Modern.az

"Discovery Azerbaijan"ın redaktoru: “Biz Azərbaycanın açıq xəritəsiyik” - MÜSAHİBƏ

"Discovery Azerbaijan"ın redaktoru: “Biz Azərbaycanın açıq xəritəsiyik” - MÜSAHİBƏ

4 İyun 2016, 14:45

""Discovery Azerbaijan" dərgilərimiz arasında öz unikallığı seçilir. Bir cümlə ilə ifadə etsək, "Discovery Azerbaijan" insana müsbət enerji verən, milli təəssübkeş və Azərbaycana əsl bələdçilik edən sevgili varlıqdır” deyən "Discovery Azerbaijan"ın redaktoru Rəna Kərimova Modern.az-ın suallarını cavablandırıb.
 
- Rəna xanım, "Discovery Azerbaijan" jurnalından öncə harada çalışmısınız? 

- 11 ildir ki, jurnalistika sahəsində fəaliyyət göstərirəm. Söz vaxtına çəkər, deyirlər. 2005-ci ilin iyun ayı idi, bir neçə qəzetə elektron məktub yazaraq, əməkdaşlıq etmək istədiyimi söylədim. Gözləmədiyim halda "525-ci qəzet"dən çağırdılar və o gündən bu günə jurnalistikadayam. İlk iş yerim, yazılarımın işıq üzü gördüyü ilk mətbu orqan, sonralar ən yaxın insanlara çevrilən rəfiqələrimlə tanışlıq - bütün bunları mənə "525-ci qəzet" verdi. Bir çox jurnalistin yetişməsində böyük rolu olan “525 məktəbi”nə hər zaman minnətdaram. İki il orada çalışdıqdan sonra müxtəlif kütləvi informasiya vasitələrində özümü sınadım.

Onu da deyim ki, 11 il öncə qəzet-jurnala maraq vardı, çap mediası daha nüfuzlu idi, təəssüf ki, bu gün internet əsrini yaşamağımız, hər şeyin virtuallaşması çap məhsullarının əvvəlki gücünü zəiflədib. Qəzet-jurnalların o spesifik qoxusu, vərəqlərə toxunduqca yazılara, xəbərlərə də toxuna bilmək duyğusu çox gözəldir. İllər keçsə də, zaman-zaman özümü televiziyada belə sınasam da, anladım ki, çap mediası mənim üçün daha doğmadır, odur ki, bu gün "Discovery Azerbaijan" jurnalında fəaliyyətimi davam etdirirəm.

- Maraqlıdır, "Discovery Azerbaijan" jurnalına gəlişiniz necə oldu? 

- Öncəliklə "Discovery Azerbaijan" barədə məlumat verim. Jurnal 2011-ci ildə - Azərbaycanda "Turizm ili" elan olunduğu bir ərəfədə nəşrə başlayıb. Jurnalın məqsədi elə adında gizlənir. Azərbaycanı dönə-dönə kəşf etmək, oxucularımıza kəşf etdirmək. Jurnalın nəşr tarixçəsi də çox maraqlıdır.

Bir gün "Discovery Azerbaijan"ın təsisçisi və baş redaktoru, millət vəkili Cavanşir Feyziyev bir neçə qəzet-jurnal köşklərinə yaxınlaşaraq, azərbaycandilli jurnallar almaq istəyir. Lakin istədiyi çəkidə, sanbalda dərgi tapa bilmir və qərara alır ki, Azərbaycan oxucuları üçün maraqlı, məzmunlu bir jurnal çap etdirsin.

Bu təsadüf də "Discovery Azerbaijan"ın yaranmasına səbəb olur. Bu qədər zəngin turizm potensialına malik bir ölkənin elə öz insanlarımız arasında yaxşı tanınmaması, yurdumuzun dörd bir tərəfinin gözəlliklərindən bixəbər olmağımız da jurnalın istiqamətini müəyyənləşdirdi. Turizm istiqamətini əsas götürərək Azərbaycanı qarış-qarış kəşfə çıxdıq, insanları ilə, təbii gözəllikləri ilə, tarixi zənginlikləri ilə, mədəniyyəti ilə nələrə qadir olduğumuzu göstərməyə çalışdıq.

O ki qaldı mənim bu komandaya qoşulmağıma, elə jurnalın çap olunmasından bir neçə ay sonra korrektor və müxbir kimi işə başladım. Bu gün artıq redaktor kimi işimi davam etdirirəm. Hətta buna iş deməzdim, "Discovery Azerbaijan" bizim ikinci evimizə çevrilib. Kiçik və mehriban kollektivlə günün necə keçdiyinin fərqinə varmıram. Yaxın günlərdə 30-cu nömrəmiz çapdan çıxacaq. Az öncə də qeyd etdiyim kimi, çap mediasının kölgədə qaldığı bir dövrdə 30 buraxılışla insanların diqqətini çəkə bilməyimiz, daimi oxucu auditoriyamızın formalaşması bizim üçün böyük uğurdur. Hətta bir oxucumuz var ki, redaksiyamız müxtəlif ünvanlara köçdükdə, telefon nömrələrimizi dəyişdikdə belə, hər dəfəsində tez bizi axtarıb tapır, ürək sözlərini çatdırır. Onun kimi oxucularımızın diqqəti bizim üçün çox dəyərlidir.

- Bilmək istərdik, hədəfləriniz nədən ibarətdir? 

- "Discovery Azerbaijan" olaraq, daha çox insanlara xitab edə bilmək, daha çox tanınmaq, böyükdən kiçiyə hər kəsin tanıyıb sevdiyi bir ada çevrilmək, İnternet əsrində çətin də olsa, komanda olaraq, çap mediasının nüfuzunu, gücünü qorumağa çalışmaq, jurnalı başqa dillərdə də çap etdirmək hədəflərimiz sırasındadır.

Həmçinin jurnalımızın yeni saytının hazırlanması nəzərdə tutulub. Əvvəllər 2 ayda bir dəfə çap olunduğumuz halda, bu ildən hər ay oxucularımızın görüşünə gəlirik. Çox dəyərli insanlarla müsahibələrimiz, araşdırmalarımız olur, bölgələrimizi qarış-qarış gəzərək ən maraqlı xəbərləri, reportajları insanlara çatdırmağa çalışırıq.

Şəxsi hədəflərimə gəldikdə isə, turizm dərgisinin, səyahət dərgisinin redaktoru olaraq, dünyanı gəzmək, özüm üçün, oxucular üçün yeni yerlər kəşf etmək niyyətim var.

- "Discovery Azerbaijan"ın dünyanın məşhur “Discovery” jurnalı ilə əlaqəsi varmı? 

- Jurnalı əlinə götürən çox qonağımızın sualı eyni olub: “Jurnalının o məşhur “Discovery” ilə əlaqəsi var?”. Əlaqə ondadır ki, onlar dünyanın, bizsə ölkəmizin, insanlarımızın, gözdən uzaq düşən regionlarımızın, bu regionların turizm potensialının kəşfinə çıxırıq. Üzə çıxardıqlarımız da az deyil. Təsəvvür edin ki, Azərbaycanın ilk numizmat alimi Əli Rəcəbli bizimlə birlikdə pul tariximizin axtarışına çıxıb, Cümhuriyyət dövrünə aid 200 kiloqramlıq əlyazmaları arxivimizə hədiyyə edən təqaüddə olan diplomat Ramiz Abutalıbovla hansısa dəyər ölçüsünə sığmayan söhbətlər etmişik. Azərbaycanın, Bakının onsuz da bu günlərdə yox olma təhlükəsində qalan abidələrinin tarixini ölkənin ən qabaqcıl memarları ilə birlikdə işləmişik. Azərbaycanın ən ucqar bölgələrində gizlənən turizmə yararlı möhtəşəm kəndləri kəşf etmişik.

Tərcüməyə üstünlük vermək ən asan işdir. Kimsə sizin yerinizə əziyyət çəkir, araşdırır, yazır və siz onu bir dildən başqa dilə dəyişərək verirsiniz. Jurnalımız bu prinsipdən uzaqdır. Jurnalda sırf Azərbaycanla bağlı dərc olunan bütün məqalələr öz jurnalistlərimizin araşdırmalarının məhsuludur.

Baş redaktorumuz Cavanşir Feyziyev jurnalı təsis edəndə qarşıya belə bir məqsəd qoymuşdu: Bu jurnal oxucular üçün bələdçi olacaq. Jurnal açıq xəritədir – hansısa region haqqında yazanda onu elə işləməliyik ki, kimsə həmin rayona turist kimi gedəndə, öz-özünə “görəsən, haraları görüm?” sualını verməsin. Azərbaycanın kəşfinə çıxan hər kəsin suallarına cavab olan jurnaldır “Discovery Azerbaijan”. Aylıq dərgi çıxardığımızı, özü də mövzuların 90 faizinin sıfırdan işləndiyini nəzərə alaraq deyə bilərəm ki, bu bazarda iddialı olmaq üçün səbəblərimiz çoxdur.

Qafar Ağayev




Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!