Modern.az

Saytlar qəzetləri necə “öldürür”... - Baş redaktorlar DANIŞIR

Saytlar qəzetləri necə “öldürür”... - Baş redaktorlar DANIŞIR

Media

14 May 2016, 15:17

Müasir dövrdə internet mediası (saytlar) və ənənəvi media (qəzetlər) arasında rəqabət hər gün daha da artır. Müşahidələr göstərir ki, internet mediası hər keçən gün yazılı KİV-ləri üstələyir. Saytların qəzetlərə demək olar ki, istinad etmədiyi, əksinə qəzetlərin saytlara istinad etdiyini görürük. Media nümayəndələri də məsələ ilə bağlı fikirlərini bildiriblər.

“Qafqazinfo”nun baş direktoru Elbrus Ərud:

“Bunun səbəbi saytların daha operativ olmasıyla əlaqədardır. İnternet mediası xəbəri daha tez verə bilirlər, qəzetlər isə köhnə materiallarla çıxır. Qəzet çıxanda məlum olur ki, onun yazdığı xəbərləri saytlar dünən verib. Ona görə sayt qəzetə niyə istinad etməlidir?..

Digər səbəb isə qəzetə o halda istinad etmək olar ki, qəzet özəl material hazırlasın, araşdırma aparsın, gündəmə uyğun cəlbedici informasiyalar hazırlasın. Onda sayt məcbur olub qəzetə istinad edəcək.

Biz bəzən rəsmi qəzetlərdən “Azərbaycan”a, müstəqil qəzetlərdən “Yeni Müsavat”a, “Azadlıq”a istinadla material yayırıq. Material maraqlıdırsa, gecikməyibsə, köhnəlməyibsə vermək olar

Bu gün Azərbaycanda qəzet erası demək olar ki,  başa çatıb. Sual versək ki, kim qəzet oxuyur? Əgər səmimi olsalar, heç kəsin qəzet oxumadığını görərik. Mən özüm axırıncı dəfə əlimə  nə vaxt qəzet aldığımı unutmuşam. Qəzet yeni material, informasiya vermirsə, niyə oxumalıyıq ki? Qəzetlər bu gün ancaq milçək qovmaqla məşğuldur. Qəzetlər Azərbaycanda artıq ciddi nəşr hesab olunmur”.

Vüsal Məmmədov “Azvision.az” saytının baş redaktoru:

“Saytların yaydığı materialları qəzetlər bir gün sonra dərc edirlər. Vaxtı keçmiş materialı təkrar yayımlamağa ehtiyac qalmır. Əgər saytlarda getməyən unikal bir material olsa, o zaman xəbəri qəzetdən götürüb istinadla veririk”.

Akif Aşırlı “Şərq” qəzetinin baş redaktoru:

“Təbii ki, saytlar qəzetlərə nisbətən daha operativ informasiya verirlər. Qəzetlər də həmin informasiyalara uyğun şərhli yazılar verirlər. Bunu normal qəbul etmək lazımdı. Hesab olunmalıdır  ki, çap mətbuatı saytlarla rəqabətdə deyil, bir-biri ilə əlaqədə olan media sisteminin tərkib hissəsidir. Bunların bir-birinə təsiri çox güclüdür. Həm saytların qəzetlərə verdiyi istiqamətlər, həm də qəzetlərin saytların işinə verdiyi müəyyən impluslar görünür”. 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır