-nin süjetində:

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!