Modern.az

Lahıca maşınla giriş qadağandırsa...

Lahıca maşınla giriş qadağandırsa...

Mədəni̇yyət

15 Avqust 2016, 12:55

Modern.az-ın əməkdaşı Azərbaycanın qədim memarlıq və turizm məkanlarından biri hesab olunan İsmayıllı rayonunun  Lahıc kəndində maraqlı bir halın şahidi olub.

Belə ki, əməkdaşımız tarixi-mədəniyyət incisi sayılan və turistlərin daha çox axın etdiyi Lahıca maşınla girişin mümkün olmadığı halda, hər avtomobildən 3 manat alınaraq, kəndə buraxıldığını müşahidə edib.

Avtomobillərin kəndin əsas turizm yerlərinə buraxılması qadağan olunduğu halda, Lahıcda bir qrup şəxs bu sahədə “biznes” açıblar.

Yəni o şəxslər Lahıcın tarixi, daş döşənmiş küçələrinə maşınla gələn turistləri 3 manata buraxırlar.

Məsələ ilə bağlı Modern.az saytı Mədəniyyət və Turizm Nazirliyinin İsmayıllı rayon şöbəsi ilə əlaqə saxlayıb.

Şöbə rəisi Azər Abbasov Modern.az-a açıqlamasında bunları deyib:

“Lahıc qəsəbəsinə maşınların girişi tam pulsuzdur. Bunun üçün heç kimdən pul tələb edilə bilməz və edilmir də.

Əgər maşınları saxlamaq üçün kimlərsə dayanacaqlara pul verirsə, bu, artıq başqa məsələdir”

A.Abbasov ümumiyyətlə maşınların Lahıcın turizm küçələrinə girməsi haqqında hansısa qadağanın olmadığını deyib.

 Bildirib ki, yalnız maşınlarını dayanacaqlarda saxlayanlar pul ödəyir və həmin məbləğdən də xəbəri yoxdur:

“Yəni elə dayanacaqlarda kim istəsə, şəxsi avtomobillərini saxlayır və ola bilsin ki, onlar da pul verirlər. Amma qəsəbənin içinə maşınla girmək pullu deyil, ödənişsizdir. Ancaq maşın sahiblərindən dayanacaqlarda nə qədər pul alınırsa, o artıq bizlik deyil”.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı