Modern.az

ANS-lə bağlı yekun qərarın veriləcəyi tarix məlum oldu

ANS-lə bağlı yekun qərarın veriləcəyi tarix məlum oldu

Media

8 Sentyabr 2016, 12:18

Bu gün Ali Məhkəmədə "ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərarı ilə bağlı kassasiya şikayətinə baxılıb.

Modern.az xəbər verir ki, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə kassasiya şikayətini icraata götürüb.

Prosesdə tərəflərin və vəkillərin orderləri araşdırılıb.

ANS TV ilə bağlı yekun qərar sentyabrın 15-i saat 12.00-da veriləcək.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev məsələ ilə bağlı deyib:

”Gördüyünüz kimi bütün ANS-in əməkdaşları bir nəfər kimi bura yığışıb. Ona görə ki, ANS bir kollektiv olaraq Ali Məhkəminin bu uzanan məsələ üzrə ədalətli qərar qəbul edəcəyinə və ANS-in öz yayımını bərpa edəcəyinə inanır. Mən siyasətçi deyiləm, əsgərəm və Ali Baş Komandana tabeyəm. O isə bir prezident olaraq ölkədə qanunlar və konstitusionallığın təminatçısıdır”.

Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.


Daha sonra MTRŞ “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır