Modern.az

Bakıdakı hansı universitetlər xarici müəllimləri işə dəvət edib?

Bakıdakı hansı universitetlər xarici müəllimləri işə dəvət edib?

Təhsil

22 Sentyabr 2016, 12:40

Universitetlərdə dərs demək  üçün hər il xarici ölkələrdən müəllim heyəti dəvət olunur. Bəs bu il vəziyyət necədir?!

 

Ənənə davam etdirilirmi?

 

Modern.az saytı mövzu ilə bağlı bir neçə universitetlə əlaqə saxlayıb.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfaqət Kazımova deyir ki, adıçəkilən universitetdə xarici dilin yüksək tədrisi həyata keçirilir.

“Ölkəmizdə həyata keçirilən təhsil islahatlarına görə ən öncül universitetlərdən olan ADU Azərbaycanda xarici dil, o cümlədən müxtəlif sahələr və beynəlxalq münasibətlər, həmçinin tərcümə sahəsində peşəkar mütəxəssislər hazırlayan universitetdir. Beynəlxalq əlaqələrin genişlənməsində maraqlı olan ADU bu sahənin inkişafında nailiyyətlər əldə edib. Öndə gedən ali təhsil müəssisəsi dünyanın 15-dən çox ölkəsinin 23 müxtəlif ali məktəbi ilə ikitərəfli əlaqələr qurub, müqavilələr imzalanıb.

ADU bakalavr səviyyəsində Avropa universitetləri ilə ikili diplom layihəsinin əsasını qoyub. Böyük Britaniyanın Esseks, Bradford, İpsviç, Qlazqo, Cardiff, Saffolk universitetləri ilə əməkdaşlığı mövcuddur. Dillər Universitetində beynəlxalq layihələrin başladılması və yürüdülməsində aktiv iştirak edən dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. ADU-nun İtaliyanın Perucia və Milan Tərcüməçilik İnstitutu, Venesiya və Siena universitetləri, həmçinin Koreyanın Hankuk Universiteti (HUFS), Türkiyənin Hacəttəpə və Ankara, Yunanıstanın Milli və Kapodistrian Universiteti, Fransanın Strasburq Universitetinin Beynəlxalq Əlaqələr və Tərcüməçilik İnstitutu, Macarıstanın Ballasi İnstitutu ilə ikitərəfli əlaqələri var.

Bundan başqa, ÇXR-in Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) ADU ilə əməkdaşlığı çərçivəsində universitetimizdə Konfutsi İnstitutu açılıb. ADU, o cümlədən Polşanın Lublin, Sileziya və Lodz, İsrailin Hayfa, Tel-Aviv, Hindistanın Pune, Cəvahirləl Nehru adına universitetləri ilə tələbə mübadiləsini yüksək səviyyədə həyata keçirir, tələbələr müxtəlif proqramlar çərçivəsində İndoneziya və Malayziyaya göndərilir. Müxtəlif ölkələrlə imzalanmış müqavilələrə əsasən mübadilə ikitərəflidir. Əməkdaşlıq çərçivəsində dil tədrisi üçün universitetə Cənubi Koreya, ABŞ, Polşa, Macarıstan, İspaniya, İtaliya, Çin və Fransadan akademik heyət üzvləri də universitetimizə elmi və pedaqoji fəaliyyət məqsədləri ilə səfər edirlər.

Hazırda Dillər Universiteti xarici universitetlərlə rəqabət aparacaq iqtidardadır”.

 

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova da xaricdən təşrif buyuran müəllim heyətinin olduğunu deyib.

 

“Bu il BANM-ə 2016-2017-ci tədris ilində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının proqramı çərçivəsində bir sıra fənlərin tədrisinə cəlb etmək üçün Bolqarıstan Respublikasından yüksək ixtisaslı müəllim dəvət olunub”.

Azərbaycan İqtisad Universitetinin (UNEC) Marketinq və Kommunikasiya Departamentinin direktoru Rasim Şərifov də xarici müəllimlərin gəlməsini istisna etməyib.

“İqtisad universitetinə hələ ki, xaricdən müəllim heyəti dəvət olunmayıb. Adətən, xarici müəllimlər oktyabr ayında bura gəlir və tələbələrə dərs tədris edirlər. Ümumiyyətlə, İqtisad universitetinin özəlliklərindən biri də odur ki, biz xarici ölkələrdə təhsil alan gənc müəllimlərə üstünlük veririk. Çünki onlar dünyanın nüfuzlu universitetlərində təhsil alaraq vətənə dönürlər. Biz də onları həm işlə təmin edirik, həm də universitetin müəllim heyətini gənckadrlarla zənginləşdiririk”.

 

Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı