Modern.az

Üzeyir Hacıbəyliyə layiq mənəvi borc

Üzeyir Hacıbəyliyə layiq mənəvi borc

Ədəbi̇yyat

2 Sentyabr 2016, 11:03

Buludxan Xəlilov,  
filologiya üzrə elmlər doktoru,
professor


İmza müəllif haqqında çox şey deyir. Heç tanımadığın, üzünü görmədiyin, bir kəlmə kəsmədiyin imza sahibinin yazı-pozusunu izləməklə onu tanımalı olursan. Özü də elə-belə tanımırsan, onu dərindən tanıyanlar qədər tanıyırsan. Bunun bir çox səbəbləri içərisində biri də odur ki, yazı-pozuda müəllifin hissləri, duyğuları, ürək çırpıntıları, istənilən bir məsələyə baxışı, xarakteri, kimliyi və s. dil açıb danışır. Bu mənada Əminə Abbasova (Tuncay) uzun illərdir ki, məqalələri, şeirləri, dram əsərləri ilə diqqətimi cəlb edir. Onun Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi “Musiqi töhfələri” (Adiloğlu”, Bakı, 2013) kitabı uzun illər ərzində Əminə xanımın yazdıqlarının bir qisminin cəmidir. Burada toplanmış məqalələrin hər birində Əminə xanımın kimliyini, keçirdiyi hissləri, mühakimə qabiliyyətini, məsələləri analiz etmək istedadını, yazdıqlarında ürəklə təfəkkür vəhdətini görməmək mümkün deyildir. Həm də Əminə xanımın başqalarından və bir çoxlarından bir fərqi də tədqiq etdiyi, öyrəndiyi obyektin fəlsəfəsinə varmasıdır. Bu yol onun üslubunun bir özəlliyi olmaqla, heç şübhəsiz, fəlsəfə üzrə fəlsəfə doktoru olmasından qaynaqlanır. Təsadüfi deyil ki, o, Füzuliyə də, onun “Leyli və Məcnun” əsərinə opera yazan Üzeyir Hacıbəyliyə də oldquca məhəbbətlidir. Çünki onlardan biri sözün, digəri isə səsin, bəstənin möcüzəsidir. Bu möcüzələr birliyini dərk etmək elə də asan deyildir. Məhz Əminə xanım möcüzələr birliyini, onun fəlsəfəsini dərk edərək Füzuli və Üzeyir zirvəsinin fəlsəfəsini, Füzuli və Üzeyir zirvəsinin fəlsəfi dünyasını dəyərli fikirləri, sübutlu mühakimə və mülahizələri ilə açmağa nail olmuşdur. Onun Füzuliyə, Üzeyirə, “Leyli və Məcnun”a münasibətində həqiqət belədir: Füzuli sözə, Üzeyir həqiqi mənada böyük sənətə, Məcnun Leyliyə, Leyli isə Məcnuna sadiqdir. Əminə xanım isə bunların hər  birinin – dördünün də aşiqidir. Tərəddüd etmədən demək olar ki, Əminə xanım aşiq olanların – elmə, sənətə, şeirə, ədəbiyyata, insanlara aşiq olanların hər birinin aşiqidir. Məhz bu aşiqlik onu bir söz, düşüncə sahibi kimi sadiq olanlara bağlayır. O, sadiqləri özü axtarıb tapır. Bu cür Füzulini, Üzeyiri axtarır, araşdırır, “Leyli və Məcnun” dünyasının fəlsəfəsini tədqiq edir. Əminə xanım Füzulidən, Üzeyirdən, “Leyli və Məcnun”dan sadəcə olaraq bəhs etmir, onları duya-duya, sevə-sevə, sevinclərinə şadlana-şadlana, fəryadlarına və əzablarına nalə çəkə-çəkə müasirlərinin başa düşəcəyi bir fəlsəfəni ortalığa qoyur. Bu fəlsəfənin adı Füzuli ilə, Üzeyirlə, “Leyli və Məcnun”la birgə çırpınan fəlsəfədir. Belə bir fəlsəfəni hər qələm əhli yazdığı obyekt barədə yarada bilmir. Bunu yaratmaq üçün dövrün mənzərəsinə, mühitin və şəraitin reallıqlarına enməyi bacarmaq lazımdır. Əminə xanım bunu bacarır. O, hər birimizin müasiri olmaqla yanaşı, Füzulinin də, Üzeyirin də, “Leyli və Məcnun”un da müasiri ola bilir. Maraqlı orasıdır ki, o, eşqin əzəli və əbədi keyfiyyətlərini, sənətin, şeirin və ədəbiyyatın qeyri-adiliyini duya bilir. Və bu duyduqlarını hər bir kəslə bölüşməyə fürsət tapır, bu fürsəti heç nəyə qurban vermir. Heç nəyə qurban vermir deyəndə, bəlkə də onun zəhmətini bir az məhdudlaşdırmalı oluram. Ona görə də heç nəyə qurban vermir deyəndə, həm də zamana qurban verməməsini də nəzərə alıram. Axı Əminə xanım Füzulini də, Üzeyiri də, “Leyli və Məcnun”u da konkret bir zamanın əlindən alır, bütün zamanların ideallarına çevirir. Odur ki, Əminə xanım “Leyli və Məcnun”u əbədiləşdirən Füzulini, Füzulini “Leyli və Məcnun” operası ilə əbədiləşdirən Üzeyir Hacıbəylini əbədiləşdirməklə yanaşı, özünün də ədəbiyyatın ədəbi üfüqlərindəki mövqeyini yaşadır.

Əminə xanım təkcə ədəbiyyat adamı deyil, təkcə ədəbiyyatın fəlsəfəsinə varan düşünə sahibi, qələm əhli deyil, həm də musiqini duyan, sevən, muğamlarımızı bilən nazik qəlbli, kövrək duyğulu bir insandır. Onu Üzeyir Hacıbəyliyə bağlayan bir cəhət də musiqiyə olan məhəbbətidir. Axı Üzeyir Üzeyir olmasına görə musiqiyə borcludur. Əgər musiqi olmasaydı, Üzeyir kimi bir fenomen yetişə bilərdimi?! Həm də musiqi və Üzeyir olmasaydı, Əminə xanım daha nədən yazardı?! Yəqin ki, yazdıqları az olmazdı. Ancaq musiqi barədə, Füzuli barədə, Üzeyir barədə yazdıqlarından məhəbbətli olmazdı. Əminə xanımın musiqi duyumu onu Füzuli ilə yanaşı, Üzeyir Hacıbəyliyə də, onun “Leyli və Məcnun” operasına da məhəbbətli, sayğılı və qayğılı edir.



Əminə xanıma görə, Füzuli də, Üzeyir də bir ağacın gövdəsindən ayrılmış budaqlardır. Həmin budaqlar eyni gövdədən ayrılsalar da, onların yaş fərqi var, dövr fərqi var, zaman fərqi var. Ancaq onların hər ikisi üçün eyni əsas, eyni qaynaq var ki, onu unutmaq olmaz. Əsl mətləbin də burasında olduğunu duyan Əminə xanım Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasna haqlı olaraq bir hadisə kimi yanaşır. Yenə də “Leyli və Məcnun” operasının fəlsəfəsində muğamların oynadığı rola diqqət yetirir. Üzeyir Hacıbəylinin operanı yazanda 23 muğamdan istifadə etdiyi diqqət mərkəzində saxlanılır. Bu muğamların operanın məzmunundan başlamış ta ruhuna qədər hopduğunu əsaslandırır. Bir musiqişünas kimi məsələlərə yanaşır. “Mahur-Hindi”, “Şikəsteyi-fars”, “Mübərriqə”, “Çargah”, “Müxalif”, “Mənsuriyyə”, “Simai-Şəms”, “Hicaz”, “Sarənc”, “Şur”, “Kürd-Şahnaz”, “Zəmin-xara”, “Qatar”, “Pəngigah”, “Tərkib”, “Bayatı-Şiraz”, “Bayatı-Kürd”, “Pəncigah”, “Rast”, “Əraq”, “Kabili”, “Arazbarı”, “Osmanı”, “Segah”, “Xaric segah” muğamlarının “Leyli və Məcnun” operasında çalındığı məqamlar xüsusilə yerli-yerində göstərilir. Həm də “Leyli və Məcnun” operasında istifadə olunan muğamların lüğətini verməklə Əminə xanım oxucuya bir müəllim kimi pedaqoji ustalıq nümayiş etdirir. 24 muğamın (“Mahur-Hindi”, “Şikəsteyi-fars”, “Mübərriqə”, “Çargah”, “Müxalif”, “Mənsuriyyə”, “Simai-Şəms”, “Hicaz”, “Şur”, “Zəmin-xara” və s.) mənası, onların bir çoxlarının şöbələri, hansı məqsədlə və hansı məqamda işlənmələri izah olunur. Eyni zamanda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında bu muğamların hansı məqamlarda istifadə etməsinin səbəbi, əslində isə fəlsəfəsi aydınlaşdırılır. Bundan başqa, bu muğamların işləndiyi məqamların özü də əhəmiyyətli dərəcədə izah olunur. Bu da muğamın tarixinə işıq salmaqla bərabər, həm də onun bugünkü həyatımızda oynadığı rola dəyər verməkdir. Əminə xanım bu dəyəri elə zərif, incə, aydın və dəqiq təqdim edir ki, oxucu həm Füzulinin “Leyli və Məcnun” əsərinə, həm Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasına, həm də muğamlara olan müqəddəs münasibətin səviyyəsini birə-beş qat artırır. Bunu bir tərəfdən Füzulinin, Üzeyir Hacıbəylinin sənətkarlığının müqəddəsliyi ilə bağlamaq olarsa, ikinci bir tərəfdən, Əminə xanımın aydın və sadə bir dildə təqdimatı ilə əlaqələndirmək olar. İstənilən bir məlumatı sadə və aydın dildə təqdim etməyin özü də bir elmdir. Əminə xanım bu mənada da Füzulinin və Üzeyir Hacıbəylinin sənətkarlığının fəlsəfəsini oxucuya çatdırmaq üçün sadə və aydın dildə izah etməyə üstünlük verir. Məsələn, o qeyd edir ki, “segah” fars sözüdür və “se” üç, “gah” mövqe, məkan, vəziyyət deməkdir. Segah muğamı Yaxın və Orta Şərq xalqlarının musiqisində çox işlənən muğamlardan biridir. Əminə xanım yazır: “...  “Segah” bir məqam kimi də Azərbaycan musiqisində mühüm yer tutur. “Azəri xalq mahnıları”, “Oyun havaları”, eləcə də aşıq musiqi yaradıcılığına mənsub musiqi forma və janrlarından bir çoxu məhz “Segah” muğamı kökündə yaranmışdır. Yaxın və Orta Şərq ölkələri musiqisində “Segah” yalnız tək bir növdən ibarət olduğu halda, azəri musiqisində “Segah”ın əsas etibarilə 3 növü vardır. 1. Zabul segah”, 2. Xaric segah”, 3. “Mirzə Hüseyn segah”ı. Əminə xanımın muğamlar barədə söylədiyi fikirlərin dəqiqliyi həm də oradan qaynaqlanır ki, o, Üzeyir Hacıbəylinin musiqi ilə əlaqədar müxtəlif illərdə yazdığı məqalələrini bir-bir oxumuş, bir çox mətləbləri əxz etmiş, nəticədə zəngin bilgilərə sahib olmuşdur. Əminə xanım Üzeyir Hacıbəylinin musiqini böyük sərvət hesab etməsini, Avropa musiqisinin elmi-nəzəri cəhətdən öyrənilməsinə xüsusi diqqət verməsini, Azərbaycan xalq musiqisinin əsasları üzərində irəli getməyin vacibliyini müdafiə etməsini yüksək qiymətləndirir. O, Üzeyir Hacıbəyliyə, daha doğrusu, onun musiqimizə verdiyi töhfələrə nə qədər qiymət verirsə, bir o qədər də Üzeyir Hacıbəyli ocağının yetirmələrinə qiymət verir. Məsələn, Niyazinin sənətkarlığının bünövrəsinin Üzeyir bəydən gəldiyini deyir. Onu Üzeyir ocağının dahi bəstəkarı hesab edir. Üzeyir bəyin “Koroğlu” operasını məhz Niyazinin dirijorluğunda möhtəşəm göründüyünü qeyd edir. Əminə xanımın hazırlığı, potensialı imkan verir ki, o, Üzeyir bəylə Niyazi arasında bir paralellik aparsın. O, bu paralelliyi aparır və qənaəti belə olur ki, Üzeyir bəydə bəstəkar-dramaturq vəhdəti, Niyazidə isə dirijorluq – bəstəkarlıq vəhdəti vardır. Eyni zamanda Niyazi də Üzeyir bəy kimi dünya miqyasına çıxa bilmişdir. Ancaq Üzeyir bəy də, Niyazi də böyük sənət əsərlərini milli kökə sadiqlik, vətəninə, dilinə, dininə, tarixinə, milli ruhuna bağlılıqla yazıb yaratmışlar. Əminə xanım Üzeyir Hacıbəylinin kimliyini təqdim edərkən maraqlı bir metoddan istifadə edir. Bu da müqayisə metodudur. Ancaq bu müqayisə qarşılaşdırmaqdan daha çox üstün cəhətlərin, keyfiyyətlərin çatdırılması üzərində qurulur. Məsələn, o, Üzeyir Hacıbəyli ilə Səməd Vurğunun musiqi haqqındakı mülahizələrini qarşılaşdırmaqla bu istedad sahiblərinin musiqi zövqlərini və bu zövqün səviyyəsini oxuculara çatdırmaq istəyir. Hər bir vətəndaş, oxucu, azərbaycanlı Üzeyir bəyin də, Səməd Vurğunun da istedad sahibi olduğunu bilir. Ancaq hər iki istedadın istedad zövqlərinin yaxınlığını, səviyyəsini müqayisə yolu ilə təqdim etməyin özü də bir istedaddır. Bax Əminə xanım bunu bacarır. Bu yolu tapmaq qabiliyyətinə malikdir. Bir daha qeyd edək ki, bu qabiliyyətin özü də bir istedaddır. Bir sözlə, Əminə xanım istedadlı adamları birləşdirən elə incə məqamları diqqət mərkəzində saxlayır ki, onu başqalarının bilməsi əsas mətləbi başqalarına, hər bir kəsə anladır. Məsələn, Üzeyir bəyin də, Səməd Vurğunun da ən yaxın səciyyəvi cəhətlərinin xəlqilik, realizm, sadəlik, səmimilik, xalq ədəbiyyatına bağlılıqdan ibarət olmasıdır. Əminə xanıma görə, Səməd Vurğun şeir və məqalələrində böyük xalq xanəndəsi Cabbar Qaryağdıoğluya, Bülbülə, Həqiqət xanım Rzayevaya, Xan Şuşinskiyə böyük qiymət vermişdir. Səməd Vurğun Azərbaycan musiqisinin muğam üzərində qurulduğunu bir həqiqət kimi qəbul etmişdir. Bu həqiqət, təbii ki, həm də Üzeyir bəyin qəbul etdiyi həqiqət idi. Və həmin həqiqət də Üzeyir bəylə Səməd Vurğunu yaxınlaşdırır, dostlaşdırır, zövqləri arasında yaxınlıq yaradırdı. Təkcə bumu? Digər çoxlu arqumentlər var. Birisi də odur ki, Səməd Vurğun ədəbiyyatı musiqi ilə, böyük orkestrlə, iri həcmli simfoniyalarla müqayisə etmişdir. Üzeyir bəy də simfoniyalarda müxtəlif musiqi alətlərinə – tara, kamançaya, skripkay, pianinoya və s.-yə yüksək qiymət vermişdir. Səməd Vurğun hər bir yazıçının, şairin özünəməxsus bir səsi olduğunu (söhbət yaradıcılıqdan gedir), Üzeyir bəy də hər bir musiqi alətinin öz səsi olduğunu dəyərləndirmişdir. Bax bunlar və qeyd olunmayan bir çox məsələlər Üzeyir bəylə Səməd Vurğunun müstəsna zövq sahibi olduqlarını təsdiqləyən detallar kimi Əminə xanım tərəfindən qabarıq şəkildə oxucuya çatdırılır. Əminə xanım çoxlarına adi görünən elə məqamları fakt kimi göz önünə gətirir ki, onlar oxucunun yaddaşına yaxşı mənada təsir edir, oxucunun yaddaşında dərin iz buraxır. Məsələn, Əminə xanım Yusif Səmədoğlunun dediklərinə istinad edir: “Bir dəfə S.Vurğun Üzeyir Hacıbəyliyə söyləyir ki, “Suliko” “Yetim Segahı” muğamı üzərində qurulmuşdur. Bundan sonra şair “Segah” ilə “Suliko” mahnısının ayrı-ayrı yerlərini ifa edərək müqayisə edir və öz fikrini sübuta yetirirdi. Üzeyir bəy Səmədi diqqətlə dinlədikdən sonra və onun fikrinin doğruluğuna inandıqdan sonra deyir ki, Səməd, “doğurdan da sən müstəsna zövqə və həssaslığa malik insansan” deyə, onun fikrini təsdiq etmişdir”.

Əminə xanım “Üzeyirin ölməzlik xəyalı”nı onun yaradıcılığına söykənərək müasir oxuculara təəssübkeşliklə çatdırır. Müasir oxucular deyəndə onu nəzərdə tuturam ki, müasir dünyanın dəyişməsi nəticəsində müasir oxucular formalaşıbdır. Onların tələbatları, zövqləri, həyata baxışları, dəyərlərə qiymətləri də müxtəlifdir. Bunları öz tələbatlarının, zövqlərinin, həyata baxışlarının, dəyərlərə qiymətlərinin imkanlarına buraxmaq olmaz. O qədər də asan başa gəlməyən bu iş güclü səy, zəhmət tələb edir. Bu səyə, zəhmətə qatlanmaq isə vətənpərvərlik, vətəndaşlıq, ləyaqət işidir. Əminə xanım vətənpərvərlik, vətəndaşlıq, ləyaqət mövqeyindən çıxış edərək Üzeyir bəyi müasir oxucuların, müasir nəslin yaxından tanıması üçün əlindən gələni əsirgəmir. Üzeyir bəyin nadir musiqi sənətinin ölməzliyinin bütün göstəricilərini qeyri-adi bir zövqlə müasirləri ilə bölüşür. Həmin müasirlər içərisində, təbii ki, gənclər, gənc oxucular da vardır. Onları Üzeyir Hacıbəyli ilə bağlı məlumatlandırmaq Əminə xanımın öhdəsinə düşmüşdür ki, o, bu missiyanı mənəvi bir övlad borcu kimi yerinə yetirir.

Əminə xanım Üzeyir Hacıbəyliyə Azərbaycan xalqının tarixboyu yetişdirdiyi müqəddəs övladlarından biri kimi yanaşır. Onun fəaliyyəti ilə yanaşı, doğum gününü də müqəddəs gün hesab edir. Sentyabr ayının 15-nin, yəni Üzeyir Hacıbəylinin doğum gününün ölkədə Milli Musiqi Günü kimi qeyd olunduğunu fəxarətlə  qeyd edir.

Əminə xanım Üzeyir Hacıbəylini konkret əməli faktlarla, daha doğrusu, Üzeyir Hacıbəylinin əməli fəaliyyəti ilə başqalarına sevdirir. Oxucunu inandırır ki, XX əsr musiqisi və teatr tarixi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Şərqdə ilk operanın yaradıcısı da odur. “Sənsiz” və “Sevgili canan” romansları, Böyük Vətən Müharibəsi illərində “Çağırış”, “Yaxşı yol”, “Anasının oğluna məktubu”, “Şəfqət bacısı”, “Döyüşçülər marşı” və digər vətənpərvər ruhlu mahnılar, xalq çalğı alətləri orkestri üçün “Cəngi” pyesi, “Vətən və cəbhə” kantatası Üzeyir Hacıbəyli yaradıcılığının məhsuludur. Doğrudan da, Üzeyir Hacıbəyli Azərbaycan, bütövlükdə Şərq musiqisi mədəniyyətinin tarixində yeni-yeni səhifələr açıbdır. Təkcə bunu qeyd etmək kifayətdir ki, o, Azərbaycanın ilk himninin müəllifidir. Üzeyir Hacıbəyli ictimai-siyasi maarifçilik sahəsində qeyri-adi qələm sahibidir.

Əminə xanımın Üzeyir Hacıbəylinin yaradıcılığına olan qədirbilənliyinin bir məqamı da vardır. Bu da onunla bağlıdır ki, operaların hər birindəki obrazların (məsələn, “Leyli və Məcnun” operasında Leyli, Məcnun və digərləri, “Əsli və Kərəm”də Əsli, Kərəm, “Arşın mal alan” da Gülçöhrə və digərləri, “O olmasın, bu olsun”da Gülnaz və başqaları və s.) mahir ifaçıları olmuşdur və gələcəkdə də olacaqdır. Onların hər biri sənət yollarında addımlayaraq öz dəstxətlərini yaratmışdır. Və buna görə də onlar Üzeyir Hacıbəylinin yazdığı operalara borcludurlar. Deməli, Üzeyir Hacıbəyli öz yaradıcılığı ilə imkan yaratmışdır ki, istedadlı aktyorlarımız tarixə düşsünlər. Əminə xanım bu məqamlara da öz diqqətini hakim kəsdirir. Heç şübhəsiz ki, onun Üzeyir Hacıbəyliyə olan dərin məhəbbətinin nəticəsidir ki, “Koroğlu” eposuna, onun ilk tədqiqatçısı Vəli Xulufluya, dillərdə dastan olan Koroğlu qalalarına üz tutur, tədqiqat işləri aparır. Və hər dəfə də öz duyğu və düşüncələrinə faktları əlavə edərək oxucu üçün maraqlı olan həqiqətləri təqdim edir. Onun Üzeyir Hacıbəylinin xidmətlərinə, o cümlədən musiqi sahəsindəki xidmətlərinə olan dərin məhəbbətinin sayəsində araşdırmalarından yeni-yeni qollar ayrılır. O, Əhməd Bakıxanovun musiqi sahəsindəki xidmətlərini tədqiq edir, daha qədimlərə gedərək Nizami yaradıcılığında musiqinin vəsfinə diqqət yetirir. Eyni zamanda musiqi ahəngindən, avazdan, musiqi pərdələrindən, sazdan, şeypurdan, uddan, təbil alətindən, kanondan, kamançadan bəhs edir. Ozan-aşıq şeirinin zirvəsi olan Aşıq Ələsgərin yaradıcılığının fəlsəfəsini öyrənir. Aşıq Alıdan, Aşıq Şakirdən, qara zurnadan, Qara Qarayevdən, folkorşünaslığımızın inkişafında xidmətləri olan Qəzənfər Paşayevdən, Azərbaycan musiqisinin parlaq siması olan Ələkbər Tağıyevdən, görkəmli kamança ustası Habildən, Opera və Balet Teatrından, Şamaxıdakı musiqi məclislərindən – daha kimlərdən, nələrdən bəhs edir ki, bunların hamısı eyni ruhun daşıyıcıları kimi Əminə xanımı rahat buraxmayan dəyərlərdir. Əminə xanım çox yaxşı bilir ki, bunlar əbədiyyətə vəsiqə almış dəyərlərdir. Ona görə də onların hər birindən ürəklə yazır, ürəyinin yağını əridərək yazır, sevə-sevə, duya-duya, öyrənə-öyrənə yazır. Və ən nəhayət, yazdıqları ilə oxucusunu öyrədir. Əgər istənilən bir yazı, məqalə, araşdırma və s. oxucunu öyrətmirsə, o, ölü bir yazı, məqalə, araşdırma  kimi qalır. Ancaq öyrədən yazı, məqalə, araşdırma və s. diridir. O, hər an, hər dəqiqə yaşayır, başqalarının karına gəlir. Bu mənada Əminə xanımın yazıları, məqalələri, araşdırmaları diridir, faydalıdır və gərəklidir. Onun yazdıqları, araşdırdıqları mədəniyyətə, ədəbiyyata, sənətə, musiqiyə bağlı olan hər bir kəsin faydalana biləcəyi mövzulardır. O, çalışır ki, yazdıqlarının hər birində başqalarından fərqlənərək yeni bir səhifə açsın, yeni bir zirvəni fəth etsin. Bununla da gələcəkdə onun yazdığı mövzularda yazacaq tədqiqatçıları məsuliyyətə çəkir. Onların msuliyyətini birə-yüz qat artırır. Bu da onun yaradıcılığının özəl xüsusiyyəti kimi diqqəti cəlb edir. Əminə xanımın ən üstün cəhətlərindən biri olaraq onu başqalarından fərqləndirir. Seçilənlər cərgəsində olmaq statusunu verir.

Əminə xanıma yaradıcılıq yollarında uğurlar arzulayırıq. İnanırıq ki, o, böyük şövq və enerji ilə yazıb yaradacaq, ədəbiyyatımıza, mədəniyyətimizə yeni-yeni töhfələr verəcəkdir.


30.08.2016-cı il

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı