Modern.az

Nigarançılığa əsas yox imiş...

Nigarançılığa əsas yox imiş...

Aktual

13 İyul 2016, 15:40

Akif Cabbarlı


yaxud Köhlən at və üzüyola madyan haqqında hekayət

“Olur , olur, belə işlər də olur”

Qasım kişinin sağlıq durumu  artıq o vəziyyətə çatmışdı ki, tanış-bilişi, qohumları, iş yoldaşları və digər kateqoriyadan olan yaxınları son borclarını verirmiş kimi tez-tez xəstəni yoluxur, hal-əhval tutur, sanki nəslin ağsaqqalı ilə vidalaşırdılar da. Sənubər xanım da ərinin yanından çəkilmir, Qasımın öləziməkdə olan gözlərindən nə isə oxumaga çalışır, arabir son səfərə hazırlaşan kişisinə mənasız suallar da ünvanlayırdı. Növbəti sual da təklikdə verildi.

- Qasım can, mən ölüm düzünü desənə , heç mənə xəyanət eləmisənmi? Yarlı-yaraşıqlı oğlan olmusan dayna. Vəzifən olub, pula pul deməmisən, hər il də özüm səliqə ilə çamadanını hazırlayıb səni dünyanın ən gözəl kurortlarına yola salmırdımmı. Indi xəstəsən, inşallah sağalıb ayağa durarsan . Dünyadır da, bir də gördün, dilim-ağzım qurusun, olmadı elə-oldu belə. Ürəyini boşalt. Özün də rahat olarsan, mən də. Bir də ki, həyatdır da, hər cür sürprizlər olur. İndiyədək heç nə ilə maraqlanmamışam, indi nə bilim vallah, istəyirəm bəzi məsələləri özün açasan, mənim də ürəyim sakitləşsin. Vallah səni həmişə çox istəmişəm, evə gəlmədiyin günlərdə o qədər darıxmışam ki... Övladımız olmasa da fikir çəkməmişəm. Dünyanın ləzzətini ətrini-havasını səndən almışam həmişə.

 Sənubər xanım danışdıqca, Qasımın gözləri dolur, yanaqları aşağı yaş damcıları süzülürdü.  Əvvəldən kövrək olan kişi arvadının dirənişini yaxşı anlayırdı. Köhlən at kimi kişnədiyi dövrdə nəinki  evə-eşiyə, kabinetinə  heç bu boyda şəhərə də sığmazdı. Ayda iki-üç dəfə ezamiyyət adına Moskvaya, Riqaya, Kiyevə, bəzən də, Avropa ölkələrinə səfərə gedər, yayı da mütləq Karlovı Varıda, Trutskavetsdə, Maldiv adalarında keçirərdi.  Uzun müddət çəkən səfərlərin birində hətta Sənubər xanım da yanına gəlmiş, birgə xoş günlər keçirmişdilər. Xanım da tək gəlməmişdi, ərinin müavini “porsuq” Qulamla çıxmışdı Bodrum səfərinə. Qasımın canı bərk ağrıyırdı və heç kim də olmasa özü dəqiq bilirdi ki,  daha ayağa durası deyil. Uzun ömrün son akkordları vurulurdu,  Əzrayıl başının üstündə fır-fır fırlanırdı. Fikirləşdi ki, daha gizlədiləsi bir şey olmamalıdır. Başladı arvaddankənar görüşlərini bir-bir sadalamağa. Uzun bir siyahı alındı. Bu siyahıda kimlərin adı yox idi – qonşusu  Haykanuşun ərdən çıxmış qızı Zina, katibəsi Larisa, müavininin katibəsi Rimma, inistitituta  qəbul elətdirdiyi qonşusu Əzimin qızı Ədilə, getdiyi, dolaşdığı şəhərlərdəki mariyalar, qretalar, katyalar,  jozefinalar, cennilər, daha kimlər, kimlər... Hamısı haqqında ürəklə danışdı. Görüşlərinin təfərruatını tam açıqlığı ilə qoydu Sənubərin ovcuna. Dedi ki, arvad, qoy qəlbin rahatlansın. Sənin kişin elə-belə kişilərdən deyil. Ömrümü boş yerə xərcləməmişəm. Milli mənliyimi, ata-baba adətlərimizi qoruyub saxlamışam. Evə həmişə qalibiyyətlə, mərdi-mərdanə dönmüşəm. Heç vaxt hansısa köpək qızının yanında özümü  sındırmamışam, adımı, soyadımı xəcil eləməmişəm.

 Qasımın boğazı qurumuşdu. Sənubərin verdiyi limonlu suyu başına çəkdi. Dərindən köksünü ötürüb arvadına gözlənilməz bir sual verdi.

- Canım-gözüm Sənubər, bax mən hər şeyi açıqca danışdım. Özün demişkən ölüm-itim dünyasıdır. Şeytan hər kəsi yolundan azdıra bilər. Onsuz da bu yataqdan yolum birbaşa Yaşıltəpə qəbristanlığınadır. Neçə ildir bir yerdəyik, bir paduşkaya baş qoymuşuq. Bəlkə sən də məndən gizlin kimləsə... Qasım kövrəldi. Sözünün dalını deyə bilmədi. Sənubər ərinin başını köksünə sıxıb ahəstəcə dilləndi.

- Ey ay kişi, Allah sənin müavinin porsuq Qulamın canını sağ eləsin. Bilmirəm sən tapşırmışdın ya öz qanacağına, vallah sən şəhərdə olmayanda heç vaxt məni tək qoymayıb. Yadındadırsa bir dəfə Türkiyəyə sənin yanına gələndə də məni tək buraxmamışdı. Onun bir sözü mənə həmişə ləzzət eliyib. Deyir ki, mən müdirimin xətrini dünyalar qədər istəyirəm. Heç qoyarammı ki, o şəhərdə olmayanda əziz-xələf xanımı Sənubər bajı evdə tək qalıb darıxsın, qəribsəsin?! Sənin müavinin kimi deyə bilmərəm necə işçidir, amma...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!